Rusiya istədiyini edir, susur, qırmızı cizgisinə çatanda, bir alo ilə məsələni yoluna qoyur.
16-11-2021, 21:11

Bu gün baş verənlərlə bağlı.
Sərhəddə baş verənlərlə bağlı bir qədər sonra. Əsas məsələ, hadisələr niyə baş verir? Erməni tərəfi Qarabağda rusların dəstəyi və ya görməzlikdən gəlməyi ilə təxribatlar törədir. Hətta terror aktından da çəkinmirlər. Məsələ bundadır ki, Qarabağda baş verən hadisələrdə Azərbaycan tərəfi adekvat cavab verə bilmir. Bunun səbəbləri ilə bağlı çox yazmışıq. Ancaq sərhəddə baş verən təxribatların cavabı anında və artıqlaması ilə təkcə bu gün yox, daim verilib.
Rusiya məlum üçtərəfli bəyanatın şərtlərinə əməl etsəydi, daha doğrusu qarant durduğu bəyanatı həyata keçirsəydi bu olanların və gələcəkdə olacaqların heç biri baş verməzdi.
Rusiya iki ölkənin əlinə bir sovetdən qalma xəritə verib ki, gedin delimitasiya və demarkasiya edin. Bu mütləq partlaq verəcəkdi və verdi də. Azərbaycan tərəfi rəsmi şəkildə müharibə bitti desə də, ortada sülh yox idi, çünki qarşı tərəf sülhə gəlmir. Bunun üçün nə etmək lazımdır? Sülhə məcbur etmə. Bu gün baş verən əməliyyatları sülhə məcbur etmə kimi şərh etsək, dolayısı ilə döyüşləri Azərbaycan tərəfinin başladığını demiş oluruq. Faktiki olaraq erməni tərəfi hücum edib. Azərbaycan tərəfi də geniş miqyaslı cavab zərbələri endirib. İkincisi Rusiya Ermənistanı, erməniləri desək daha doğru olar cəzalandırır. Rusiya faktiki olaraq xalq olaraq gürcüləri, azərbaycanlıları və erməniləri itirib. Yalnız idarəetmədə varlıqlarını qoruya bilirlər. Ruslar ermənilərin hər gün meqafon alıb, bütün günü rusları söyməsini, Azərbaycandan daha çox bölgədən çıxmasının cavabını verir və yalvatmaq istəyir, necə ki, yalvarırlar. Bundan əlavə, mənim üçün ən təhlükəlisi Rusiya oyun oynayaraq münaqişəni Ermənistan ərazisinə yaymaq cəhtidir. Beləliklə, Ermənistan ərazisində də münaqişə ocağı yaranır və Rusiya münaqişəni daha da dərinləşdirərək varlığını konkiretləşdirir. Başqa bir məsələ, erməni tərəfi ATƏT-in Minsk qrupunu ərazidə görmək istəyirdi, bununla Azərbaycan razı olmayacağına təm əmin olaraq, hücum əməliyyatı həyata keçirir və təbii ki, Azərbaycan bunu cavabsız qoymayacaqdı.
Aparılan əməliyyatlar zamanı erməni tərəfi istər biz, istər onlar tərəfindən yazılanların əksinə daha çox itki verib. Aviasiya xaric bütün vasitələrdən istifadə edilib. PUA-ların işlədilməsi doğru deyil. Buna səbəb hava şəraiti olub. Xeyli sayda texnikaları məhv edilib. Əsirlərin olduğundan hər kəs xəbərdardır. Bir neçə postu boşaldıblar. Niyə tutmuşuq yazmıram? Bilmirəm qalacağıq orda, yoxsa yox. Bir də şəhid və yaralılarla bağlı heç nə yazmıram. Heç müharibə dönəmində bu barədə yazmamışam. Bu suallar həmişə cavabsız qalır.
Düşünürəm ki, ermənilər Rusiyanı söyməkdənsə sülhə gəlsə, onların da canı qurtarar, elə bizim də.
Elə bunları yazarkən rəsmi xəbər çıxdı ki, Şoyqu müəllim zəng edib, söhbəti bağlayıb. Yəni, Rusiya istədiyini edir, susur, qırmızı cizgisinə çatanda, bir alo ilə məsələni yoluna qoyur.
Səxavət Məmməd
Teref.az