“Azərbaycan Soçi və Brüssel görüşünə ona görə razılıq verib ki...” - ŞƏRH
23-11-2021, 18:34

“Azərbaycan və Ermənistan liderlərinin görüşünə Brüsseldən əvvəl onsuz da Rusiyanın vasitəçilik edəcəyi bəlli idi. Noyabrın təxminən 10 və yaxud da 11-i üçün Moskvada görüş planlaşdırılmışdı, lakin Ermənistanın baş naziri Nikol Paşinyan imtina edib. Onun bu görüşdən “boyun qaçırmasına” səbəb təqdim edilən öhdəliklərin sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin kommunikasiyaların açılması ilə bağlı olması idi. Daha sonra təklif edilən Brüssel görüşünə isə Paşinyan razılıq verib, çünki orada konkret sənədlərin imzalanacağı nəzərdə tutulmayıb. Yəni, Paşinyanın məsuliyyət yükü azaldığına görə, Brüsselin təklifi ilə razılaşıb”.
Bunu Pravda.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O, Azərbaycan və Ermənistan ölkə başçılarının görüşünə Rusiyanın vasitəçiliyi barədə danışıb. Qeyd edib ki, Ermənistan bütün görüşlərindən əvvəl Rusiya ilə məsləhətləşir: “Yəni, Paşinyan Putinə zəng edərək vəziyyəti məruzə edir və ortaq qərar qəbul edilir. İki dövlət başçısı arasında sonuncu telefon danışığı da məhz noyabrın 21-də baş tutub. Nikol Paşinyan Rusiyanın qəzəbindən qorxduğu üçün həmin danışıq zamanı yenidən üçtərəfli görüş məsələsi müzakirə edilib. Ola bilər ki, Rusiya tərəfindən müəyyən arqumentlər də səsləndirilib, Moskvada olmasa da, Soçidə görüşə dair razılıq əldə edilib. Nəzərə almaq lazımdır ki, Soçi görüşünün gündəliyi Brüssel görüşünkündən fərqlənir. Nikol Paşinyan istəyir ki, sərhəddə sakitlik olsun və onların mövqelərinin təhlükəsizliyi təmin edilsin. Hesab edirəm ki, Ermənistan Rusiyadan imdad diləyib və Rusiya da Soçidə görüşün keçirilməsini şərt qoyub. Əks halda, Brüsseldəki görüş fayda verməyəcək. Azərbaycan isə Soçi və Brüssel görüşünə ona görə razılıq verib ki, Prezident İlham Əliyev hər zaman dövlətimizin diaqloq mühitinə açıq olduğunu elan edib. Sadəcə olaraq, Azərbaycan şərti odur ki, danışıqların məntiqi nəticəsi olmalıdır”.