Ermənistan prezidentliyinə kimlərin şansı var - adlar...

28-01-2022, 10:37           
Ermənistan prezidentliyinə kimlərin şansı var - adlar...
Politoloq: “Mahiyyət etibarilə idarəçiliyin bütün mexanizmləri baş nazir Nikol Paşinyanın və onun komandasının əlində olacaq”
Ermənistanın hakim Vətəndaş Sazişi Partiyasının prezidentliyə Araik Arutyunyanı namizəd göstərəcəyi iddia olunur. ArmLur.am saytı yanvarın 26-da belə məlumat yayıb. Prezident kürsüsü Armen Sarkisyan yanvarın 23-də istefa verəndən boşdur. O, səlahiyyətlərinin az, daxili və xarici siyasətdə rolunun yox dərəcəsində olduğunu bəyan edərək istefa verib. Yeni prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərini parlament sədri Alen Simonyan icra edəcək.

Prezidentin səlahiyyət müddəti 7 ildir. Eyni şəxs bir dəfə prezident seçilə bilər. Namizəd 40 yaşına çatmış olmalıdır. Konstitusiyaya görə, prezident seçkisi maksimum 35 gün ərzində keçirilməlidir. Namizədlik üçün parlament deputatlarının azı dörddə birinin dəstəyi gərəkdir. İlk turda seçilmək üçün deputatların dörddə üçünün səsi tələb olunur. İkinci turda namizəd deputatların beşdə üçünün səsini toplamalıdır. Üçüncü turda qələbə üçün sadə səs çoxluğu müəyyən edilib. Ermənistan parlamenti 107 deputatdan ibarətdir. Vətəndaş Sazişi Partiyası qanunverici orqanda 71 mandatla təmsil olunur.

Adı hakim partiyanın prezidentliyə namizədi kimi hallanan Araik Arutyunyan 1979-cu ildə paytaxt İrəvanda doğulub. İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. Tarix elmləri namizədidir. 2018-2019-cu illərdə elm və təhsil naziri, 2019-2020-ci illərdə elm, təhsil, mədəniyyət və idman naziri olub, 2020-ci ildən baş nazirin böyük müşaviri postunu tutub. 1 iyul 2021-ci ildən hökumət aparatına rəhbərlik edir, subaydır.

Paşinyan prezident postuna nəzarəti də götürsə, nələr dəyişəcək, sülh müqaviləsinə, münasibətlərin - həm də Ankara ilə - inkişafına hansı müsbət nəticələri ola bilər?

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ermənistan parlamentində keçiriləcək prezident seçkilərinin bu ölkənin ictimai-siyasi həyatına və xarici siyasətinə necə təsir göstərəcəyini nüəyyənləşdirmək üçün, ilk növbədə onun səlahiyyətlərinin çərçivəsində nəzər salmağı vacib hesab edir: “Ermənistan Konstitusiyasına görə, prezident parlament tərəfindən qəbul edilmiş qanunları 21 gün ərzində təsdiqləyir və bu müddət ərzində onun konstitusiya məhkəməsinə izah üçün müraciət etmək hüququ var. Əgər bu müddət ərzində prezident qanunu təsdiqləmirsə, o zaman parlamentin sədri 5 gün ərzində bu vəzifəni yerinə yetirir. Bununla yanaşı, prezident parlamentin hökumətə etimadsızlıq göstərəcəyi, yaxud proqramını təsdiqləməyəcəyi təqdirdə nazirlər kabinetinin istefasını qəbul edir. Prezident baş nazirin təklifinə əsasən, hökumətin tərkibində dəyişikliklər edir, silahlı qüvvələrin ali vəzifəli şəxslərini təyin və azad edir, yüksək hərbi rütbələr verir, hökumətin təklifi əsasında ratifikasiyaya ehtiyacı olmayan beynəlxalq müqavilələri imzalayır, təsdiqləyir, qüvvədən düşdüyünü bəyanlayır, vətəndaşlığın verilməsi və dayandırılması, əfv və s. bu kimi məsələləri həll edir. Göründüyü kimi, Serj Sərkisyanın zamanında qəbul edilən konstitusiyaya uyğun olaraq, Ermənistan prezidentinin ölkənin ictimai-siyasi həyatına təsir edə biləcək səlahiyyətləri yoxdur. Ermənistanda prezidentlik institutu formal bir vəzifədir”. Amma E.Mirzəbəylinin qənaətincə, heç şübhəsiz ki, bu vəzifəni heçə saymaq da doğru olmazdı: “Çünki ən azı prezidentlə hökumət arasında yaranmış fikir ayrılıqları ictimai rəyə və hökumətin beynəlxalq nüfuzuna təsir göstərə bilər. Ermənistan prezidentinin seçilməsinə gəldikdə isə bu ölkənin parlamentinin tərkibi və fraksiyalararası kəskin münasibətlər prezidentin birinci turda seçilə biləcəyi ehtimalını istisna edir. Çünki bunun üçün səslərin dörddə üç hissəsini qazanmaq lazımdır. Hazırda Ermənistan parlamentinin 105 deputatı var. 72 deputat hakim partiyanı, 27 deputat ”Hayastan" (Ermənistan), 6 deputat isə “Şərəfim var” bloklarını təmsil edir. Birinci turda uğur qazanmaq üçün namizədlərdən biri ən azı 79 deputatın səsini qazanmalıdır. Bu isə hazırda real deyil. İkinci turda isə prezident sadə səs çoxluğu ilə seçiləcəyi üçün “Vətəndaş müqaviləsi” partiyasının namizədinin seçilməsinə mane ola biləcək heç bir mexanizm yoxdur. Yəni prezident seçkilərinin taleyi indidən həll olunub". Politoloq qeyd etdi ki, müxalifət də bunu yaxşı başa düşdüyü üçün hələlik öz namizədini irəli sürməyə tərəddüd edir: “Çünki onsuz da məğlub olacaq. ”Vətəndaş müqaviləsi" partiyasının namizədi isə, bu, istər Araik Arutyunyan olsun, istərsə də bir başqası, son nəticədə hökumətin qərarlarına təsir göstərmək gücündə olmadığı üçün mahiyyət etibarilə idarəçiliyin bütün mexanizmləri baş nazir Nikol Paşinyanın və onun komandasının əlində olacaq. Yeganə fərq isə ondan ibarət olacaq ki, prezidentlə hökumət arasında fikir ayrılıqları olmayacaq. Vəssalam. Hazırda hakim partiyanın namizədi kimi Araik Arutyunyanın adı çəkilsə də, hələlik bununla bağlı rəsmi mövqe ifadə olunmayıb. “Vətəndaş müqaviləsi”nin namizədi bu partiyanın sıralarından olmaya da bilər". E.Mirzəbəyli qeyd etdi ki, namizədlərin arasında “İşıqlı Ermənistan” partiyasının sədri Edmond Manukyanın adı da çəkilir: “Manukyan hazırda parlamentdənkənar müxalifət partiyasının sədri olsa da, onun bir zamanlar Nikol Paşinyanla eyni blokun - ”Yelk"in təsisçiləri olduğunu da unutmaq lazım deyil. Qeyd edim ki, Edmond Manukyan Zəngəzur istiqamətində Rusiyanın Azərbaycan ərazisində müvəqqəti missiya həyata keçirən sülhməramlı kontengenti ilə intensiv əlaqədə olacaq hərbi bazasının yerləşdirilməsi təşəbbüsü ilə çıxış edir. Düşünürəm ki, bu məqam mütləq diqqətə alınmalıdır. Bütövlükdə, növbəti Ermənistan prezidentinin kimliyi ilk növbədə rəsmi İrəvanın öz üzərinə götürdüyü öhdəlikləri icra etməsi baxımından veriləcək siyasi mesaj kimi daha böyük əhəmiyyət kəsb edir. Əgər hakim partiyanın namizədi baş nazirin aparatının rəhbəri Araik Arutyunyan olacaqsa, o zaman sülh müqaviləsinin hazırlanması və razılaşdırılması istiqamətində intensiv bir fəaliyyətin ortaya qoyulacağını gözləyə bilərik. Yox, əgər hakim partiyanın namizədi Edmond Manukyan kimi peşəkar təxribatçı olacaqsa, deməli, Ermənistan və onu yönəldən qüvvələr prosesin dondurulmasına çalışacaqlar".

Ermənişünas alim Qafar Çaxmaqlının qənaətincə, Ermənistan prezidenti istefa verəndən sonra bu posta Paşinyanın istədiyi adamın gətiriləcəyi şübhə doğurmur: “Həm də onu parlamentdən keçirmək məsələsi var. Müxaliflər öz namizədlərini verəcəklər. Rusiyanın dəstəyinə bel bağlayan Köçəryan buna həvəslənib, amma belə bir iş gerçəkləşərsə, Ermənistanda hakimiyyət böhranı dərinləşə bilər və Rusiya bunu istəməz. Paşinyan tərəfsizlərdən birini də bu posta gətirmək istərdi. İndi ”İşıqlı Ermənistan" partiyasının lideri Edmon Manukyan və keçmiş baş nazir Aram Sərkisyanın da adı hallanır. İkincini üzərində durula bilərlər, çünki o, inteqrasiya tərəfdarıdır və Türkiyə, həmçinin Azərbaycanla əlaqələrin qurulması üçün çoxsaylı müsahibələri olub. Həm də 1999-da parlamentdə öldürülən baş nazir Vazgen Sərkisyanın qardaşıdır, cəmiyyətdə hələ də Sərkisyana simpatiya var. Paşinyana planlarına mane olmayacaq prezident lazımdır. O posta nəzarəti ələ keçirsə, atdığı addımlar daha effektli ola bilər".

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, Ermənistanda prezident seçkiləri gərgin mübahisə şəraitində keçəcək: “Ermənistanda Armen Sərkisyanın istefası gözlənilirdi. Serj Sərkisyanın namizədi kimi o, Paşinyanın intriqalarına tuş gəlirdi. Paşinyan prezidentlə açıq mübahisələr aparır, onu tez-tez tənqid edirdi. Eyni zamanda Paşinyanın partiyasından olan deputatlar Armen Sərkisyanı ”söz linçi"nə məruz qoyurdu. Qərbə demokratiya maskası göstərib ölkə içində avtoritar əhval-ruhiyyəni ideoloji əsas edən “nikolizm” Paşinyanın onu qəbul etməyənlərlə çək-çeviri ilə yekunlaşdı. Bu baxımdan növbəti Ermənistan prezidentinin Paşinyana yaxın adamlardan birinin olmağı üçün hər şeyin ediləcəyi məlumdur. Ümumilikdə isə Paşinyanın əsas məqsədi onunla hesablaşan prezidentin olmağıdır. Çünki onun yaxin hədəflərindən biri referenduma getmək və daha güclü səlahiyyətlərə malik gələcək Ermənistan prezidenti olmaqdır. Onun və ətrafının bütün planları buna hesablanıb". T.İsmayılov hesab edir ki, Arutyunyan indilik qəsdən dövriyyəyə buraxılan isim ola bilər: “Mənə elə gəlir ki, hazırda Ermənistan qanunlarına görə müvəqqəti Ermənistan prezidenti sayılan parlament sədri Alen Simonyan bu postdan istefa verərək prezidentliyə namizəd olacaq. Parlamentin spikeri vəzifəsinə isə Türkiyə ilə danışıqlar üzrə nümayəndə Ruben Rubinyan təyin edilə bilər. Ümumilikdə indiki konstitusiyada prezidentin təsir imkanları çox zəifdir. Lakin Paşinyan bəzi qərarlarda müqavimətlə üzləşməmək üçün ona biət edən personanın prezident kürsüsündə əyləşməyini istəyir. Nəzərə almaq lazımdır ki, indi Ermənistan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmağından danışır. Bu baxımdan Paşinyanın görmək istədiyi prezident danışıqlar prosesində və gələcəkdəki sülh quruculuğunda ”kamikadzelik" edə bilməyəcək". Ekspert qeyd etdi ki, Robert Köçəryan növbədənkənar parlament seçkilərində aldığı biabırçı fiaskodan sonra seçkidə namizəd olmayacaq: “Ümumilikdə, prezident parlament tərəfindən təyin edildiyi üçün və Paşinyan parlamentdə çoxluğu əldə etdiyi üçün ”Hayastan" bloku və digər müxalif qruplardan kiminsə namizədliyi dəstəklənməyəcək. Beləliklə, Paşinyan 7 il ərzində prezidentlik institutunu da nəzarətə götürüb sonradan referendum xəyallarını gerçəkləşdirəcək".

Elşad PAŞASOY,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.