“Bakı və Ankara Qarabağ və Naxçıvana gedən dəhlizlə məhdudlaşmayacaq” - Culfalakyan

1-02-2022, 11:49           
“Bakı və Ankara Qarabağ və Naxçıvana gedən dəhlizlə məhdudlaşmayacaq” - Culfalakyan
“Bir il əvvəl sizinlə döyüşən ölkə ilə danışıqlara başlaya bilməzsiniz. Türkiyə və Azərbaycan təkcə Qarabağ və Naxçıvana dəhliz tələb etməklə kifayətlənməyəcəklər”.

KONKRET.az xəbər verir ki, bu sözləri hakim partiyanın keçmiş deputatı, yunan-Roma güləşi üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı, tarix elmləri namizədi Arsen Culfalakyan Sputnik Ermənistan-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, guya münaqişənin yekun “həllinə” dair Türkiyə və Azərbaycanla danışıqlar aparılır. Lakin Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi təkcə ictimaiyyətdən deyil, həm diplomatlardan, nazirliyin özündən də gizli danışıqlar aparır.

Bir il əvvəl sizinlə döyüşən ölkə ilə, üstəlik, Ermənistan üçün bu qədər əlverişsiz sülhün bağlandığı bir şəraitdə siz danışıqlara başlaya bilməzsiniz. Nəyin bahasına olursa-olsun, İrəvana yekun sülh müqaviləsi lazım olduğunu təbliğ etmək olmaz.

“Burada sual yaranır: bu sülh hansı şərtlərlə bağlanacaq? Bizə izah edin. İndiki hakimiyyət orqanlarının heç biri bu barədə ciddi danışmır, sadəcə olaraq nəyisə xırda-xırda xəbər verirlər”, – deyə eks-deputat qeyd edib.

Eyni zamanda, eks-deputatın sözlərinə görə, indi hansı şəraitdə sülh bağlanmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan daim bəyan edirlər ki, onların son hədəfləri təkcə Qarabağ və Naxçıvana dəhliz deyil, həm də Sevan, İrəvan və Sünikdir.

Culfalakyanın sözlərinə görə, Türkiyənin siyasəti uzunmüddətli perspektivə hesablanıb, bu, hazırkı liderin fiqurundan asılı deyil. Ankaranın Osmanlı İmperiyasını yenidən yaratmağa yönəlmiş uzunmüddətli strategiyası var. Ola bilsin ki, keçmiş sərhədlər daxilində deyil, amma bütün layihələrdə Ermənistan Ankaranın maraq dairəsindədir.

“Biz müqavimət göstərmirik. Baş nazirlə müsahibədə mən Azərbaycan və Türkiyənin hüquqlarının bizim ölkədən daha çox qorunduğunu görürəm. Bəs bizim maraqlarımız haradadır?”, – deyə Culfalakyan soruşub.

Dövlət kimi mövcud olmaq istəyən heç bir ölkə öz torpaqlarından imtina edə bilməz. Cəmiyyət bir məsələdə razılığa gəlməlidir – var olmaq, inkişaf etmək, müstəqil olmaq üçün ordunun olması lazımdır.

“Dövlət öz torpaqları, sərhədlərinin toxunulmazlığı üçün mübarizə aparmalıdır. Başqa cür olmur. Biz elə bir coğrafi vəziyyətdəyik ki, İsveçrə kimi yaşaya bilmərik”, – Culfalakyan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.