Bir tərəfdə Kreml, digər tərəfdə Ağ Ev: Ortada qalan Kabil vəziyyətdən necə çıxacaq?

21-10-2021, 00:05           
Bir tərəfdə Kreml, digər tərəfdə Ağ Ev: Ortada qalan Kabil vəziyyətdən necə çıxacaq?
Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov "Taliban" tanınması barədə danışmağın hələ tez olduğunu bildirib. Jirnov Moskvadakı görüşdə yeni Əfqanıstan hökumətinin tanınması mövzusunun müzakirə edilməyəcəyini də qeyd edib. Həmçinin, Rusiya Prezidenti Vladimir Putin də ötən həftə “Taliban”ı tanımaq üçün zamana ehtiyac olduğunu diqqətə çatdırmışdı. Qeyd edək ki, "Taliban" nümayəndələri Əfqanıstanla bağlı məsləhətləşmələrdə iştirak etmək üçün hazırda Moskvada səfərdədirlər.

Bu danışıqlara Rusiya xarici işlər naziri Sergey Lavrov, Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai və Əfqanıstan Milli Barışıq Ali Şurasının rəhbəri Abdullah Abdullahın qatılacağı gözlənilir. Bir müddət əvvəl isə məlum olub ki, Rusiya vətəndaşlarının Kabul hava limanı vasitəsilə Əfqanıstandan təxliyəsini təşkil edir. Bununla yanaşı “Taliban” liderləri ABŞ hökumətindən Əfqanıstan mərkəzi bankının ölkə xaricində saxlanılan 9 milyard dollarlıq aktivlərini açmasını istəyiblər. Lakin ABŞ Maliyyə Nazirliyi “taliblər”in bu vəsaitdən istifadə etməsinə icazə verməyəcəklərini bildirib. Görünən odur ki, dünya dövlətləri hələ uzun müddət “Taliban”ı tanımayacaq. ABŞ-ın Əfqanıstanın 9 milyard dollarlıq aktivlərini dondurduğunu nəzərə alsaq, ölkədə humanitar fəlakətin yaşanması qaçınılmaz olacaq.

Maraqlıdır, ABŞ və Rusiya “Taliban”a təzyiq göstərərək nəyə nail olmaq istəyir? Bu iki dövlətin Əfqanıstandakı əsas geosiyasi maraqları nədən ibarətdir?

Sabiq diplomat, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında bildirib ki, yaxın gələcəkdə Əfqanıstanda iqtisadi və sosial problemlər yarana bilər:

“Bununla yanaşı, bəzi ölkələr “Taliban” hakimiyyətinə sanksiyalar da tətbiq edə bilər. Lakin Rusiya, Çin, Türkiyə və digər Asiya dövlətləri “Taliban” rəhbərliyi ilə daha sıx əlaqə quraraq, Əfqanıstana iqtisadi yardımlar etməyə çalışacaq. Həmçinin, Özbəkistan, Qazaxıstan və Türkmənistan artıq “Taliban” ilə əlaqələr qurur. Onlar bunu etməklə öz sərhədlərini möhkəmləndirmək istəyirlər. Tacikistan isə Rusiya ilə sıx bağlı olan ölkədir. Hətta orada Rusiyanın hərbi bazaları da var. Ona görə düşünürəm ki, Tacikistan da rəsmi Moskvanın addımlarına oxşar addım atacaq. Ümumiyyətlə, Tacikistan Orta Asiya ölkələrindən və ya Rusiyadan fərqli olaraq müstəqil şəkildə “Taliban” ilə münaqişə yaşamaq istəməyəcək. Eyni zamanda, digər bir reallıq isə odur ki, Əfqanıstanda “Taliban”dan başqa bir qüvvə yoxdur”.

F.Sadıqov hesab edir ki, ABŞ-ın “Taliban”a qarşı atdığı iqtisadi addımları başa düşmək olar:

“Çünki ABŞ 20 ildən sonra Əfqanıstandan qaçdı və faktiki olaraq oradakı nəzarəti tamamilə itirdi. Təbii ki, rəsmi Vaşinqton asanlıqla 9 milyardlıq aktivlərin açmayacaq və “Taliban”a qaytarmayacaq. Rusiya isə Əfqanıstandakı ABŞ boşluğunu doldurmağa çalışır. Hətta biz görürük ki, artıq “Taliban” rəsmiləri və Rusiya arasında danışıqlar aparılır. Rəsmi Moskva bu danışıqların məqsədinin “Taliban”ı tanımaq olmadığını açıqlayır, amma tanımağın müxtəlif formaları var. Əgər siz bu hərəkatın rəsmiləri ilə danışıqlar aparırsınızsa, deməli bunun müəyyən nəticələri də olmalıdır. Fikrimcə, Rusiya və “Taliban” arasında iqtisadi, humanitar və başqa sahələrdə razılaşmalar ola bilər”.

Politoloq deyib ki, Rusiya və ABŞ Əfqanıstanı strateji meydança kimi görür:

“Onlar bununla öz geosiyasi maraqlarını həyata keçirmək arzusundadırlar. İlk növbədə, Rusiya və ABŞ-ın əsas məqsədi Əfqanıstandakı mövqelərini möhkəmləndirməkdir. Həmçinin, hər iki dövlət Əfqanıstandan Orta Asiyaya və digər regionlara gedən nəqliyyat dəhlizlərinə nəzarət etmək istəyir. Eyni zamanda, ABŞ və Rusiya Əfqanıstandakı təbii sərvətləri ələ keçirərək, bundan qazanc etməyə çalışırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.