“Freedom House Azərbaycala bağlı çox obyektiv reallığı ortaya qoyub” - Ələsgər Məmmədli

23-09-2021, 16:51           
“Freedom House Azərbaycala bağlı çox obyektiv reallığı ortaya qoyub” -
Azərbaycanda internet azadlığı ilə hansı problemlər var və bu problemlər tamamilə hökumətdən qaynaqlanırmı?..

Media üzrə mütəxəssis: “Freedom House beynəlxalq hüquq müdafiə təşkilatının hesabatı ilə tanış oldum. Əslində çox təəsüf edirəm ki, bu hesabat obyektiv reallığı ortaya qoyub”.

“2017-ci ildə qanunvericiliyə sərt dəyişikliklər ediləndən sonra, xüsusilə məhkəmə qərarı olmadan inzibati orqanlara, icra orqanlarına internet resurslarını bloklamaq imkanının verilməsi, daha sonra isə bunun daha sıx tətbiq olunması məhkəmə orqanının notariat rol oynadığını, heç bir mühakimə prosesini aparmamasını ortaya qoydu və bu nəticənin də bu gün üçün ortaya çıxmasına səbəb oldu”.

Bu sözləri media üzrə mütəxəssis Ələsgər Məmmədli Freedom House beynəlxalq hüquq müdafiə təşkilatının yaydığı hesabatda Azərbaycanı internet baxımından azad olmayan ölkələr sırasına salmasın səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 21-də illik “İnternet Azadlığı 2021” hesabatını dərc edib. Hesabatda dünyanın 6 regionunda 70 ölkədə İnternet azadlığı sahəsində vəziyyət təhlil edilir. Freedom House son 11 il ərzində qlobal azadlıığın pisləşdiyini qeyd edir.

Azərbaycan 35 balla yenə internetin azad olmadığı ölkələr siyahısına daxil edilib. Azərbaycanla birlikdə Qazaxıstan (33), Belarus (31), Rusiya (31) və İran (16) da bu kateqoriyaya aid edilib. Gürcüstanın 77, Ermənistanın 71 balı var və bu ölkələrdə vəziyyət daha yaxşıdır.

Azərbaycanda internet azadlığı ilə hansı problemlər var və bu problemlər tamamilə hökumətdən qaynaqlanırmı?

Azərbaycanın internet problemlərini PİA.az-ın əməkdaşı media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli ilə müzakirə edib.

Ələsgər Məmmədli: “Azərbaycanın 2017-ci ilə qədər balları 40-dan yuxarı olurdu. Buna görə də Azərbaycan azad olmayan ölkələr sırasına deyil, qismən azad olmayan ölkələr sırasına düşürdü”.

Azərbaycanın internetin surətinə görə dünya ortalamasından beş dəfə geri qalmasını nəzərə çatdıran media üzrə mütəxəssis PİA.az-a bildirib ki, dünya ortalamasından 30 meqabit saniyə olan internet surəti bizdə 6 meqabit saniyə ətrafındadır:

“Freedom House beynəlxalq hüquq müdafiə təşkilatının hesabatı ilə tanış oldum. Əslində çox təəsüf edirəm ki, bu hesabat obyektiv reallığı ortaya qoyub. Həm də təssüf edirəm ki, biz həmin obyektiv reallıqda azad olmayan ölkələr kateqoriyasına düşmüşük.

Əslində bu öncədən bəlli idi. Çünki Azərbaycanın 2017-ci ilə qədər balları 40-dan yuxarı olurdu. Buna görə də Azərbaycan azad olmayan ölkələr sırasına deyil, qismən azad olmayan ölkələr sırasına düşürdü. 2017-ci ildə qanunvericiliyə sərt dəyişikliklər ediləndən sonra, xüsusilə məhkəmə qərarı olmadan inzibati orqanlarına, icra orqanlarına internet resurslarını bloklamaq imkanının verilməsi, daha sonra isə bunun daha sıx tətbiq olunması məhkəmə orqanının notariat rol oynadığını, heç bir mühakimə prosesini aparmamasını ortaya qoydu və bu nəticənin də bu gün üçün ortaya çıxmasına səbəb oldu.

Ələsgər Məmmədli: “Yenə Azərbaycan region ölkələrində hamıdan geridədir. Bu da çox üzücüdür”.

Azərbaycan son vaxtlar internet məsələsində çox surətlə geriləyib. Bir neçə gün öncə məlum oldu ki, Azərbaycan internetin surətinə görə dünyada 102-ci yerdən 167-ci yerə qədər geriləyib. Həm də Azərbaycan internetin surətinə görə dünya ortalamasından beş dəfə geri qalır. Dünya ortalamasından 30 meqabit saniyə olan internet surəti bizdə 6 meqabit saniyə ətrafındadır.

Yenə Azərbaycan region ölkələrində hamıdan geridədir. Bu da çox üzücüdür. Çünki birincisi infrastruktur qurulmur. Burada da dövlətin çox böyük öhdəliyi var. İnfrastruktur yaratmaq, xüsusilə regionların surətli internetə çıxış imkanları yoxdur.

İkincisi internet təchizat edən qurumlara, istər provayderlər olsun, istərsə də operatorlar olsun, onlara müxtəlif filter proqramları tətbiq olunaraq internetin surətinin çox zəiflədilməsidir. Xüsusilə keçən il müharibə dövründə tətbiq olunan filter prosesi bu gün üçün daha da vahim bir duruma gəlib. İnternet surəti tez-tez kəsilir. Baxmayaraq ki, keyfiyyətli internet də ala bilmirik.

Hökumət isə nə bu bazarı liberallaşdırmır, nə bu bazardakı monopoliyanı aradan qaldırmır, nə də zəruri infrastruktura investisiyalar qoyub suni maneələri aradan qaldırmır. Bu da böyük problem yaradır və internet azadlığına mənfi təsir edir.

Biz diqqət etsək hesabatda Gürcüstanda, Ermənistanda internetə görə yüksək balların olduğunu görəcəyik. Bunun səbəbi həmin ölkələrdə internetə suni müdaxilələrin az olması, məhkəmə qərarı olmadan internetə blok qoyula bilməməsi, bloklanma hərəkətlərinin, xüsusilə alternativ informasiya resurslarının bloklanması məsələsində bizdəki qədər müdaxilələrin olmamasıdır.

Bu baxımdan bir an öncə hökumətdə bu istiqamətdə yeni bir açılım vacibdir. Bu açılım həm hüquqi mühitin liberallaşdırılması və zəruri olmayan, eyni zamanda beynəlxalq standartlara uyğun olmayan məhdudiyyətlərin aradan qaldırılmasıdır. Bu vacib elementdir. Bununla bağlı artıq ciddi məhkəmə mübahisələri Avropa məhkəməsinə də gedib. Çox təəssüf edirəm ki, onların hamısı da pozuntu kimi geri qayıdacaq. Bu da ölkənin imici baxımından yaxşı deyil.

Ələsgər Məmmədli: “Bu problemlərin aradan qaldırılmasında nəinki hökumətin yeri və rolu var, hətta burada birbaşa hökumətin üzərinə düşən məqamlar həddən artıq çoxdur”.

İkinci önəmli məqam praktiki olaraq problemləri həll etməkdir. Yəni bu sahədə dövlətin monopoliyanı aradan qaldırılmalıdır. Özəl sektorlar inkişaf etdirilməlidir. Bu gün üçün ən böyük mobil operator hələ də dövlətin əlindədir. Yəni Azercellin 50-i faizindən çoxu dövlətə məxsusdur. Digər operatorların lisenziya almasında faktiki olaraq suni monopoliya yaradılır. Onlar da internetin surətində regionda ən bahalı və ən zəif interneti təqdim edir.

Digər bir məsələ isə kontentə müdaxilə məsələdir. İstər sosial şəbəkələrə, istərsə də internet media resurslarına məhkəmə qərarı olmadan çox surətlə müdaxilələr ola bilər. Bunlar da internetin azadlığı baxımından mənfi təsir göstərən statistikları formalaşdırır. Buna görə də bu problemlərin aradan qaldırılmasında nəyinki hökumətin yeri və rolu var, hətta burada birbaşa hökumətin üzərinə düşən məqamlar həddən artıq çoxdur. Bu istiqamətdə həm hüquqi mühiti, həm də praktiki vəziyyəti yaxşıdırmaq hökumətin əlində olan məsələdir.

Hökumət bu hesabatı Freedom House yayıb deyə bayağı ifadələrdən uzaq durmalıdır. Hamı bilir ki, Freedom House müharibə vaxtı əleyhimə olmuşdu. Freedom House hansısa hesabatında obyektiv olmaya bilər, amma bu hesabatında çox obyektiv reallığı ortaya qoyub. Buna görə də biz hesabatın kim tərəfindən yayılmasına yox, orada yayılan məlumatın nə qədər doğru olub-olmadığına baxaraq problemlərimizi düzəltməliyik”.

Nərminə UMUDLU
pia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.