Rusiya Ermənistanı yenidən “dirildir”: - 1 milyard dolların arxasındakı SƏBƏB

20-10-2021, 15:06           
Rusiya Ermənistanı yenidən “dirildir”: -
Rusiya yenidən Ermənistana nəfəslik açmaq niyyətindədir.

Belə ki, Rusiya Ermənistana qarşıdakı dövrdə 1 milyard dollara yaxın sərmayə qoymağa hazırlaşdığını bəyan edib.

Bunu 8-ci Ermənistan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dimitriy Volvaç bildirib.

“Statistikaya görə, hazırda Ermənistana qoyulan xarici sərmayələrin 40 faizi Rusiyadandır. Bu rəqəmin belə səviyyədə qalacağı çox məntiqli olar. Təbii ki, başqa ölkələrdən, başqa tərəfdaşlardan da sərmayələr gəlir. Amma Rusiya sahibkarlarının Ermənistan iqtisadiyyatındakı mövqelərini, əhəmiyyətini saxlayacağına inanıram”, – nazir müavini belə deyib.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov da yaxın illərdə Rusiya şirkətlərinin Ermənistan iqtisadiyyatına 1 milyard dollara yaxın sərmayə qoymağa hazır olduqlarını təsdiqləyib:

“Aramızdakı ticarət dövriyyəsi pandemiyadan əvvəlki səviyyəsini keçib, Rusiya şirkətləri Ermənistanda ən iri vergi ödəyiciləridir”.
Göründüyü kimi, Rusiya Ermənistana yenidən böyük həcmdə yardım etmək niyyətindədir. Ermənistanın dövlət büdcəsini nəzərə alsaq, Rusiyanın bu yardımının kifayət qədər böyük həcmdə olduğunu demək mümkündür. Yəni, Rusiya Ermənistanı yenidən “diriltməyə” çalışır.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiyanın Ermənistana sərmaya qoymasının səbəbi özünün forpost ölkəsi olmasıdır:

“Bölgədə Rusiya jandarm rolunu oynasa da, hər zaman Ermənistandan istifadə edib. Bir müddət əvvəl də Rusiya Ermənistana 1 milyard dollar dəyərində silah yardımı etmişdi. İndi də Rusiya Ermənistanı öz nəzarətində saxlamaq istəyir. Buna görə də müəyyən yardımlar edir, bəyanatlar verir. Bu da normal haldır. Azərbaycan da Türkiyə ilə əlaqələrini sıxlaşdırır, iqtisadi dövriyyəsini artırır. Ona görə də bu məsələlərə təbii yanaşmaq lazımdır. Eyni zamanda, Azərbaycan ehtiyatını da əldən verməməlidir. Münaqişənin əvvəlində də, sonrasında da göründü ki, Rusiya Ermənistanın tərəfindədir. Sadəcə olaraq, Azərbaycan və Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Eyni zamanda, Rusiya qonşu dövlətdir, onun da öz maraqları, çıxarları var, onları da düzgün analiz edib addımlarımızı hesablamalıyıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.