Ermənistanda sosial partlayış olacaq: “Son ümidi Azərbaycan və Türkiyədir”

2-02-2022, 00:03           
Ermənistanda sosial partlayış olacaq: “Son ümidi Azərbaycan və Türkiyədir”
Ermənistanda fevralın 1-dən elektrik enerjisi tarifləri artırılıb.

Ölkənin İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyası yeni qiymətləri təsdiqləyib. Bununla da, Ermənistandakı elektrik enerjisinin qiymətləri 11% artırılıb. Yəni elektrik enerjisi üçün gündəlik tarif 47,98 dramdan 53,48 dram-a qaldırılıb. Görünən odur ki, Ermənistandakı böhran dərinləşməyə davam edir. Bu isə ölkədə sosial partlayışa səbəb olacaq.

Cebhe.info-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib ki, Ermənistanda mövcud olan siyasi gərginlik, radikal fikir ayrılıqları cəmiyyətə, cəmiyyətdə olan çaşqınlıq isə dövlətə təsirsiz ötüşmür:

"Əvvəla onu qeyd edək ki, Ermənistanın sosial-iqtisadi vəziyyəti acınacaqlıdır. Üstəlik, fevralın 1-dən etibarən Ermənistanda elektrik enerjisi tarifləri artırıldı. Bütövlükdə, ölkədə qiymətlər 11% artırılaraq, elektrik enerjisi üçün gündəlik tarif 47,98 dramdan 53,48 drama qaldırılıb. Həmçinin, Ermənistanda yoxsulluq da artır. Belə ki, bu il yoxsul əhalinin 35%-ə çatacağı ehtimal olunur. Eyni zamanda, əhalinin təbii artımında azalma baş verir. 2021-ci ilin göstəricilərinə görə, Ermənistanın dövlət borcu 1.24 milyard ABŞ dollarıdır. Əsas məsələ ondan ibarətdir ki, bütün dünyada hökm sürən mövcud iqtisadi və sosial vəziyyət kontekstində dövlətlərin siyasəti, verilən qərarları mövcud duruma necə və hansı dərəcədə cavab verdikləri ilə ölçülür. Ermənistandan gələn xəbərlər və rəqəmlər onu göstərir ki, ölkə bu çağırışlara cavab verə bilmir, getdikcə batır, ölkədə hərtərəfli böhran dərinləşir".

Politoloq qeyd edib ki, Ermənistan postmüharibə reallığını da düzgün dəyərləndirməyi bacarmır:

"Birincisi, müharibədən əvvəl də Ermənistan sosial-iqtisadi inkişafa cavab verə bilməyən, neqativ yanaşma sərgiləyən və insanlara səyləri ilə vəziyyətlərini yaxşılaşdırmaq imkanlarını təmin edə bilməyən dövlət idi. Bu səbəbdən idi ki, ölkədə demoqrafik vəziyyət getdikcə pisləşirdisə, müharibədən sonra ölkəni tərk edənlərin sayında indi daha kütləvi artım var. Ümumiyyətlə, Ermənistanın daxilində baş verən hadisələr onun xarici siyasətində atdığı yanlış addımlarla birbaşa əlaqəlidir.

Ermənistanda hökm sürən qeyri-stabil ictimai-siyasi gərginliklər fonunda Paşinyan vəziyyəti adekvat dəyərləndirməyi bacarmalıdır. Dövlətimizin başçısının da dediyi kimi, öhdəliklərini yerinə yetirməsə, müstəqilliyi sual altına düşə bilər. Azərbaycanla, Türkiyə ilə münasibətləri tənzimləmək onlar üçün yeganə nicat yoludur. Əks təqdirdə hazırda atılan addımlar Ermənistanı iqtisadi və sosial partlayışa aparır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.