HƏDSİZLİK: Rusiya MN Tərtərin Qapanlı kəndini də məsuliyyət zonasına daxil etdi... - NƏ BAŞ VERİR?

27-09-2021, 09:10           
HƏDSİZLİK: Rusiya MN Tərtərin Qapanlı kəndini də məsuliyyət zonasına daxil etdi... - NƏ BAŞ VERİR?
10 noyabr üçtərəfli razılaşmasına əsasən Azərbaycan Respublikası ərazisinin hazırda ermənilər yaşayan əraziləri, o cümlədən Laçın rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingenti heç bir əsas olmadan Tərtər rayonunun Qapanlı kəndini də məsuliyyət zonasına daxil edib.


Moderator.az xəbər verir ki, bu, Rusiya MN-in rəsmi saytındakı sülhməramlı(?) birləşmələrin məsulliyyət zonası, dislokasiyası və patrul marşrutlarını əsk etdirən 26 avqust 2021-ci ilə aid xəritədən bəlli olub. Həmin xəritədə Tərtər rayonunun Qapanlı kəndi Rusiya hərbi birləşmələrinin patrul marşrutuna da daxil edilib.

Rusiya hərbçilərinin Qapanlı kəndinə daxil olub-olmadıqları haqda heç bir tərəfdən rəsmi məlumat yoxdur. Lakin bəhs edilən xəritə göz önündədir...


Belə ki, indiyədək sözügedən gündəlik xəritələrdə istər Rusiya hərbi kontingentinin məsuliyyət zonasında, istərsə də həmin zonadan kənarda Qapanlı kəndi qeyd edilməyib.

Maraqlıdır ki, demək olar, Rusiya MN-in 2020-ci il noyabrından 12-dən bəriki bütün xəritələrində rəsmi inzibati ərazilərinin bir hissəsi hələ də Rusiya hərbi kontingentinin himayəsindəki erməni silahlı birləşmələrinin nəzarətində olan Kəlbəcər, Ağdam və Tərtər rayonlarından yalnız Tərtər rayonunun adı “sülhməramlı”ların məsuliyyət zonasında göstərilir. Belə ki, həmin rayonun Qapanlıdan başqa daha 9 kəndi və bir şəhəri – Ağdərə həmin zonada yerləşir və ermənilər hələ də o məntəqələrdə yaşayır. Bəlkə Rusiya MN bütövlükdə Tərtər rayonuna da iddialıdır?..

O da diqqəti cəlb edir ki, “sülhməramlı”ların məsuliyyət zonasından kənardakı Kəlbəcər, Bərdə, Ağcabədi, Füzuli, Cəbrayıl rayon mərkəzləri, eləcə də “Hadrut” adı altında Ağoğlan qəsəbəsi də həmin zonadakı digər məntəqələr kimi sarı rənglə seçdirilib...


Onu da qeyd edək ki, həm 1990-cı illərin 1-ci Qarabağ savaşında, həm Aprel döyüşlərində və xüsusilə son 44 günlük müharibədə Tərtər rayonunun Qapanlı kəndi düşmənlərimiz üçün xüsusi strateji əhəmiyyət kəsb edib və 1992-1994-cü illərdə bu məntəqə və onun qəhrəman sakinləri ermənilərin Tərtər şəhərini işğal etməsinin qarşısının alınmasında böyük rol oynayıb. Və bu kənd 30 ilə yaxın müddətdə, az qala hər gün düşmən atəşi altında olub. Onlarla hərbi və mülki şəhid verib, neçə-neçə mülki sakin yaralanıb. Lakin buna rəğmən qapanlılar öz kəndlərini tərk etməyiblər. Belə bir vəziyyətdə Rusiya MN-in Qapanlı kəndi ilə bağlı bu davranışı həm 1-ci Qarabağ, həm Aprel, həm də 44 günlük savaşmızda bu kənd uğriunda həlak olan bütün şəhidlərimizin ruhuna da təhqirdir...

O da diqqəti cəlb edir ki, Qapanlı kəndi ilə üzbəüz yerləşən Tərtər rayonunun Seysulan kəndi istər Aprel döyüşləri, istərsə də II Qarabağ savaşındakı neçə-neçə şəhid və yaralımızın olduğu gərgin döyüşlərə rəğmən işğaldan tam azad edilməyib. Və bəzi məlumatlara görə, burada həm erməni ordusu tərəfdə, həm də Azərbaycan ərazisində fəaliyyət göstərən Rusiya ordusunda baş kəşfiyyat idarəsi - "QRU" agentlərinin böyük rolu olub...

Ümumiyyətlə, yerləşdikləri əraziləri addım-addım genişləndirmək təcrübəsi Rusiya sülhməramlılarında(?) çoxdan var. Belə ki, Gürcüstan respublikasının işğal altındakı Cənubi Osetiya bölgəsindəki Rusiya hərbçilərinin də öz postlarını tədricən, müxtəlif bəhanələrlə həmin respublikanın digər ərazilərinə doğru irəli çəkməsi faktları son illər dəfələrlə Gürcüstan hüquq müdafiəçiləri və jurnalistləri tərəfindən səsləndirilib.

Və onu da xatırladaq ki, son günlər Qarabağdakı Rusiya sülhməramlılarının(?) yeni komandanı təyin olunmuş Rusiya Qəhrəmanı, general-leytenant Gennadi Anaşkinin komandanlığı altında olan Rusiya hərbi birləşmələri 2008-ci ildə Cənubi Osetiyada hərbi əməliyyatlarda, yəni Gürcüstan ərazilərinin işğalında fəal iştirak edib və Qori şəhərinin zəbt olunmasında xüsusi rol oynayıb...

Ümid edirik ki, tezliklə Azərbaycan Müdafiə Nazirliyi Rusiya "sülhməramlı" hərbi kontingentinə öz yerini göstərəcək...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.