"Üstümə qan bulaşacaqsa, qan gölü yaradaram və onun içində yuyunaram" - Rusiya Qafqazı yenidən "fəth" edir

20-11-2021, 00:09           
"Üstümə qan bulaşacaqsa, qan gölü yaradaram və onun içində yuyunaram" - Rusiya Qafqazı yenidən "fəth" edir
Rusiya prezidenti Vladimir Putin 15-16 noyabr tarixlərində Laçın və Kəlbəcər istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərə toxunub.

"Bir il öncə Rusiyanın aktiv vasitəçilik səyləri nəticəsində Dağlıq Qarabağda münaqişə dayandırılıb. Lakin Ermənistan-Azərbaycan sərhədində son baş verən atışmalar regiondakı vəziyyətin hələ də sona qədər sakitləşmədiyini göstərir. Görünür sabitliyi təmin etmək üçün sülhməramlı kontingentin səylərinə böyük tələbat var" – Putin bildirib.

Putinin açıqlamasının belə anlaşılır ki, o Azərbaycan və Ermənistanda Rusiyanın “sülhməramlı” fəaliyyətini tənqid edənlərə konkret cavab verib. Həmçinin Putin bu sülhməramlı missiyanın sadəcə Qarabağda yox, Azərbaycan-Ermənistan dövlət sərhədində də davam etdirilməsini zəruri sayıb. Bunun üçünsə bir şey lazımdır – Bakı və İrəvan arasında sərhədlərin müəyyənləşdirilməsi. Yəni, delimitasiya və demakrasiya...

Ona görə də, 15-16 noyabr döyüşlərindən sonra tərəflər ilk olaraq bu məsələni gündəmə gətirdilər. Rəsmi İrəvan döyüşlər getdiyi bir zamanda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dili ilə delimitasiya və demarkasiyaya başlamağa hazır olduğunu açıqladı. Döyüşlər bitəndən dərhal sonra Baş nazir Nikol Paşinyan sülhə hazır olduğunu bildirdi. Döyüşlər bitəndən cəmi 3 gün sonra isə Ermənistan 1 ildir yayındığı delimitasiya prosesinə başlanılacağını rəsmi (məktub) şəkildə bəyan etdi.

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasına hazırlıq prosesinə sıfır nöqtəsindən başlanılacaq, Ermənistan artıq Rusiyanın təklifinə razılıq verib”. Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan deyib.

Öz növbəsində, parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib ki, Ermənistan Rusiyaya sərhədlərin demarkasiyası və delimitasiyası prosesi çərçivəsində işə başlamağa razılıq verməsi barədə yazılı bildiriş göndərib. “Texniki məsələlərlə bağlı razılıq əldə edildikdən sonra Ermənistan komissiya formalaşdırmağa və konkret işlərə başlamağa hazır olacaq. Məzmun barədə danışmaq hələ tezdir, biz hazırlıq işlərinin başlamasından danışırıq”, - deyə o qeyd edib.

Bu açıqlamaların ardınca Ermənistan və Azərbaycan KİV-lərində yer alan iddialara görə, rəsmi İrəvan Kremlinin tövsiyəsi ilə Azərbaycana Zəngəzur istiqamətindən dəhliz verməyə də razılıq verib. Bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama yoxdur. Lakin ilkin mərhələdə qeyd edə bilərik ki, ermənilərin verdiyi rəsmi məlumata görə Azərbaycanın təkcə 16 noyabr döyüşlərində 6 erməni hərbçini məhv etməsi (19 nəfər isə hələ də itkin sayılır, onların ölməsi və ya Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılması məsələsi açıq qalır), 13 nəfər hərbi qulluqçunu diri ələ keçirməsi (bununla da Bakıdakı erməni terrorçularının sayı təxminən 60 nəfərə çatır), həmçinin döyüşlər zamanı erməni hərbçilərinin nəzarətində olan bir neçə postu nəzarətə alması Ermənistanın delimitasiya və demarkasiya, eləcə də Zəngəzur dəhlizi məsələsi ilə bağlı müqavimətini qırıb. Lakin Ermənistan Zəngəzur dəhlizini vəd edildiyi kimi Azərbaycana qeydsiz-şərtsiz vermir. Rəsmi İrəvanın üç əsas şərti var:

Birincisi, delimitasiya-demarkasiya prosesinə sıfır nöqtəsindən başlamaq. İlkin olaraq bunu belə başa düşmək olar ki, erməni tərəfi Azərbaycanın son dövrlər dövlət sərhədində geri qaytardığı bütün mövqeləri tərk etməsini tələb edir;

İkincisi, Azərbaycanda olan bütün erməni hərbi cinayətkarları qaytarmaq. Paşinyan yalnız bu baş tutarsa erməni ictimaiyyətinə Zəngəzur dəhlizini Bakıya verməyi həzm etdirə bilər.

Üçüncüsü isə delimitasiya və demokrasiya proseslərinə Qarabağ məsələsini qatmamaq.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanın Qarabağ inadkarlığı hələ də davam edir. Belə ki, rəsmi İrəvan delimitasiyaya razılıq versə də, bu prosesin Qarabağın statusuna heç bir aidiyyatı olmadığını bildirir. Yəni, Ermənistan sərhədləri müəyyənləşdirməyə, Zəngəzurdan Azərbaycana dəhliz verməyə razıdır, Qarabağı Azərbaycan ərazisi kimi tanımağa isə yox...

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bir neçə həftə əvvəl Azərbaycana Naxçıvan istiqamətində magistral və dəmir yolu verməli olduqlarını bildirmiş, lakin bu, erməni ictimaiyyətində “yeni kapitulyasiya” kimi şərh edilmişdi. Yəni, Paşinyan onsuz da Zəngəzurdan Azərbaycana dəhliz verməyə razı idi. Sadəcə son döyüşlər onun tərəddüdünü, eləcə də erməni ictimaiyyətinin bu məsələyə qarşı radikal mövqeyini qırmaq baxımından zəruri idi.

Yeri gəlmişkən, Zəngəzur dəhlizi ilə bağlı daha bir faktı qeyd etmək yerinə düşər. Putin çıxışında Rusiyanın regiondakı bütün nəqliyyat dəhlizlərinin açılmasına verə biləcəyi töhfədən söz açır. Ermənilərin dediyi kimi kommunikasiyaların deyil, məhz dəhlizin! Ki, bu dəhliz də işə düşərsə nəzarət Rusiya sülhməramlılarına veriləcək. Üstəlik, Azərbaycanın digər qonşuları kimi Rusiya da bu dəhlizdən müxtəlif məqsədlərlə istifadə edə biləcək.

Beləliklə, 15-16 noyabr döyüşləri intensivləşdiyi zaman qeyd etdiyimiz kimi sərhəddə baş verən döyüşlərin Rusiyaya faydası böyük oldu. Zəngəzur və delimitasiya məsələləri iki dövlət arasında sadəcə diplomatik yollarla həll edilməsi mümkün olan məsələlər idi. Və tərəflər fərqli formada olsa da, onsuz da buna razılıq vermişdi. Lakin Paşinyanla Əliyevin sülhə, ikitərəfli görüşlərə doğru atdığı hər addım Qarabağda və sərhəddə təxribatların baş verməsi ilə müşayiət olunurdu. Qısası, sülh süni yollarla əngəllənirdi. Sonuncu dəfə Şuşada yaşanan təxribat və ardınca sərhəddə atəşkəsin pozulması yeni döyüşləri qaçılmaz hala gətirdi.

Nəticədə, Qarabağ müharibəsi ilə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə və Xocavəndə “sülhməramlı” adı ilə daxil olan Rusiya, sonuncu döyüşlərdən sonra Zəngəzur dəhlizinə və Azərbaycan-Ermənistan dövlət sərhədinə daxil ola bilər.

Sonda isə Rusiyanın Qafqaz siyasətinin qısa icmalı.

“Müharibələri mən başladaram, mən bitirərəm. Güllənin istiqamətini mən müəyyənləşdirərəm. Üstümə qan bulaşacaqsa, qan gölü yaradaram və onun içində yuyunaram...”

Məşhur bir filmdən monoloq!

Nicat İsmayılov
/ednews.net/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.