Avropanın göbəyində nüvə təhlükəsi – Qərbdə həyəcanlı müzakirə

26-01-2022, 23:05           
Avropanın göbəyində nüvə təhlükəsi –
NATO Rusiya ilə müharibə olacağı təqdirdə, “nüvə silahları adasını” unudur?

NATO Rusiya ilə müharibə olacağı təqdirdə, “Kalininqrad problemi”ni unudur. Bu fikri Leksinqton İnstitutunun baş tədqiqatçı analitiki Sara Uayt səsləndirib.

“Rusiya ilə iki cəbhədə müharibə? NATO Kalininqrad haqqında unuda bilməz” sərlövhəli məqaləsində analitik qeyd edir ki, Şərqi Avropada mövcud çətin təhlükəsizlik vəziyyətini müzakirə edərkən, “Rusiyanın potensial işğalının iki cəbhədə müharibəyə səbəb ola biləcəyini unutmaq olmaz”.

“Bir tərəfdən hücum NATO-nun ən şərq sərhədində, xüsusən də Polşanın Belarusla sərhədində və ya Baltikyanı ölkələrdən birində baş verə bilər. Digər tərəfdən, NATO eyni sarsıdıcı hücuma, praktiki olaraq öz evindən - yaxşı silahlanmış Kalininqrad bölgəsindən məruz qala bilər. Beləliklə, əksər təhlükəsizlik ekspertlərinin unutduğu “Kalininqrad problemi” tamamilə realdır”, - Sara Uayt vurğulayır.

Ekspert təəssüflə qeyd edir ki, son vaxtlar Kalininqrad getdikcə daha çox nüvə silahları adasına çevrilib: “Kalininqrad vilayətində həm adi Rusiya Silahlı Qüvvələri, həm də nüvə silahı daşıya bilən “İsgəndər-M” ballistik raketləri yerləşdirilib. Əgər Polşa və Litva Kalininqradla sərhədlərini Belarusla sərhədlər kimi tez müdafiə etməyə hazır olmasa, o zaman onlar bir neçə istiqamətdə hərəkət edən rus qüvvələrinin pəncəsinə düşəcəklər”.

“Regiondan gələn təhlükə təkcə “İsgəndər”lər deyil. Rusiya hərbi gəmilərinin böyük bir kontingenti Kalininqrad vilayətində yerləşdirilib və havadan buraxılan qanadlı raketləri daşıya bilən döyüş təyyarələrinin də orada yerləşməsi ehtimalı var. Bütün bu avadanlığın konsentrasiya sıxlığı Rusiya ordusunun regionda bir və ya bir neçə NATO ölkəsinə təcavüzə başlamağa hazır olmasından, eləcə də bu halda Qərb qüvvələrinin sıxışdırılmasının asanlığından xəbər verir”, - deyə məqalədə bildirilir.

Rusiya eksklavından gələn təhlükələri minimuma endirmək üçün amerikalı analitik Polşa və Litvanı “Patriot” raket sistemləri, beşinci nəsil “Lockheed Martin F-35 Lightning II” təyyarələri və “M1 Abrams” tankları ilə təchiz etməyi təklif edir. Eyni zamanda, Leksinqton İnstitutunun eksperti bildirir ki, nə Polşa, nə də Baltikyanı ölkələrin NATO-dan müdafiə silah sistemləri almağa texniki olaraq vaxtı olacaq.

“Bu, bütövlükdə NATO-nun zəif tərəfidir, çünki Rusiya ilə təmas xəttində olan ən həssas ölkələr hücumu dəf etmək üçün müasir silah sistemlərinə sahib olmaya bilər və Avropadakı hər bir NATO ölkəsi Rusiya işğalı zamanı uğurlu əməliyyatın nəticələrindən əziyyət çəkəcək”, - deyə Uayt fikrini yekunlaşdırır.

“EADaily” nəşri əlavə edir ki, Leksinqton İnstitutu ABŞ-ın milli təhlükəsizlik üzrə araşdırma mərkəzidir. Bu nəşr göstərir ki, Qərb də Rusiya ilə mümkün toqquşmanı, Avropanın mərkəzində nüvə silahının tətbiqinə qədər ən təhlükəli ssenariləri nəzərdən keçirir. Vəziyyət həqiqətənmi bu qədər ciddidir? Bunun baş verməsi mümkündürmü?

Mövzunu AYNA-ya tanınmış Qərb ekspertləri şərh ediblər.

Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“NATO Kalininqradı unutmayıb. Əksinə, NATO ölkələri, eləcə də İsveç və Finlandiya Rusiyanın Kalininqrad və Baltik dənizində hərbi fəaliyyətini diqqətlə izləyir. Bu yaxınlarda Baltik dənizində Şimal Donanmasının üç desant gəmisinin peyda olması ilə əlaqədar İsveç özünə məxsus Qotland adasında döyüş hazırlığını artırıb.

Bununla belə, iki cəbhədə mümkün müharibədən danışmaq lazım deyil. NATO-nun hər hansı üzvünə hücum olarsa, 5-ci maddə dərhal işləyəcək – bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Rusiya rəhbərliyi bunu yaxşı başa düşür və NATO ilə hərbi münaqişəyə girməyəcək.

NATO rəhbərliyi yəqin ki, bütün mümkün və qeyri-mümkün ssenariləri nəzərdən keçirir və Avropanın mərkəzində nüvə silahından istifadə - sadəcə mümkün olmayan ssenaridir. O, real deyil.

Ukrayna ətrafında yaranmış gərgin vəziyyətə gəlincə, hesab edirəm ki, diplomatiya öz imkanlarını tükəndirməyib. ABŞ ilə Rusiya arasında dialoq davam edir və NATO-nun Baş katibi Stoltenberq Rusiyanı yeni görüşə dəvət edib. Rusiya və Ukraynanın danışıqlar masası arxasına əyləşməsi də vacibdir.

Bunsuz bu qədər insanın öldüyü Ukraynanın şərqindəki münaqişəni həll etmək çətin olacaq. Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə heç kimin marağında deyil”.

Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professor Aleksandr Rar:

“Mənə elə gəlir ki, Qərbdə vəziyyəti gərginləşdirən və artıq Ukrayna böhranını hansısa kütləvi hipnoza, isteriyaya çevirən müəyyən qüvvələr var. Düşünürəm ki, Rusiyanın öz ərazisində, o cümlədən Kalininqrad vilayətində etdiklərini həm də onun sərhədləri yaxınlığında NATO-nun genişlənməsinə və güclənməsinə qarşı müdafiə reaksiyası kimi müəyyən etmək olar. Burada hansı narrativə kimin hansı tərəfdən baxması daha önəmlidir”.

Müəllif: Rauf Orucov












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.