RUSİYADA DÖVLƏT ÇEVRİLİŞİ TƏHLÜKƏSİ - Reallıq, yoxsa mif... - 2 fərqli rəy

22-01-2022, 12:25           
RUSİYADA DÖVLƏT ÇEVRİLİŞİ TƏHLÜKƏSİ -
Rusiyalıların 22 faizi 2022-ci ildə ölkədə dövlət çevrilişi olacağını gözləyir. Bunu “Levada” mərkəzinin keçirdiyi sorğu göstərib. Sorğu 2021-ci il dekabrın 16-dan 22-dək Rusiyanın 50 subyektini əhatə edən 137 yaşayış məntəqəsində, 1640 nəfər arasında keçirilib.

Qeyd edək ki, “Levada” oxşar rəy sorğularını əvvəllər də aparıb. Mərkəzin mütəxəssisləri deyirlər ki, son sorğunun nəticəsi ölkədə yaxın zamanda dövlət çevrilişi olacağını gözləyənlərin sayının artmasından xəbər verir. 2006-cı ildən bəri təşkil olunan sorğularda bu gözləntinin sayı heç vaxt 22 faizə çatmayıb. 2020-ci il sorğusu isə yaxın gələcəkdə dövlət çevrilişi olacağını deyən respondentlərin sayı 10 faizdən bir qədər çox olub.

Rusiyada dövlət çevrilişi mümkündürmü?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bu ehtimalı mümkün sayır: “Rusiyada dövlət çevrilişinin olacağını söyləyənlərin sayının artması bu təhlükənin artdığının göstəricisi sayıla bilməz. Tamamilə mümkündür ki, bu əhalinin istəyi artsın, çünki onlar Putinin hakimiyyətdən başqa yollarla uzaqlaşdırılmasının qeyri-mümkün olduğunu görməmiş deyillər. Düşünürəm ki, buna sadəcə istək kimi baxmaq lazımdır. Çünki onlar mütəxəssis deyillər, hakimiyyət dairələrində, güc strukturlarında prezident və onun ətrafına olan münasibəti bilmirlər. Bu baxımdan onların rəyi mötəbər sayıla bilməz. Reallıqda belə bir dövlət çevrilişinin olması mümkündürmü? Təbii ki, mümkünsüz deyil. Putinin yeritdiyi siyasətdən kifayət qədər narazı qüvvələr var. Onu da nəzərə alsaq ki, qarşıda Rusiyaya gözlənilən dəhşətli sanksiyalar tətbiq edilə bilər. Əgər bu baş tutarsa-ehtimal edirəm ki, işlər ona doğru gedir-sanksiyalar həm hakimiyyətdə olanlara ciddi zərbə vuracaq, həm də sahibkarlara, iş adamlarına milyardlarla ziyan gətirəcək.

Çünki Amerikanın nəzərdə tutduğu sanksiyalar həqiqətən də ölümcüldür. Belə olan halda Putinə qarşı dövlət çevrilişi cəhdinin olmasını mümkün sayıram. Əgər Putin Ukraynaya hücum etsə, hərbi əməliyyatlara başlasa, nəticədə ABŞ sanksiyalar tətbiq etsə, o zaman Kremlin sahibinə qarşı dövlət çevrilişi cəhdi və onun baş tutma ehtimalı kifayət qədər yüksək olar. Amma Ukraynaya hücum olunmasa, sanksiyalar tətbiq edilməsə, ola bilsin ki, Putin 2024-cü ildə prezident seçkilərində iştirak etsin və saxtalaşdırmasa, mütləq uduzsun. Çünki Ukraynaya münasibətdə onun istədiyini edə bilməməsi Putinin nüfuzuna ciddi təsir göstərəcək. Onsuz da nüfuzu o qədər də yüksək deyil. Son nəticədə onun uduzması real olacaq”.

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli indiki vaxtda Putinin hakimiyyətdən uzaqlaşdırılacağını real saymır: “Rusiya ən yaxın tarixində dövlət çevrilişinə yaxın olaylar yaşayıb. Ötən əsrin sonlarında QKÇP və iki il sonra prezident-parlament qarşıdurmasına göstərə bilərik. 105 il bundan əvvəl Rusiyada çevriliş nəticəsində dövlət quruluşu dəyişdirilib. Düzdür, Rusiyada sanksiyalar nəticəsində sosial-iqtisadi vəziyyət çətinləşib. Amma düşünmürəm ki, Putin hakimiyyəti dövründə bu ölkədə ciddi siyasi kataklizmlər baş versin. Postputin dövrü üçün Rusiyada ciddi dəyişikliklər gözləyirəm. Hətta bu dövlətin dağılmasını da gözləyirəm, amma indiki dövrdə bunu hələ ki ehtimal etmirəm. Rusiyada indi ciddi siyasi kataklizmlər ancaq o vaxt baş verə bilər ki, Putin özünü Hitlersayağı aparıb, qonşu ölkələrə təcavüzünü genişləndirsin. Putin özünü Hitler kimi aparır, amma hələ tam yox. Ona görə bu ölkədə hələlik daxildə Putini sarsıdacaq qüvvə görmürəm. Bir də onu unutmayaq ki, Putini heç olmasa əhalinin 1/3 dəstəkləyir. Bu da Rusiya kimi dövlət üçün çox ciddi rəqəmdir”./musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.