Post-Putin dövrü üçün gerisayım: Bakı “start”a hazırlaşmalıdır

28-01-2022, 08:35           
Post-Putin dövrü üçün gerisayım: Bakı “start”a hazırlaşmalıdır
Və ya erməni analitikin dili ilə: “Putinin Rusiyanı idarə etdiyi illəri əldən verilmiş fürsətlər dövrü kimi xatırlamalı olacağıq”

“Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətdə qalma müddəti başa çatır. İnsanlar ölkədə baş verənləri dərk etmirlər”. Bu fikri rusiyalı jurnalist və teleaparıcı Andrey Karaulov “Gordon” nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində səsləndirib. Onun sözlərinə görə, Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi il yarımdan sonra baş verə bilər.

Jurnalist digər rusiyalı ekspertlər kimi, Putinin varisi olaraq Rusiya Federasiyasının hazırkı Baş naziri Mixail Mişustinin adını çəkir. Amma eyni zamanda, Putinin özünün Mişustini varis görmədiyini əlavə edir: “Putin qəti şəkildə hələlik Mişustini varisi kimi görmür. Amma Mişustin bir il yarımdan sonra öldürülməsə, Rusiyanın Prezidenti olacaq. Təbii, insanlarla bacarsalar. Çünki vətəndaşlar üsyan edə bilərlər. Qazaxıstan hadisələri bunun necə baş verdiyini göstərdi. Və süngü yoxdur... İndi başlasaq, yəqin qazax və ya erməni qoşunları da eyni model üzrə bizə daxil olacaq və bundan heç nə çıxmayacaq”.

Qordon buna aydınlıq gətirmək üçün sual verir: Deməli, Putinə il yarım vaxt verirsiniz?

Karaulovun cavabı: Mən yox, tarix. Tarix və Tanrı. Hər şey. Ancaq o (Putin) bacarmadı. Vladimir Vladimiroviç ağıllı insanların gözündə son şansını əldən verdi.

Maraqlı və kifayət qədər ciddi proqnozdur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bir sıra beynəlxalq ekspertlər də bildirirlər ki, Rusiya çöküş ərəfəsindədir. Faktiki olaraq SSRİ-nin varisi olan Rusiya avtoritar Putinin idarəçiliyi ilə imperialist siyasət yürütməkdədir - bacardığı qədər işğal etsin, bacardığı qədər ərazilər götürsün, keçmiş SSRİ-nin tərkibində olmuş müstəqil ölkələrə hökmranlıq etsin, Rusiyanın tərkibinə qatsın, mümkün deyilsə, heç olmasa, bu ölkələri nəzarətində saxlasın. Budur Putin Kremlinin siyasəti.

Dünya isə dəyişib. Ölkələr və onların avtoritar da olsa, liderləri Rusiya boyunduruğunu istəmirlər. Moskvada, Peterburqda keçirilən rəsmi və qeyri-rəsmi sammitlər, toplantılar “şimal ayısı”nın lideri – Vladimir Vladimiroviçi çox da qıcıqlandırmamaq üçündür. Moskva MDB məkanında elə problemlər formalaşdırıb, MDB ölkələri üçün elə münaqişə ocaqları yaradıb ki (Qarabağ, Dnestryanı, Abxaziya və Osetiya, Donbass), müstəqil dövlətlər Moskva ilə hesablaşmağa məcbur qalır. Amma görünür, bu məcburiyyət aradan qalxacaq. Çünki Rusiya və onun lideri bu gün küncə sıxılmış durumdadır. Hazırda Ukrayna ətrafında baş verənlər, NATO ilə demək olar ki, müharibə vəziyyəti Rusiya ətrafında çəmbəri daraldıb.

Proqnozlar isə müsbətdir: Putin gedəcək, Rusiya çöküşü başlayacaq. Bundan, əlbəttə, MDB ölkələri, eləcə də Azərbaycan müsbət nəticələr əldə edə bilər. Necə? Bu suala aşağıda cavab verməyə çalışacağıq.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ermənistanın işğalında olan ərazilərinin 80 faizinə qədərini azad etdi. Tarixə “Vətən müharibəsi” adı ilə düşən İkinci Qarabağ savaşı Azərbaycanın böyük zəfəridir. Amma münaqişə tam bitdimi? - Cavab birmənalı deyil. Çünki hazırda Xocalı da daxil olmaqla, Əsgəran, Ağdərə, Xankəndi və Xocavəndin bir hissəsi hələ də bizim nəzarətimizdə deyil. Düzdür, 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan Üçtərəfli Birgə Bəyanata əsasən, ərazi “Rusiya sülhməramlıları” adlandırılan hərbi kontingentin nəzarəti altındadır. Amma həmin Birgə Bəyanatın demək olar ki, əksər müddəaları yerinə yetirilməyib. Bunlardan biri də, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisini tərk etməsidir ki, həmin müddəa yerinə yetirilməyib.

Belə olan halda, adlarını sadaladığımız rayon və şəhərlərimiz işğalda sayılır. Erməni silahlılarının hələ də Qarabağda olmasının səbəbi nədir? Əlbəttə, Rusiya sülhməramlılarının ya iradəsizliyi, ya da Moskvanın maraqlarının bunu tələb etməsi. Çünki Rusiya sülhməramlılarının əraziyə daxil olması ilə erməni silahlıları ərazimizdən çıxmalı idi. Çıxmasa, terrorçu qruplar sülhməramlılar tərəfindən zorla çıxarılmalı idi. Təbii ki, bunu Rusiya sülhməramlılarının iradəsizliyinə bağlamaq gülüncdür. Bir ovuc separatçı-terrorçu ermənini Qarabağdan rədd etmək sülhməramlılar üçün bir-iki günlük işdir. Demək, çıxarmırlarsa, o zaman sülhməramlıların bağlı olduğu Rusiya Müdafiə Nazirliyinin – yəni Kremlin marağındadır ki, erməni silahlıları Qarabağda qalsınlar.

Müharibə bitdikdən sonrakı 1 il üç aya yaxın vaxtda, sülhməramlı adı altında Qarabağa daxil olan qüvvələrin mütəmadi olaraq hansı oyunlardan çıxdıqlarının, erməni maraqlarına (əslində özlərinin maraqlarına - ermənilər alətdir) necə xidmət etdiklərinə şahidik. Deməli, Qarabağ zəfərimizi tamamlamaq üçün bircə addım qalır: rus hərbçilərinin qarabağdan çıxması və ya çıxarılması.

“Azərbaycanın Putinin hakimiyyətdən gedişindən və Rusiyanın ehtimal olunan çöküşündən özü üçün müsbət qazanc əldə etməsi” deyəndə məhz bunu nəzərdə tuturuq. Əlbəttə, sual oluna bilər ki, Putin hakimiyyətdən getsə, yerinə Mişustin, lap elə həbsdəki müxalifət lideri Sergey Navalnı da gəlsə, Kremlin ənənəvi siyasəti dəyişməyəcək. Bəli, dəyişməyəcək - Birinci Pyotrun vəsiyyəti var.

Amma nəzərə almaq lazımdır ki, SSRİ-nin varisi olan indiki Rusiya Federasiyası müasir dövrün imperiyasıdır. Ən əsası isə Putinin “dəmir əli” ilə idarə olunan bir imperiya. Putin gedərsə, imperiya gücünü itirəcək. Bu halda imperiyanın təsirində olan xalqlar və xırda dövlətlər qazanacaq - əgər qazanmaq istəsələr. Necə ki, şər imperiyası olan SSRİ çökəndə onun əsarətində olan xalqların (müstəqilliyə istəkli olan) bir çoxu qazandı, qanla da olsa, müstəqil oldu (qansız azadlıq olmur). Nəticədə 15 müstəqil dövlət yarandı.

Təbii, yarımqazanclı çıxanlar da oldu - müstəqil olub, amma Rusiyanın hələ də təsirindəki ölkələr. Qazana bilməyənlər də oldu – ya azadlığı istəmədiklərindən, ya da gücləri çatmadığından.

Bütün hallarda imperiyaların dağılması, xüsusilə də, Rusiya kimi imperiyanın dağılması müsbət haldır. Biz öz qazancımızı götürməyə hazırlaşmalıyıq – sülhməramlıları çıxarıb, ərazi bütövlüyümüzü təmin edib, regionda sülhü bərqərar etməliyik. Bunun üçün il yarımdan, 2 ildən sonra münbit şəraitin yaranması ehtimalı böyükdür.

Yazımın sonuna Putinin gedişi və Rusiyanın çöküşü ilə bağlı bir erməni analitikin fikirlərini əlavə edirəm. Siyasi icmalçı Qalust Qriqoryan yazır:

“Biz vəziyyətin belə inkişafına indidən hazırlaşmalıyıq. Çünki vəziyyət indikindən köklü şəkildə fərqlənəcək. Ola bilsin ki, Rusiya təkcə Donbassı deyil, Krımı da qaytarmağa məcbur olsun. Azərbaycan isə Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılmasını tələb edə bilər. Bəs onda biz nə edəcəyik, o zaman "Artsax" xalqını kim müdafiə edəcək? Qərbə ümid yoxdur. Qərb Ukrayna ilə Rusiya arasında böyük müharibə olacağı təqdirdə, qoşun yeritməyəcəyini deyərək, artıq imkanlarının həddi-hüdudunu nümayiş etdirib. Avropanın mərkəzində başlaya biləcək müharibə! Aydındır ki, Qərbdə heç kim Azərbaycan və Türkiyə tandeminə qarşı Ermənistan üçün vuruşmayacaq. Üstəlik, Türkiyə NATO-nun üzvüdür. Bundan başqa, Bakı və Ankara Qərbin nöqteyi-nəzərindən Ukrayna məsələsində özlərini Ermənistandan daha düzgün aparıblar. Ölkəmiz, təəssüf ki, “Məxməri inqilab”ın qələbəsindən əldə etdiyi bütün bonusları artıq itirib. Sonra nə var? Yalnız bir sıra yeni məğlubiyyətlər. Artıq görürük ki, hətta İran Azərbaycanla əlaqələr qurur, hərbi əməkdaşlıq haqqında sazişlər imzalayır, işğal olunmuş ərazilərə sərmayə qoymağı planlaşdırır. Dairə daralır və çox sürətlə. Və belə görünür ki, Putinin Rusiyanı idarə etdiyi illəri əldən verilmiş fürsətlər dövrü kimi xatırlamalı olacağıq”.

Müəllif: Anar Bayramoğlu
ayna.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.