Paşinyandan qiyama qarşı yeni gediş - NƏ BAŞ VERİR?

1-02-2022, 19:11           
Paşinyandan qiyama qarşı yeni gediş - NƏ BAŞ VERİR?
Hakim “Vətəndaş Müqaviləsi” Partiyası Ermənistan Prezidenti postuna namizədini müəyyənləşdirib.

Dövlət başçısı postuna hazırkı yüksək texnologiyalar sənayesi naziri, bitərəf Vaahn Xaçaturyanın namizədliyinin irəli sürülməsi qərara alınıb. Qeyd edək ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan Ermənistan prezidentliyinə keçmiş elm, təhsil, mədəniyyət və idman naziri Araik Artunyanın namizədliyini təklif etmişdi. Lakin Paşinyanın bu addımı Mülki Müqavilə Partiyası daxilində ciddi fikir ayrılığına səbəb olduğundan dəstək qazana bilmədi. Ona görə də siyasi elita öz namizədini dəyişməli oldu. Vaahn Xaçatryan Ermənistan cəmiyyətində populyar siyasi fiqur kimi tanınmır. Bu baxımdan, V.Xaçatryanın siyasi bioqrafiyası onu tanımayanlar üçün suallar doğrurur.

1959-cu ildə Ermənistanın Qarakilsə rayonunda anadan olan V.Xaçatryan 1980-ci ildə İrəvan Dövlət Universitetini bitirib. İxtisasca iqtisadçı olan V.Xaçatryan 1982-1989-cu illərdə “Razdanmaş” sənaye müəssisəsinə rəhbərlik edib. 1989-1992-ci illərdə “Mars” dövlət müəssisəsinin direktor müavini işləyən V.Xaçatryan, 1990-1996-cı illərdə İrəvan Şəhər Soveti İcraiyyə Komitəsinin deputatı, 1992-1996-cı illərdə isə İcraiyyə Komitəsinin sədri olub. Ermənistan Prezidentliyinə namizəd İrəvanın ilk meri vəzifəsində çalışıb. Vaahn Xaçatryan 1995-1999-cu illərdə Ermənistan Milli Məclisinin deputatı seçilib. Xaçatryan 1996-1998-ci illərdə Ermənistan prezidentinin müşaviri işləyib.

Onun tərcümeyi-halından görünür ki, Xaçatryan birinci prezident Levon Ter-Petrosyanın kadrı sayılır. Ona görə də Robert Köçəryan prezident seçildikdən sonra Xaçatryan müşavir postundan istefa verib. Bundan sonra müstəqil fəaliyyətə üstünlük verib. Vaahn Xaçatryan 2000-ci ildə “Armat” Demokratiyanın və Vətəndaş Cəmiyyətinin İnkişafı Mərkəzini yaradıb. 2002-ci ildə Politologiya, Hüquq və İqtisadi Araşdırmalar Mərkəzinin vitse-prezidenti kimi fəaliyyətə başlayıb. 2006-cı ildə “Alternativ” ictimai-siyasi təşəbbüslər mərkəzini təsis edən V.Xaçatryan 2019-2020-ci ildə ölkənin ən böyük sahibkarlarından biri, hakim partiyadan olan deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus olan Ermənistan İqtisadiyyat Bankı ASC-nin İdarə Heyətinin üzvü olub. 2021-ci ildə isə Paşinyan hökumətində yüksək texnologiyalar sənayesi naziri təyin edilib. Xaçatryan siyasi lider kimi tanınmasa da Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə səs üstünlüyünə malik olması ona prezident seçilmək imkanı verir. Üstəlik, onun bitərəf olması, yəni partiya mənsubiyyətinin olmaması Vaahn Xaçatryana müxalifət deputatların da səslərini qazanmaq imkanı verə bilər. Onun siyasi karyerası daha çox 1991-1998-ci illərdə Ermənistan prezidenti olmuş Levon Ter-Petroyanla bağlıdır. Ter-Petrosyanın istefasından sonra V.Xaçatryan Ermənistanda siyasi müxalifətə keçib və vətəndaş cəmiyyətində fəaliyyət göstərməklə Köçəryan-Sarkisyan rejiminə qarşı tənqidi mövqe tutub. Sonradan onun Paşinyan hökuməti sıralarında fəal siyasətə qayıtması da bunu sübut edir. Ancaq Xaçatryanın Paşinyanla yaxınlığı daha çox onun keçmişi ilə bağlıdır. 1998-ci ildə impiçment edilmiş Levon Ter-Petrosyanın hüquqlarının müdafiəsi komitəsinin əsas təşkilatçılarından olan gənc jurnalist Nikol Paşinyan sonradan birinci prezidentin rəhbərlik etdiyi Erməni Milli Konqresinin əsas fəallarından biri kimi fəaliyyət göstərib. Xaçatryan da vəzifədə olduğu müddətdə Ter-Petrosyanın komandasının üzvü olmaqla yanaşı, 2017-ci ilə qədər Erməni Milli Konqresinin sıralarında fəaliyyət göstərib. Ermənistan Konstitusiyasına görə, Prezident heç bir siyasi partiyanın üzvü olmamalıdır. Ona görə də V.Xaçatryanın partiya mənsubiyyəti Prezident olmaq üçün ona ciddi maneəyə çevrilib.

Xaçatryan özü isə bununla bağlı yaranmış anlaşılmazlığı belə izah edib: ““Bu, mənim günahımdır. Mən 2017-ci ildən partiya fəaliyyətini dayandırmışam. Sadəcə olaraq, müvafiq ifadənin olub-olmaması problemi var. İndi bu məsələyə aydınlıq gətirilir”.

2018-ci ildə N.Paşinyan hakimiyyətə gəldikdən sonra Ter-Petrosyanla siyasi əməkdaşlıqdan imtina etsə də, bu gün Ermənistanın gələcək perspektivi, xüsusilə də İkinci Qarabağ müharibəsinin nəticələrinə münasibətlə bağlı hər iki şəxsin kursu üst-üstə düşür. Ermənistanın Qarabağa olan ərazi iddiasından imtinası, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası istiqamətində Paşinyanın atdığı addım faktiki olaraq, Ter-Petrosyanın zaman-zaman səsləndirdiyi çağırışlarla eynilik təşkil edir. Təbii ki, Paşinyanın bu mövqeyi Ermənistan hökumətin Ter-Petrosyanın diqtəsi ilə hərəkət etməsi demək deyil. Məsələ bundadır ki, Ermənistanın Baş naziri qarşıdan gələn konstitusiya referendumundan sonra Azərbaycan və Türkiyə ilə münasibətlərdə yeni mərhələ açmaq istəyir. Buna nail olmaq üçün ona ilk növbədə, Ermənistan hakimiyyəti daxilində monolitliyi təmin etmək lazımdır. Konstitusiyanın yeni mətnində Ermənistanın dövlət gerbindən Türkiyəyə ərazi iddiası hesab olunan Ağrı dağının təsvirinin, “Qərbi Ermənistan” ifadəsinin çıxarılacağı gözlənilir.

Bundan başqa, hazırkı konstitusiyaya görə, qondarma erməni soyqırımının beynəlxalq aləmdə tanınması Ermənistanın xarici siyasətinin əsas prioritetlərindən biri kimi göstərilir. Türkiyə ilə aparılan danışıqlardan asılı olaraq, bu məsələnin də konstitusiyadan çıxarılacağı və dəyişikliyə məruz qalacağı ehtimalı olunur. Bu mənada, istefa vermiş mühafizəkar prezident Armen Sarkisyanla Paşinyan hökumətinin baxışları ziddiyyət təşkil edirdi. Paşinyana isə referendumdan sonra yeni konstitusiya mətnini imzalayacaq “sözəbaxan prezident” lazımdır. Vaahn Xaçatryan prezident seçilərsə, N.Paşinyan bu problemdən azad olacaq və Prezidentin heç bir müqaviməti ilə üzləşməyəcək.

Prezidentliyə namizədin baxışları eynilik təşkil edən siyasi qüvvə içərisindən seçmək Paşinyana hakimiyyətdaxili qiyamların qarşısını almaqda və ikitirəliyə son qoymaqda da kömək edə bilər. Lakin V.Xaçatryanın parlamentar sistemi tənqid edərək və Ermənistanın mövcud idarəetmə quruluşunda çatışmazlıq yaratdığını deməsi onun Prezidentin mövcud səlahiyyətləri ilə kifayətlənməməsi kimi başa düşülə bilər.

Görünür, Xaçatryan 2015-ci ildə qəbul edilmiş konstitusiyaya hörmətlə yanaşdığını bildirsə də, referendumdan sonra özünə əlavə səlahiyyətlərin verilməsinin vacibliyinə işarə edir. Paşinyanın ona bu vəzifəni hələ rəsmən təklif etməməsi isə Baş nazirin hələ bu barədə yekun qərara gəlmədiyindən xəbər verir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.