İrəvanın yalançı “harayı”na KTMT gəlmədi, kim gələr ki... - Fransa legionu, yoxsa ABŞ komandosları?
19-11-2021, 10:27

Ermənistanın sərhəddə törətdiyi təxribatlar və Azərbaycanın buna sərt cavabı İrəvanı yenə də qorxuya saldı. Təxribatlara və xain hücuma qarşı Azərbaycanın əks-əməliyyatlara başlaması ilə İrəvan yenə “hay-həşir” salmağa başladı.
Bu dəfə də xaricdəki dəstəkçilərə üz tutdular, kimin telefonunu, faksını tapdılarsa, onlara yalvarmağa başladılar. İrəvanın xarici ölkə və təşkilatlara müraciətlərində yenə də qorxaqlıq, acizlik, yaltaqlıq və şantaj əlamətləri var. Bu baxımdan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyanın və KTMT-nin məsələyə müdaxilə etməyəcəyi təqdirdə digər beynəlxalq tərəfdaşlara müraciət hüququnu özündə saxlaması barədə açıqlaması öncə Rusiyanı şantaj etmək cəhdidir. Amma KTMT köməyə gəlməzsə, kimə arxayın olurlar, onların yalançı hay-küylərinə, özləri günahkar olduğu halda beynəlxalq aləmdən dəstək istəmələrinə kim səs verə bilərdi ki? Fransa legionu, yoxsa ABŞ komandosları? Bəlkə NATO-nun sərhədə qoşun yeridəcəyinə ümid ediblər?
Yada salaq ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı ilk gərginlik yaşananda da Nikol Paşinyan və digər dövlət rəsmiləri ATƏT qoşunlarının sərhəddə yerləşdirilməsi ilə bağlı Fransaya, ABŞ-a və s. ölkələrə müraciət ünvanlamışdılar. Amma bu yalvarışlar nəticəsiz qaldı ki, bundan rəsmi İrəvan pərt olduğunu, hətta incidiyini də dilə gətirdi. Bu bir daha göstərdi ki, Ermənistana “can-can” desələr də, heç bir ağlı başında olan ölkə və ya qurum sərhədə Ermənistanı qorumaq üçün qoşun göndərməyəcək.
YAP-çı deputat Ceyhun Məmmədov Ermənistanın heç bir yerdən dəstək ala bilməyəcəyini söylədi: “Bu birinci dəfə deyil. Ermənistan vaxtaşırı belə təxribatlara yol verir. Azərbaycan tərəfə hücum edir, sonra da Azərbaycanı günahlandırır. Eləcə də beynəlxalq qurumlara müraciət edir ki, bəs Azərbaycan təxribat törədib və bunun üçün tədbirlər görülməlidir. Prosesləri təhlil edəndə o görünür ki, bu, Ermənistanın növbəti kampaniyasıdır. Əvvəlcədən müəyyən sənədlər hazırlayıblar, beynəlxalq qurumlara və ayrı-ayrı dövlətlərə müraciət etmək üçün. Bu təxribatlardan sonra bütün dünya mətbuatına, beynəlxalq qurumlara Azərbaycanı şikayət ediblər. Ermənistan bununla demək istəyir ki, münaqişə bitməyib, hələ davam edir. Çalışırlar ki, beynəlxalq qurumların bura diqqətini çəksinlər. Eləcə də digər dövlətlərin ordularını bölgəyə cəlb etmək istəyirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı artıq neçə dəfədir ki, ermənilər cəhdlər edirlər. Hər dəfə də rədd cavabı alırlar. Ermənistan anlamalıdır ki, bu cür təxribatların heç bir nəticəsi olmayacaq.
Bu proseslərdən ən çox əziyyət çəkən də məhz Ermənistanın özü olacaq. Ermənistanın bir yolu var, o da yekun sülh müqaviləsini imzalamaqdır. Bundan sonra nə qədər təxribatlar törətsə, prosesin özü onların əleyhinə işləyəcək. Onun üçün də orada-burada özünə tərəfdaş axtarmasın. Azərbaycan və Türkiyə əlini ona uzadıb. Delimitasiya və demarkasiya şərait yaratsın, Zəngəzur dəhlizini açsın, qeyri-qanuni silahlı qüvvələri tərksilah etsin və bununla bölgəyə mərhələli şəkildə sülh gəlsin. Ermənistan istədiyi dəstəyi heç kimdən ala bilməyəcək. Çünki Azərbaycanın mövqeyi haqdır. Ərazilərimiz beynəlxalq hüquqla tanınıb”.
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin durmadan gücləndiyini qeyd etdi: “Mən bir sıra erməni politoloq və ekspertlərini dinlədim. İlk qarşıma çıxan odur ki, ciddi anti-Rusiya əhvalı vardır. Məsələn, politoloq İskəndəryan deyir ki, bizim cəbhədə vəziyyəti dəyişməyə resurslarımız yoxdur. İctimai sorğuları izləsəniz görərsiniz ki, ermənilər deyir ki, yeganə dostumuz İrandır. Ruslara gəldikdə isə yenə ikili oynayırlar. Bir tərəfdən ermənilərin ”Yuyulmamış Rusiya, dəf ol!" çağırışını eşidirlər, digər tərəfdən, görürlər ki, Turan geosiyasi məfhumu dirçəlir. Hətta bu yaxınlarda Rusiyada pantürkist həbsləri oldu. ATƏT-in Minsk Qrupunun dirçəldilməsi cəhdləri isə Azərbaycan və Türkiyəni sıxmaq üçündür. Əgər kimsə ermənilər üçün silahlı qüvvə göndərsə, bu, üçüncü dünya müharibəsinin ayaq izləri deməkdir. Onsuz da artıq məzlumlar, Türkiyə və digər yüksələn güclər bu dollar şantajından beziblər. Ona görə də ermənilər üçün kiminsə savaşacağını düşünmürəm. Xüsusilə unutmayaq ki, ruslar Türkiyə ilə “S-400” istehsalına başlamaq istəyir".
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə məsələyə bu cür şərh verdi: “Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın boş haray-həşirlərinə cavab verməmişdi. Çünki KTMT-nin aparıcı dövləti olan Rusiya və digər dövlətlər də yaxşı başa düşürdü ki, Azərbaycan beynəlxalq hüquqda tanınan öz qanuni ərazilərində müharibə aparır. Eyni zamanda ermənilərin də son təxribatlarında Azərbaycan tərəfi əks hücum əməliyyatı həyata keçirib, ermənilərin hücumlarına qarşılıq verib. Bu baxımdan KTMT-nin hansısa bir formada məsələyə müdaxiləsi yersiz olardı. Ona görə də ermənilərin yalvarışlarına baxmayaraq, KTMT rəhbərliyindən çox soyuqqanlı, kifayət qədər obyektiv rəy verildi. Onu nəzərə almaq lazımdır ki, bu qurumun aparıcı dövlətləri Türk Dövlətləri Təşkilatında Azərbaycanla həmrəydirlər, rəsmi Bakının strateji tərəfdaşlarıdır. Onu da qeyd edim ki, NATO, Amerika, Fransa və bütövlükdə Qərbdə erməni lobbisinin təsirində olan hansısa dövlətlərin Ermənistanın çağırışlarına cavab verib, hansısa formada Ermənistana dəstək verməyi mümkünsüzdür. Çünki Ermənistan regionda siyasi və iqtisadi cəhətdən tamamilə Rusiyadan asılı dövlətdir. Qərbin heç bir iqtisadi maraqlarına cavab verə bilmirlər. Bu baxımdan Azərbaycanın Cənub Qaz Dəhlizi və digər layihələr, xüsusilə BP ilə həyata keçirdiyi layihələr Avropanın da enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malikdir. Məhz bu səbəbdən gələcəkdə hansısa Qərb təşkilatlarının, dövlətlərinin Ermənistana hərbi formada dəstək verməsi gözlənilmir. Digər bir fakt da Ermənistanda Rusiyanın hərbi bazasının mövcud olmasıdır. Bu da Qərbin Ermənistana dəstəyini əngəlləyən ən ciddi faktorlardan biridir”.
“Yeni Müsavat”