Rusiya Kalininqrad, Kuba və Venesuelaya nüvə başlıqlı raketlər yerləşdirmək istəyir - NƏ BAŞ VERİR?

18-01-2022, 12:46           
Rusiya Kalininqrad, Kuba və Venesuelaya nüvə başlıqlı raketlər yerləşdirmək istəyir
Rusiyanın Şimali Atlantika Alyansının genişlənməsinə son qoymaqla bağlı tələblərinin NATO tərəfindən bir daha rədd edilməsi rəsmi Moskvanı alternativ addımlar atmaq məcburiyyətində qoyub. Çox güman ki, Kreml Kalininqrad vilayətində nüvə başlıqlı raket yerləşdirə biləcəyi ilə bağlı mesajı bu səbəbdən verib.Teref.az-ın reyting.az-a istinadən xəbərinə görə, Rusiya ilə Qərb ölkələri arasında Ukrayna böhranı ətrafında aparılan və fiasko ilə nəticələnən təhlükəsizlik danışıqlarından sonra tərəflər diplomatiyanı bir kənara qoyaraq yenidən silahdan təsir vasitəsi kimi istifadə etməyə başlayıblar.

Rusiya tərəfi nüvə başlıqlı raketləri Avropanın ürəyi sayılan Kalininqrad bölgəsində, ABŞ-ın “arxa bağçası” hesab edilən Kuba və Venesuelada yerləşdirə biləcəyini bəyan etsə də, NATO öz qüvvələrini azaltmaq niyyətində olmadığını bildirib.

Kremlin sözçüsü Dmitriy Peskov deyib ki, Rusiya kəskin hərbi addımlar atmağa hazırdır. Qərbdə daha yaxşı başa düşmək üçün Amerikanın “CNN” telekanalına danışan Peskov bəyan edib ki, Rusiya Ukrayna sərhədində olan 100 minlik ordusunu kazarmalara çəkmək fikrində deyil.

Rusiyanın qəzəbini xəbərdarlıq tonu ilə dilə gətirən Peskov bildirib ki, ABŞ və NATO hər keçən gün Ukraynaya yerləşməsi müqabilində Moskvadan qüvvələrini sərhəddən çəkməyi gözləməsi doğru deyil: “Rusiya Ukraynadakı bu hərəkətləri özü üçün ciddi təhlükə saydığından qüvvələrini sərhəddən çəkməyəcək. Həm də Kalininqrad vilayətinə hansı silahları yerləşdirəcəyimiz heç kimin işi deyil. Rusiya öz ərazisində müdafiəsinin tələb etdiyi və məqsədəuyğun saydığı silahları yerləşdirəcək”.

Kuba və Venesuelaya nüvə başlıqlı raketlər yerləşdirmək məsələsinə gəldikdə, Peskov deyib ki, Kuba və Venesuela Ukrayna kimi suveren və müstəqil dövlətlərdir. Hərbi sahədə kiminlə əməkdaşlıq edəcəklərini bilmək onların işidir.

Bu arada NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın sərt bəyanatlarına cavab verib. Kanadanın “CBC” telekanalına danışan Y. Stoltenberq deyib ki, Şərqi Avropada Ukrayna böhranı Qərb tərəfindən deyil, Rusiya tərəfindən alovlandırılır. Baş katib diqqətə çatdırıb ki, Rusiya çox qəribə bir rəftar nümayiş etdirir: “Rusiya öz təhlükəsizliyindən danışır, sanki Ukrayna Rusiya işğalına məruz qalan və əziyyət çəkən ölkə deyil”.

Y. Stoltenberq əlavə edib ki, 2014-cü ildə Ukrayna böhranının fitilini Qərb deyil, Rusiya alovlandırıb və bu səbəbdən öz qüvvələrini sərhəddən çıxararaq qitədə təhlükəsizliyi artırmaq üçün addımlar atmalıdırlar: “O ki qaldı Ukraynaya, o cümlədən Rusiyanın 1997-ci ildən sonra NATO-ya üzv dövlətlərdən silahlarını çıxarması tələbinə, bu, gülünc bir xahişdir. NATO administrasiyası bunu qəbul edərsə, bir çox Avropa ölkələri Rusiya qarşısında aciz qalacaq. NATO-nun belə bir addım atmasından söhbət gedə bilməz”.

Baş katib sonda bir daha diqqətə çatdırıb ki, NATO Rusiya ilə yeni danışıqlara hazırdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.