Vəziyyət normallaşmasa, "Taliban"ı taxtdan tez salacaqlar

19-10-2021, 08:43           
Vəziyyət normallaşmasa, "Taliban"ı taxtdan tez salacaqlar
Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında yenidən silahlı toqquşmalar başlayıb. Bu barədə yerli agentliyə istinadən xəbər verir. Toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb. Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var. Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

Mövzu ilə bağlı siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, toqquşmaların olacağı gözlənilirdi. Analitik qeyd edib ki, "Taliban" hakimiyyətdə olsa da, özləri də hakimiyyətin belə tez laxlayacağını düşünmürdü:

"Taliban"ın öz daxilində də müəyyən bir anlaşılmazlıq mövcuddur. Çünki onlar hakimiyyətə gəlməyi planlaşdırırdılar, ancaq onu necə idarə edəcəyini planlaşdırmırdılar. Bu gün Əfqanıstanda kifayət qədər ciddi iqtisadi böhran yaşanır. Banklar bağlıdır, xarici valyuta ehtiyatları dondurulub və Əfqanıstanın dünya ölkələri ilə təması kəsilib. Düzdür, hazırda bəzi ölkələrlə danışıqlar gedir, ancaq heç kəs "Taliban"ı qanuni əfqan hökuməti olaraq tanımır. Bu da öz növbəsində ölkədə iqtisadi və sosial problemlərin daha da dərinləşməsinə gətirib çıxarır. Təbii ki, prosesin belə olması öz növbəsində daxildə digər aktiv qrupların oyanmasına gətirib çıxarır".

T.Rzayev qeyd edib ki, "Taliban" tədricən dünya ölkələri ilə münasibətləri bərpa edə bilməsə və ölkədəki sosial, iqtisadi vəziyyət düzəlməsə, hakimiyyəti uzun çəkməyəcək:

"Taliban" bu gün hakimiyyətdə qalmaq istəyirsə, mütləq şəkildə daxildəki problemləri həll etməlidir. Ümumiyyətlə, daxildəki silahlı qruplaşmaların maddi baza əldə etməməsi üçün "Taliban" yerli camaatı öz tərəfinə çəkməlidir. İqtisadi göstəricilər düzələcəyi təqdirdə düşünürəm ki, bu, mümkün olacaq. Qaldı ki bu silahlı toqquşmalara, əslində bunlar hamısı gözlənilən idi. Çünki Əfqanıstanda "Taliban"ı heç də hər kəs sevmir. Xaricdən anti-Taliban qüvvələri mövcuddur və onlar "Taliban"ın hakimiyyətdə olmasını istəmirlər. Ona görə də "Taliban"a qarşı əks mövqeyi dəstəkləyirlər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.