Kreml Zəngəzur dəhlizində Qərbin yolunu kəsir

26-01-2022, 00:02           
Kreml Zəngəzur dəhlizində Qərbin yolunu kəsir
Arazdəyən-Culfa-Ordubad-Meğri-Goradis dəmir yolunun tikintisi Ermənistan üçün maliyyə baxımından ağır yük deyil.

Cebhe.info-nun məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan canlı yayımda belə deyib. Buna baxmayaraq, Ermənistan tərəfi Zəngəzurdan keçəcək dəmir yolunun inşası üçün hələlik heç bir iş görmür. Azərbaycan tərəfi isə dmir yolunun Horadiz-Ağbənd hissəsinin bərpasının yekunlaşdırılmasına xeyli yaxınlaşıb. Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda deyilir ki, işğaldan azad edilən Cəbrayıl rayonunun Mahmudlu stansiyasına qədər 23 km-lik məsafədə relslər qoyulub və yolun sazlanması işlərinə başlanılıb. 2021-ci ilin fevral ayında dövlət başçısının təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir.

Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

Layihə çərçivəsində 8 stansiya, 3 tunel, 41 körpü, 3 qalereya, 4 yolötürücü və ümumilikdə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Birinci mərhələ üzrə artıq torpaq işlərinin 90 faizi yerinə yetirilib, həmçinin 40 suötürücü boru, 9 körpü, 2 heyvan keçidi, 52 ehtiyat keçidi tam tikilib. Yolun 23 km-lik hissəsində üst quruluşu elementləri quraşdırılıb.

Bununla da Füzulinin Horadiz stansiyasından Cəbrayılın Mahmudlu stansiyasına qədər işçi qatarların hərəkəti üçün zəruri şərait yaradılıb. Layihələndirmə və tikinti işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Hazırda 60 km-dən çox ərazi minadan təmizlənib. 50 km-lik hissədə layihələndirmə işləri yekunlaşıb. Keçən ilin dekabr ayından ikinci mərhələ üzrə torpaq işlərinə başlanılıb.

Hazırda Mahmudlu stansiyasından Qumlaq stansiyasına qədər olan 30 km-lik ərazidə yolun torpaq yatağının hazırlanması üzrə intensiv işlər aparılmaqdadır. Layihə üzrə nəzərdə tutulan bütün işlərin 2023-cü ildə tamamlanması planlaşdırılıb. Ancaq Ermənistan hökuməti tikinti-bərpa işlərinin ləngiməsinin səbəblərini açıqlamır. Ona görə də dəmir yolu infrastrukurunun qurulmasına başlanacağı vaxt hələ məlum deyil. Sözügedən dəmir yolu xəttinin ümumi uzunluğu 340 kilometr təşkil edəcək. Bu yolun 45 kilometri Ermənistan ərazisindən keçəcək. Ermənistanın baş naziri Nikol Paşiyan dəmir yolunun inşası və yenidən qurulması üçün 200 milyon dollardan vəsaitdən əlavə 5 milyon dollar dəyərində investisiyaya ehtiyac olduğunu bildirib. Rəsmi İrəvan maliyyə problemlərinin olmadığını əsas gətirsə də, ümidini daha çox xarici şirkətlərə bağlaması Ermənistanın dövlət büdcəsi hesabına bu işləri həyata keçirmək imkanının olmadığını göstərir.

SSRİ dövründə mövcud olmuş və Birinci Qarabağ müharibəsindən sonra dağıdılmış yolun tikintisinin maliyyələşdirilməsinə Avropa Birliyi və Cənubi Qafqaz Dəmir Yollarının konsessiya rəhbərliyini həyata keçirən Rusiya Dəmir Yolları Səhmdar Cəmiyyəti maraq göstərir.

“Nəticədə, dövlət büdcəsindən vəsaitin tələb olunmayacağı mənzərə yarana bilər. Çünki biz maraqlanan və maliyyələşməyə hazır olan Cənubi Qafqaz Dəmir Yolları, Rusiya Dəmir Yolları və ya beynəlxalq Avropa şirkətlərinin bu barədə nə düşündüklərini öyrənməliyik. Bu, maliyyə problemi yarada biləcək məsələ deyil”, - Paşinyan belə deyib. Onun fikrincə, bu dəmir yolunun tikintisi Ermənistanı İran və Rusiya ilə birləşdirəcək, Türkiyə ilə sərhədlər açılsa, Ermənistan Rusiya, Avropa, Çinlə dəmir yolu əlaqəsi əldə edəcək və bunun iqtisadi nəticələri olacaq:

“Sülh gündəliyi deyəndə bunu nəzərdə tuturuq. Bu layihə sülh müqaviləsinin əsasına çevrilə bilər”.

Paşinyan Ermənistan və Azərbaycanın əhəmiyyətli tranzit gəliri əldə edəcəyini də qeyd edib. Nikol Paşinyan dəmir yolunun Ermənistana fayda gətirəcəyini desə də, faktiki olaraq, nəqliyyat və kommunikasiyaların blokdan açılmasına dair əldə edilmiş razılaşmalara əməl etmir.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinə və 2021-ci il yanvarın 11-də qəbul edilmiş razılaşmaya əsasən, rəsmi İrəvan Naxçıvanla Azərbaycanın qərb hissəsini birləşdirəcək nəqliyyat və kommunikasiya vasitələrinin açılmasına dair öhdəliklər götürüb. Ancaq Ermənistan indiyə qədər bu öhdəliyi yerinə yetirməməklə hər iki bəyanatın hüquqi qüvvəsini pozur. Həmçinin, ötən il noyabrın 26-da Soçi şəhərində yenə üçtərəfli formatda qəbul olunmuş bəyannamədə və dekabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüsseldə keçirilmiş görüşündə dəmir yolunun açılmasına dair razılaşma əldə edilib. Ancaq Ermənistan bu razılaşmaların da icrası istiqamətində ciddi addım atmayıb. Avropa Birlyinin və Rusiyanın bölgəyə olan maraqları Paşinyanın özünün dediyi kimi, donor probleminin olmadığını göstərir.

Yəni dəmir yolunun inşası və açılmasına maliyyə ayıracaq şirkətlər var. Lakin Ermənistan Dəmir Yollarının konsessiyası 2008-ci ildə 30 il müddəsinə 100 faiz Rusiyanın idarəçiliyinə verilib. Ona görə də dəmir yolunun inşası ilə bağlı xərcləri Rusiyanın öz üzərinə götürəcəyi istisna edilmir. Geostrateji əhəmiyyətə malik Zəngəzur dəhlizinə nəzarəti əldə saxlamağa çalışan Rusiyanın Avropa Birliyinin sözügedən dəmir yolunun bərpasına investisiya ayırmasına müsbət yanaşacağı inandırıcı görünmür. Bu baxımdan, razılaşmanın həyata keçməsinə daha çox siyasi səbəblərin mane olduğunu söyləmək olar.

Paşinyan hökuməti kommunikasiyaların bərpasında və Ermənistanın dünyaya açılmasında maraqlı olduğunu bəyan etsə də, Zəngəzurdan keçəcək beynəlxalq nəqliyyat dəhlizinə nəzarətin təkbaşına Rusiyanın əlinə keçməsinə, yəni Qərbin bu prosesdən kənarda qalmasında maraqlı deyil. Ona görə də Paşinyan dəmir yolunun inşasına vəsait ayıracaq beynəlxalq donorlar sırasında Rusiya Dəmir Yolları ilə yanaşı, Avropa şirkətlərinin də mövqeyinin vacibliyini vurğulaması Qərbin maraqlarının nəzərə alınmasına hesablanmış manevr cəhdi kimi başa düşülə bilər.

Müşfiq Abdulla
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.