“LAVROVUN HƏDƏSİNİ CİDDİ QƏBUL ETMƏK LAZIM DEYİL” - “Ukraynanın Rusiya ərazisini vurmaq hüququ var”

7-05-2022, 10:41           
“LAVROVUN HƏDƏSİNİ CİDDİ QƏBUL ETMƏK LAZIM DEYİL” -
“Rusiya XİN başçısı Sergey Lavrovun Üçüncü Dünya Müharibəsi və nüvə silahının tətbiq olunması təhlükəsi barədə sözlərini çox da ciddi qəbul etmək lazım deyil”.

Teref.az-ın yazdığına görə, “AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə naziri Ceyms Hippi bildirib. Nazir deyib ki, Lavrovun son açıqlaması nüvə müharibəsi təhlükəsinin qəsdən şişirdilməsidir.

BBC-yə danışan Hippi qeyd edib ki, Qərb Ukraynada ehtiyatla davranır və nüvə müharibəsinə əsas yaratmır: “Düşünmürəm ki, hazırda real eskalasiya təhlükəsi var. Qərbin Ukraynaya dəstəyi ölçülü şəkildə həyata keçirilir”.

Rusiyanın taktiki nüvə silahından istifadəsi ehtimalını “cüzidən də az” hesab edən nazir hətta əlavə edib ki, hazırda Ukraynanın Rusiya ərazisini vurmaq hüququ var: “Hazırkı şərtlər daxilində Ukraynanın Rusiyadakı obyektlərə hücum etməyə tam legitim hüququ var”.

Bundan öncə isə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba S.Lavrovun Üçüncü Dünya Müharibəsinə dair hədə-qorxusuna cavab olaraq deyib ki, Lavrovun bu bəyanatı Moskvanın Ukraynadakı müharibəni uduzduğunu anlamasından irəli gəlir.

Onu da xatırladaq ki, son günlər xarici KİV-lərdə Böyük Britaniya Baş naziri Boris Consonun Ukraynaya nüvə zərbəsi endiriləcəyi təqdirdə, ölkəsinin NATO müttəfiqlərilə məsləhətləşmədən belə cavab olaraq Rusiyaya nüvə zərbəsi vuracağını söylədiyi barədə məlumatlar dərc edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.