NATO adından çıxış edən Türkiyə - Ankara Ukrayna-Rusiya münaqişəsində hansı diplomatiyanı seçə bilər?
25-12-2021, 08:12

Regionda və dünyada diplomatik və siyasi aktivliyi ilə seçilən Türkiyə, son zamanlar daha da gərgin vəziyyətə çatmaqda olan Ukrayna-Rusiya və Rusiya-NATO üçlüyü arasındakı proseslərdə özünəməxsus mövqedən çıxış edib.
Belə ki, ötən gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Beynəlxalq Təhlükəsizlik Akademiyasının iclasında verdiyi maraqlı bəyanatı ilə diqqəti çəkib.
“Ankara ölkənin milli maraqlarına və mövcud şəraitə uyğun hərəkət edəcək. Sırf Rusiya ilə geniş əlaqələrimiz olduğuna görə prinsiplərimizi və Ukrayna ilə yaxın münasibətlərimizi nəzərdən qaçırmayacağıq. Biz vəziyyətə görə hərəkət edəcəyik. Bu çətin iş olsa da, diplomatiyada hər zaman tələb olunur”, - deyə nazir bildirib.
Çavuşoğlu həmçinin Türkiyənin xarici siyasətindəki “milli maraqlar”, “mövcud reallıqlar” və “ölkənin imkanları və gücü” adlandırılan üç əsas prinsipi xatırladıb.
Türkiyəli diplomat bundan əlavə, Türkiyənin NATO-dakı mövqeyindən danışıb. O, NATO-nun da transformasiyadan keçdiyini söyləyərək, Türkiyənin özünü yeni inkişaflara uyğunlaşdırmağa çalışdığını və diqqətini 2030-cu ilə qədər NATO çərçivəsində gücləndirilməyə yönəltdiyini qeyd edib. Çavuşoğlu eyni zamanda, Türkiyənin NATO-da ikinci ən böyük ordusuna və alyansın əməliyyat və missiyalarına ən çox töhfə verən beşinci ölkə kimi bu səylərdə fəal rol oynadığını vurğulayıb.
"Bəzi ölkələr tərəfindən Aİ-ni NATO-ya alternativ kimi təqdim etmək cəhdləri var. Bu, nə konstruktiv, nə də realdır" - o deyib.
“Transatlantik təhlükəsizliyin bölünməzliyi əsas prinsipimizdir” - deyə o, əlavə edib.
Türkiyəli diplomatın açıqlamalarına nəzər saldıqda ölkənin Şimal Alyansında önəmli bir çəkiyə malik olduğunu aydın şəkildə görmək olur. Bu həm də qarşı tərəf olan Rusiyanın da, belə bir gərgin durumda Türkiyə ilə hesablaşmalı olduğunu ifadə edir.
Siyasi analitik Teymur Qasımlı EDNews.net-ə açıqlamasında Rusiya-Ukrayna və Rusiya-NATO münasibətlərində davam edən gərginliyin həllində Türkiyənin yürütdüyü xarici siyasət və önəmli rolu barədə danışıb.
“Biz bilirik ki, Rusiya-Ukrayna münaqişəsində Türkiyə Respublikası hər zaman Ukraynanın yanında olub. Eyni zamanda Ukraynanın maraqları da Türkiyənin maraqları çərçivəsində olub. Bu xüsusilə Krımın işğalından sonra daha da dərinləşib. Bundan əlavə, Ukraynanın indiki hakimiyyəti də Türkiyəyə yaxınlaşmaqda maraqlıdır. Hətta bu yaxınlaşmanı müəyyən mənada Qərb də dəstəkləyir.
Çavuşoğlunun bəyanatına gəlincə deyə bilərəm ki, Türkiyə hazırda Ukrayna və Rusiya ilə paralel şəkildə pərdəarxası diplomatik danışıqlar aparır. Bu daha çox telefon danışıqları əsasında həyata keçirilir. Təbii ki, Türkiyə müstəqil bir dövlət kimi öz hüquqlarından istifadə edərək hər iki ölkə ilə praqmatik siyasət aparır və münasibətləri qoruyub saxlamağa çalışır.
Ola bilsin ki, gələcəkdə iki tərəf arasında müharibə olarsa, Türkiyə Rusiya ilə münasibətləri tamamilə qırmamaq üçün bitərəf qalsın. Lakin hazırkı durumda Ukraynaya dəstək olmaq Türkiyənin tam maraqlarına uyğundur və bunu davam etdirmək onun hüququdur”.
Teymur Qasımlı Türkiyənin Ukrayna-Rusiya münaqişəsində NATO adından çıxış edərək prosesdə iştirak etməsinin Rusiya ilə münasibətlərə hər hansı bir xələl gətirə bilmə ehtimalına da toxunub.
“Birincisi, Türkiyə NATO-nun üzvüdür və buna görə ABŞ-ın istəyi ilə ağır bədəl ödəyərək əvvəl də Koreya müharibəsində iştirak edib. Buna baxmayaraq istər Suriya, İraq, istərsə də Kipr məsələsində NATO qarşılıqlı olaraq Türkiyəyə dəstək verməyib. Bu gün Türkiyənin Ukrayna məsələsində Qərbin yanında yer alması sadəcə onun NATO-dakı önəmli mövqeyi ilə bağlıdır. Yəni Türkiyə ordusu güclü olduğu qədər, həm də münaqişənin həllində aparıcı gücə sahibdir.
Digər tərəfdən Türkiyənin NATO libasında Rusiyanın qarşısına çıxması Rusiyaya o qədər də təsir etməz. Çünki Rusiya da müəyyən sahədə Türkiyədən qarşılıqlı formada asılı ölkədir. Ən əsası hər iki tərəf Qərbdən qorunmaq üçün bir-birilərindən həm iqtisadi, həm də siyasi sahədə alternativ istifadə edə bilir. Bu səbəbdən də Rusiya Türkiyənin Qərb mövqeyini həzm etmək məcburiyyətindədir”.
Siyasi analitik bundan əlavə Çavuşoğlunun bəyanatında Avropa İttifaqının NATO-ya alternativ hesab edilməsini tənqid etməsinə də toxunub.
“Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun belə bir tənqidi yanaşması və bunu qeyri-konstruktiv hesab etməsi, Türkiyənin NATO-dakı rolunun önəmli olduğunu göstərmək məqsədi daşıyır. Türkiyə Avropa İttifaqına üzvlüyə namizəd olsa da, Avropanın tərkib hissəsi deyil. Lakin Türkiyə NATO üzvləri arasında ən güclü ölkələrdən biridir və Avropa ölkələrinin yanında sözü keçə bilən dövlətdir. Bu səbəbdən də Türkiyə öz önəmli mövqeyini daim qoruyub saxlamaq üçün Aİ-nin NATO-ya alternativ hesab edilməsinin doğru olmadığını dilə gətirir”.
/ednews.net/