Avroittifaqın Ermənistana 2.6 milyardlıq yardımı sual altında - islahat getmir, baş aldadırsız...

18-11-2021, 07:27           
Avroittifaqın Ermənistana 2.6 milyardlıq yardımı sual altında - islahat getmir, baş aldadırsız...
Əli Orucov: “Heç bir beynəlxalq qurum, təşkilat qarşılıq olmadan hansısa dövlətə böyük həcmdə vəsait vermir”
img
Ermənistanın Avropa İttifaqına bəslədiyi ümidlər də yavaş-yavaş boşa çıxır. Bəlli olduğu kimi, Ermənistan Avroittifaqdan daha çox iqtisadi müstəvidə yardım umur. Ancaq müharibənin bitməsindən 1 il ötsə də, gözləntilər özünü doğrultmur.

Bu arada erməni mətbuatı yazır ki, Rusiya ilə aşırı yaxınlaşma cəhdləri və islahatların dayanması səbəbindən Avropa İttifaqının Ermənistan üçün nəzərdə tutduğu yardım sual altındadır: “Ermənistan hakimiyyəti bütün bu müddət ərzində Rusiyanın maraqlarına xidmət siyasəti yürüdüb. Bu haqda dəfələrlə açıq bəyan edilib ki, Qarabağ üzrə üçtərəfli 2020-ci il 10 noyabr bəyanatını dəstəkləyirlər. Ermənistan hakimiyyətinin siyasəti üçtərəfli formatı (Rusiya-Ermənistan-Azərbaycan) dəstəkləməyə gətirib çıxarır. Ermənistan hakimiyyəti, müharibə zamanı olduğu kimi, atəşkəsdən sonra da beynəlxalq aləmə qarşı qoyulurdu. Bu və digər səbəblərdən Aİ və Ermənistan arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqda Saziş praktiki olaraq irəliləmir. Avropa İttifaqı bu Sazişin dəstəklənməsi üçün maliyyə dəstəyi göstərmək qərarı alıb. Amma Ermənistan tərəfinin fəaliyyəti qrafikdən geri qaldığı üçün 2,6 milyard avro həcmindəki bu maliyyə yaxın zamanda əldə edilə bilməyəcək. Müharibədən sonrakı bir il ərzində heç bir islahat aparılmayıb. İslahatlar haqda sadəcə danışırlar, təcrübədə isə heç nə edilmir”.

Görünən odur ki, Avopa İttifaqı boş yerə Ermənistana pul vermək niyyətində deyil.

“Qərbdə hesab edirdilər ki, 44 günlük müharibədə ağır məğlubiyyətlə üzləşən Ermənistan Rusiyadan uzaqlaşacaq”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Paşinyanın müharibədən sonrakı dövrdə ikili oyun oynamaq siyasəti belə bir vəziyyət yaradıb: “Əvvəla, heç bir beynəlxalq qurum, təşkilat qarşılıq olmadan hansısa dövlətə böyük həcmdə vəsait vermir. Mütləq bunun müqabilində qarşı tərəf hansısa öhdəliklər götürməlidir. Bəlli olduğu kimi, Paşinyan Qərbin layihəsi olaraq Ermənistanda hakimiyyətə gətirildi. İlk dövrlərdə o bu istiqamətdə bir sıra işlər gördü. Xüsusən də hakimiyyətin bir sıra strukturlarında Sorosa yaxın şəxsləri yerləşdirdi. Bəzi sahələrdə müəyyən islahatlar apardı. Düzdür, aparılan islahatlar yarımçıq xarakterli olsa da, müəyyən mənada Avropa İttifaqını ümidləndirdi. Onlar hesab edirdilər ki, bütün bunlar davamlı olacaq. Sonra elə oldu ki, Qarabağ məsələsində Paşinyan ritorikanı daha da sərtləşdirdi. Bu da müharibənin başlanmasına səbəb oldu. Qərbdə hesab edirdilər ki, 44 günlük müharibədə ağır nəğlubiyyətlə üzləşən Ermənistan Rusiyadan uzaqlaşacaq. Nəticədə Gürcüstan kimi Ermənistan da Qərbin tərəfdaşına çevriləcək. Bir sözlə, Rusiya Cənubi Qafqazdan çıxarılacaq. Ancaq müharibədən sonra Paşinyan nəinki Rusiyadan uzaqlaşmadı, əksinə, daha da yaxınlaşma yolunu tutdu. Rusiyanın Ermənistanda yerləşən hərbi bazalarında əsgərlərin sayının artırılmasına, onların Azərbaycanla sərhəddə yerləşdirilməsinə yaşıl işıq yandırdı. Bütün bunlarla yanaşı, müharibəni və ölkədəki daxili gərginliyi bəhanə edərək islahatları dayandırdı. Əlbəttə ki, bütün bunlar Qərbin diqqətindən yayına bilməzdi. Bu səbəbdən Ermənistana vəd olunan 2,6 milyard avro yardım kağız üzərində qalmaqdadır”.

Partiya funksioneri hesab edir ki, Aİ-nin Ermənistanla bağlı bu qeyri-müəyyənliyi hələ bir müddət davam edəcək.

Vidadi ORDAHALLI
baki xeber












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.