Kirildən möcüzə gözləməyə dəyməz

5-05-2022, 17:15           
Kirildən möcüzə gözləməyə dəyməz
Müharibəni Roma Papası özü Putinlə təmas quraraq diplomatik yolla dayandıra bilər

Dünya katoliklərinin lideri, Roma Papası Fransisk Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillə Zoom videoformatında görüşüb. Papa deyib ki, silahlardan istifadəyə və müharibəyə son qoymaq üçün din xadimləri dinc həll yolları aramalıdırlar. O, Kiyevə yollanmaq fikrində olmadığını söyləyib: “Bunu dəfələrlə demişəm. Hiss edirəm ki, belə səfərə ehtiyac yoxdur. Əvvəlcə Moskvaya getməli, Putinlə görüşməliyəm”.

Roma Papası bildirib ki, rus pravoslav kilsəsinin rəhbəri videogörüş əsnasında tam 20 dəqiqə əlində xəritə tutaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinə haqq qazandırmağa çalışıb: “Tam 20 dəqiqə əlində xəritə tutaraq müharibəyə haqq qazandırmaqla məşğul oldu, əlindəki kağızdan oxuyaraq məni inandırmağa çalışdı. Dinlədim və dedim: qardaşım, heç nə anlamıram, dövlət məmuru deyilik. Siyasətin yox, İsa Məsihin dilindən istifadə etməliyik. Patriarx prezident Putinin keşişinə çevrilə bilməz. Sən Putinin şəxsi keşişi deyilsən axı...”. Papa Kirilin Putini geri addım atmağa razı sala biləcəyinə inanmadığını deyib. Roma Papası Ukraynadakı müharibə ilə bağlı bədbin əhval-ruhiyyədə olmaqla bahəm, Vladimir Putinin indi müharibəni dayandıracağına inanmır. O, müharibənin dayandırılması üçün Patriarx Kirilin də Rusiya Prezidenti Vladimir Putinə təsir edə biləcəyinə ehtimal vermir. Papa əlavə edib ki, Macarıstan prezidenti, Avropada Putinə ən yaxın dövlət və hökumət başçısı sayılan Viktor Orban ona Rusiyanın Ukraynada hərbi əməliyyatları mayın 9-da bitirmək niyyətində olduğunu deyib: “Bu proqnozun Almaniya üzərində qələbənin ildönümünün simvolik əhəmiyyətindən savayı nəyə əsaslandığını bilmirəm. Bədbinəm. Lakin müharibəni dayandırmaq üçün hər şeyi etməliyik”. Xatırladaq ki, Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirill indiyədək açıq-aşkar şəkildə Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsə də, bütün son bəyanatlarında və açıqlamalarında Rusiya hakimiyyətinin siyasəti imlə həmrəy olduğunu bildirib. Məsələn, o, “Donbassda metafizik mübarizə gedir, donbaslılar iyrənclikləri, o cümlədən gey-paradları istəmirlər” demişdi: “Kimsə ilə savaşmırıq, tarix boyu Rusiya kimsəyə hücum etməyib. Heyrətamizdir - qüdrətli və böyük ölkə heç vaxt kimsəyə hücum etməyib, yalnız sərhədlərini qoruyub”. Rusiyanın "tarix boyu kimsəyə hücum etməməsi" ilə bağlı iddia absurd olduğundan, patriarx Kirilin bu açıqlaması Qərbdə istehza ilə qarşılanıb.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, Roma Papası Rusiya patriarxı ilə yanaşı, ABŞ, Fransa və İngiltərəyə də müraciət etməlidir. Professorun sözlərinə görə, sülh çağırışı Rusiya ilə yanaşı, Qərbə də ünvanlanmalıdır:

“Müharibəni başladan Rusiyadır, ancaq savaşı körükləyən Qərb ölkələridir. Əlbəttə, katoliklərin rəhbərinin Kirilə müraciəti müsbət və məntiqli gedişdir. Amma Kiril Rusiyada nəyisə dəyişmək, nəyəsə təsir göstərmək gücündə deyil. Kreml “dinin dövlətdən ayrı olduğunu” bəyan edərək Kirilin siyasi-hərbi məsələlərə müdaxiləsinə imkan vermir. Rusiyanın dini lideri kəşfiyyat orqanları ilə sıx əlaqədədir. Kəşfiyyatın razılığı və təlimatı olmadan Kiril özbaşına addım ata bilməz. Belə şəraitdə Kirilin Putini müdafiə etməsi anlaşılandır. Hər ikisinin paqonu var, lakin Kirilin paqonu gizlidir, görünmür. Həm də ruslar dindar topluluq deyillər ki, öz dini liderlərinin çağırışına dərhal əməl etsinlər, ən azından nəzərə alsınlar. Amma Roma Papası doğru analiz edir ki, müharibəni bitirmək üçün Moskvaya səfər etməli və Putinlə görüşməlidir. Papa Putinlə videoformatda da görüşə bilər. O, təkcə dini lider deyil, eyni zamanda teokratik dövlət olan Vatikanın rəhbəri, prezidentidir. Yəni rəsmi statusu da var. Roma Papası üç aydır gedən müharibəni dini liderlərə çağırışla deyil, Putinlə təmas quraraq diplomatik yolla dayandıra bilər. Kirilin Kreml rəhbərindən asılı olduğu hamıya bəllidir. Belə məqamda ondan möcüzə gözləmək yersizdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.