“Kubada və Venesuelada baza yaratmaqdan söhbət gedə bilməz”

27-01-2022, 12:54           
“Kubada və Venesuelada baza yaratmaqdan söhbət gedə bilməz”
Rusiya Federasiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya Kuba və Venesuelada Sovet dövründə olduğu kimi öz hərbi bazalarını yarada bilməz, çünki bu ölkələr təcriddən çıxmaq və ABŞ-la normal münasibətləri bərpa etmək istəyirlər. O, bunu Rusiyanın aparıcı KİV-lərinə müsahibəsində deyib.

"Kuba, Venesuela bizə yaxın ölkələrdir, bizim tərəfdaşlarımızdır, müstəqil xarici siyasət yürüdən ölkələrdir. Amma bunlar tamamilə suveren ölkələrdir. Biz onların ərazisində heç nə yerləşdirə bilmərik, çünki bu, onların geosiyasi mövqeyinə, öz milli maraqlarına uyğun olmalıdır”, - Medvedev bildirib.

“Kuba və Venesuela da izolyasiyadan çıxmağa, müəyyən dərəcədə Amerika Birləşmiş Ştatları ilə normal münasibətləri bərpa etməyə çalışır, ona görə də nəsə qurmaqdan və ya bir növ baza yaratmaqdan söhbət gedə bilməz. Sovet dövründə vəziyyət fərqli idi, bir sıra ölkələrlə vahid ideologiyaya əsaslanan vahid hərbi infrastruktura malik idik”, - Medvedev əlavə edib.

Medvedev qeyd edib ki, bazaların yerləşdirilməsi haqqında danışmaq düzgün deyil, çünki bu, dünyada gərginliyə səbəb olur. "Bizim bəzi dövlətlərlə qoşunlarımızın orada olması ilə bağlı müəyyən razılaşmalarımız var - Suriya və bəzi başqa ölkələrdən söhbət gedir. Amma “burada baza istəyirik və ya bu barədə razılaşdıq” demək tamamilə yanlışdır. Çünki bu dünyada gərginliyə səbəb olur”, - Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.