ABŞ “altılıq”a qarşı - Azərbaycan üçün yeni siyasi fors-major nədən ibarətdir?

21-10-2021, 00:15           
ABŞ “altılıq”a qarşı  -
ABŞ müdafiə naziri Lloyd Austin Tiflis səfərində regionun gələcək taleyində mühüm iz buraxacaq bir açıqlama verdi. Bu açıqlama bizə imkan verdi ki, hazırda regionumuzda baş verən və ya təşkil olunan prosesləri yenidən təhlil edək. Pentaqon şefi açıq bildirdi ki, Gürcüstanın “altılıq”da, yəni 3+3 (Rusiya, Türkiyə, İran + Ermənistan, Azərbaycan, Gürcüstan) formatında yeri yoxdur.

Uzun zamandır həm İlham Əliyevin, həm də Putin və Ərdoğanın barəsində danışdıqları formatın əslində bir antiqərb təşkilatlanması kimi nəzərdə tutulduğunu yazmışdıq. ABŞ-ın müdafiə naziri səviyyəsində bu məsələnin üstünə getməsindən sonra bizim yazdıqlarımız bir növ, etibarlı mənbədən təsdiqləndi. Bununla belə, ABŞ-ın belə qəti mövqeyindən sonra “yeni regional format”ın özünün taleyi üçün əlavə suallar meydana çıxmaqdadır.

Vaşinqtonun regional bir bloklaşma cəhdinə Pentaqonun dili ilə belə qəti reaksiya verməsi hansı yeni vəziyyət yaradacaq? Azərbaycan üçün burada hansı fors-majorlar yarana bilər?

İrəvan və Tiflis bir tərəfdə

Yaddaşlı oxucularımız xatırlayar ki, bu yaxınlarda Azərbaycan dövlət başçısı İlham Əliyev “Anadolu” Agentliyinə verdiyi müsahibədə Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Tayyib Ərdoğana dialoq təklifinə münasibət bildirərkən demişdi ki, Paşinyan səmimi deyil, səmimidirsə, onda “altılıq” formatına gəlsin, orada dialoq qurulsun. Hələ o zaman bu məsələni şərh edərkən biz təkcə Ermənistanın deyil, Gürcüstanın da “altılıq”dan kənarda qalmaq istədiyini yazmışdıq. İndiki halda bəlli olur ki, bu, təkcə istək deyil, həm də dünyanın bir güc mərkəzinin mövqeyidir. Amerika Birləşmiş Ştatlarının Gürcüstanın bu formatda olmasını istəmədiyi kimi, Ermənistanın da buraya qoşulmamasını dəstəkləməsi təbiidir. Ermənistanın Türkiyə üzərindən Qərbə yol axtarması və Ərdoğanın bu təşəbbüsə hələ ki “yox” deməsi məsələsi isə son nöqtə deyil yəqin ki. Çünki ən azından iki ölkənin bu formatda olmayacağı dəqiqləşib. Düzdür, Ermənistanın Türkiyədən pozitiv cavab almayacağı qətiləşsə, Rusiyanın təzyiqləri qarşısında nə qədər davam gətirəcəyi sual altında olsa da, hələ ki İrəvanın siyasi iradəsi bu formata qoşulmamaq istiqamətindədir.

Yeri gəlmişkən, biz son dövrlər artan hərbi gərginliyə də İrəvanın Kremldən aslılığının artması kontekstində baxmalıyıq. Çünki yeni kommunikasiya yolları axtaran, Türkiyə ilə dialoqa cəhd edən və ən əsası, ordusu darmadığın olmuş Ermənistanın Azərbaycan ordusuna qarşı provokativ cəhdləri ancaq və ancaq üçüncü qüvvənin dəstəyi və təhriki ilə başadüşülən ola bilər.

Türkiyə üçün əsas sual

Maraqlı məqam burasıdır ki, Türkiyənin Gürcüstanla münasibətləri həm ikitərəfli qaydada yaxşıdır, həm də NATO ilə Gürcüstanın əməkdaşlığını demək olar ki, Türkiyə koordinasiya edir. Belə olan təqdirdə, Gürcüstanın yeni formatda olmaması Türkiyənin Ermənistanla dialoqa razılıq verəcəyi ehtimalını gücləndirir. Bu isə Ermənistanın Rusiyanın təsirindən çıxması istiqamətində mühüm addım ola bilər. Bu da öz növbəsində Azərbaycan üçün yeni fürsətlər yaradacaq. Ancaq rəsmi Bakı bunu fürsət kimi, yoxsa “demokratikləşmə təhlükəsi” kimi qiymətləndirəcək sualı da çox önəmlidir. Çünki Rusiyanın burada görmək istədiyi siyasi format müharibənin siyasi yekunu kimi nəzərdə tutulur. Əgər Qərb buna mane olursa, deməli, müharibənin yekunlarını da tanımır. Bu isə Xankəndindəki Rusiya qüvvələrinin beynəlxalq universal qanunvericiliyin prinsiplərini pozmaqla orada olduğunu təsdiqləyir. Yəni Azərbaycan üçün indi müharibənin siyasi yekunlarının tanınmaması fors-majoru var.
Müəllif: Seymur Həzi
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.