2024-cü ildə ittifaq dövlətinin prezidenti olmaq istəyir - Putinin yeni imperiya planı

1-12-2021, 18:48           
2024-cü ildə ittifaq dövlətinin prezidenti olmaq istəyir -
“Soçi görüşündən sonra müəyyən problemlərlə üzləşə bilərik. Fikrimcə, Azərbaycan Rusiyanın bəzi maraqlarını təmin etmədi. Çünki Rusiyanın ambissiyaları daha çox imperiya maraqlarına xidmət edir. Azərbaycan bu məsələlərin üzərindən diplomatik yolla keçməklə problemi həll etməyə çalışsa da, bunun həlli sual yaradır. Buna baxmayaraq, hazırda Rusiyanın bizə qarşı tutduğu mövqe Azərbaycanın maraqlarına tam uyğundur”.

Belə bir iddia ilə politoloq Cümşüd Nuriyev Reyting.az-a açıqlamasında çıxış edib.

Cümşüd Nuriyevin fikrincə, Rusiyanın sonralar nə edəcəyini indi proqnozlaşdırmaq doğru olmazdı: “Mənim şəxsi qənaətim belədir ki, Rusiya İttifaq Dövlətini həyata keçirməyə planlaşdırır. Zənnimcə, noyabrın 12-dən sonra türkdilli dövlətlərin bir araya gəlməsi, əməkdaşlığı dərinləşdirmək iradəsinin ortaya qoyulması Rusiyada Azərbaycana qarşı qısqanclıq yaratmışdı. Amma noyabrın 26-da Soçidə üçtərəfli görüş zamanı və sonra Azərbaycan prezidentinin tutduğu mövqe tapıntılı siyasət idi. Başqa sözlə, İlham Əliyevin tapıntılı siyasəti Azərbaycana siyasi sabitlik vəd etdi”.

Politoloq əmindir ki, artıq Rusiya İttifaq Dövlətini yaratmaq üçün addımlar atmağa başlayıb: “Noyabrın 4-də Belarus və Rusiya ittifaqı yaranıb və onun da əsas məqsədi məhz budur. Bunun baş tutub-tutmayacağını zaman göstərər. Məncə, Avropadan Rusiyaya edilən hücumların arxasında da əsasən bu məsələ durur. Avropa arzu etmir ki, Rusiyanın yeni ittifaq istəyi reallaşsın. Bəli, Putin istəyirdi ki, belə bir dövlət yaransın. Hətta onu 2023-cü ilə çəkdi. Çünki 2024-cü ildə seçkilərə getməlidir. Bu ittifaq dövlətinin prezidenti olmaq istəyir. Onun planı budur. Artıq Belarusla razılaşıb. Türkdilli dövlətlər onun əlindən çıxıb. Burada Ermənistan var. Eləcə də Ukrayna və Gürcüstanla problemlər mövcuddur”.

C. Nuriyev sonda diqqətə çatdırıb ki, ittifaq dövlətinə daxil olacaq əsas namizəd Ermənistandır: “Ermənistanda Rusiyanın maraqlarının ziddinə olan proseslər genişlənərsə, bu ölkədə hərbçilərin vasitəsilə dövlət çevrilişi ediləcək. Hələlik ittifaq dövlətinin sırasına qoşulmağa yeganə namizəd Ermənistan olsa da, sonrakı mərhələdə Tacikistan da bu sıraya qoşula bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.