Seçki komissiyaları referenduma hazırlanır? - rəsmi açıqlama yoxdur, amma...

26-05-2022, 08:24           
Seçki komissiyaları referenduma hazırlanır? -
Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı müzakirələr yenidən başlayır. Azərbaycanda hökumətin konstitusiyada dəyişiklik edilməsi üçün referendum səsverməsinə hazırlaşması ilə bağlı bəzi iddialar var. Bəzi məntəqə, seçki komissiyalarının keçmiş üzvləri də referenduma “gizli hazırlıqla” bağlı məlumatı dolayısı ilə təsdiqləyiblər. Xəbərə görə, yerli icra orqanları onları yenidən çağıraraq, referendumda məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün adlarına bank kartı açdırmağı tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara rəsmi qaydada aylıq məvacibin ödənilməsidir.

Bəs referendum keçirib, konstitusiyada nələri dəyişə bilərlər və dəyişilməlidir? Milli Məclisin deputatlarının sayının artırılmasını? Majoritar sistemin bərpasını? Qarabağdakı erməni icmasının nümayəndələrinin MM-də təmsilçiliyinin təmin edilməsini? İdarəetmə sistemində dəyişiklikləri?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, ölkədə referendum keçirilməsinin vacibliyi ilə bağlı uzun müddətdir müzakirələr gedir. Bununla bağlı AMİP-in də təklifləri olub və bu təkliflər paketi həm ictimaiyyətə, həm də hakimiyyət qurumlarına təqdim olunub: “Həmin təkliflər içərisində parlament seçkilərinin proporsional və ya ən azından qarışıq seçki sistemi əsasında keçirilməsi, parlament üzvlərinin say tərkibinin artırılması, seçki komissiyalarının fərqli formatda təşkili, idarəetmədə ciddi islahatlara gedilməsi, bələdiyyələrin səlahiyyətlərinin artırılması da daxil olmaqla bir sıra məsələlər əks olunub. Təkliflərin əksəriyyətinin özündə konstitusiya islahatlarını ehtiva etməsi təbii ki, referendum keçirilməsini də labüd edir. Bu prosesin nə qədər tez həyata keçirilməsini istəsək də düşünürəm ki, konstitusiya islahatlarına Ermənistanla sülh müqaviləsi imzalanandan sonra yaranacaq yeni reallıqlar fonunda gediləcəyi daha inandırıcı görünür. Amma istənilən halda dəyişən dünya düzənində ölkənin hər mənada inkişafının sürətləndirilməsi üçün qeyd olunan məsələlərlə bağlı islahatlara gedilməlidir”.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdiki, Azərbaycanda islahatlara hələ də ehtiyac var, lakin yaxın vaxtlarda referendum olacağı ehtimalı azdır: “Sonuncu Prezident seçkilərində Azərbaycan Prezidenti İlham Əliyev özünün seçkiqabağı platformasının əsası kimi islahatların dərinləşməsini göstərmişdi. Sonradan İkinci Qarabağ müharibəsi müəyyən qədər ola bilsin ki, bu proseslərə təsir etdi. Mən yaxın zamanlarda referendum keçirilməsi ehtimalına şübhə ilə yanaşıram. Ancaq əgər sizin suallarınızda əksini tapan kimi, müəyyən hazırlıqlar varsa, onda ilk növbədə seçki islahatlarının keçirilməsinə, seçki qanunvericiliyinin dəyişməsinə ehtiyac var. Proporsional seçki sisteminin bərpa olunması zəruridir. Ehtiyac var ki, deputatların müəyyən hissəsi proporsional sistem əsasında seçilsin. Bu sistemin bərpası Azərbaycanda partiyaların güclənməsinə gətirib çıxardar. Bu da son nəticədə Azərbaycan üçün faydalı olar.

Milli Məclis üzvlərinin sayının artırılmasına da ehtiyac var. Azərbaycan parlamentində 125 deputatın olması azdır. Ən azı 151 deputat olmalıdır. Hazırda seçicilərin sayı 125 deputatın seçicilərlə səmərəli işləməsini çətinləşdirir.

Qarabağdakı erməni icmasının nümayəndələrinin Milli Məclisdə təmsilçiliyi üçün qanunda əlavə nəyəsə ehtiyac yoxdur. Çünki onlar yaşadıqları əraziyə aid olan seçki dairəsində seçkilərdə iştirak edə və Milli Məclisdə təmsil oluna bilərlər. Bunun üçün fərqli bir qaydanın qoyulmasına ehtiyac yoxdur".

A.Səmədov həmçinin hesab edir ki, ölkədə inzibati idarəetmə sistemində mütləq dəyişikliklər olmalıdır: “Nazirlər Kabinetinə ehtiyac olub-olmaması məsələsinə yenidən baxılmalıdır. Ya Nazirlər Kabineti bütövlükdə ləğv olunmalıdır, ya bütün idarəçilik Prezidentin və Vitse-Prezidentin səlahiyyətinə keçməlidir, yaxud Azərbaycanda qarışıq sistem tətbiq olunmaqla Nazirlər Kabinetinin səlahiyyətləri artırılmalıdır. Nazirliklərin, dövlət komitələrinin sayı azaldılmalıdır. Ölkədə bu qədər nazirlik olmamalıdır.

Əgər referendum keçirilərsə, inzibati ərazi bölgüsü və idarəetməsi məsələsinə də yenidən baxılmalıdır. Azərbaycanda mövcud olan 14 iqtisadi rayon əsasında 14 iri inzibati bölgənin yaradılması səmərəli olardı. Hazırda Azərbaycanın inzibati ərazi bölgüsü dünyada səmərəsiz ərazi bölgülərindən biridir. Cəmi 86 min kvadrat km. ərazimiz var, bu qədər kiçik bir ərazini 80 rayona bölüb idarə edirik. Bu da təbiidir ki, idarəetmənin səmərəsini azaldır. Ona görə də dəyişiklik mütləqdir. Əgər referendum məsələsi reallaşsa, başqa təkliflər də meydana çıxa bilər".

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, artıq uzun müddətdir referendum keçiriləcəyi ilə bağlı söz-söhbət yayılır. Hətta bir ara bunu təsdiqləyən müəyyən işartılar da nəzərə çarpdı. DSK-ların fəaliyyətinin bərpa olunması, hətta məntəqə seçki komissiyalarının iclaslarının keçirilməyə başlamasını bu qəbildən saymaq olardı: “Ancaq fakt odur ki, hələ referendumla bağlı rəsmi qərar yoxdur. Hər halda, məsələ ilə bağlı ölkədə bu qədər müzakirə gedirsə, konstitusiya dəyişikliyinə ehtiyac duyulur. Milli Məclis üzvlərinin sayının artırılması, ən azı 151 olması zərurəti ortadadır. Proporsional seçki sisteminin bərpası, hətta tam olaraq bu seçki sisteminə keçilməsi lazım və mümkündür. Ölkədə birinci vitse-prezidentlik institutu yaradılıb, eyni zamanda baş nazir institutu da fəaliyyətdədir. Düşünürəm ki, referendumda baş nazir institutunun ləğvi də mümkündür. Yerli idarəetmə mexanizmlərinin dəyişdirilməsi ilə bağlı hakimiyyətin planlarının olduğundan danışmaq mümkündür. Prezident bunun anonsunu vermişdi. Qarabağda yaşayan Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin Milli Məclisdə xüsusi təmsilçiliyi məsələsinə gəldikdə, hesab edirəm ki, buna ehtiyac yoxdur. Qanunda Azərbaycanın digər bölgələrində yaşayan Azərbaycan vətəndaşlarına seçmək və seçilmək hüququ verildiyi kimi, erməni mənşəli vətəndaşlara da eyni hüquq veriləcək”.

Hakim partiyanın parlamentdə təmsil olunan üzvü Aydın Mirzəzadə isə referendum seçkisi ilə bağlı məlumatsızdır: “Hazırkı sistem Azərbaycanın tələblərini ödədiyi üçün hər hansı referenduma da ehtiyac qalmır.

Onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayırdı və onlar konstitusiyada verilən bütün hüquq və azadlıqlardan istifadə edirdilər. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər həmin ərazilərdə yaşamaq istəyəcəklərsə, bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara onlar da malik olacaqlar".

Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, referendum keçirmək barədə qərarı MSK vermir və onlarda referenduma gediləcəyi haqda məlumat yoxdur.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycanda 26 sentyabr, 2016-cı ildə konstitusiyaya dəyişiklik etmək məqsədilə referendum keçirilib. Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal 35 yaş həddi aradan qaldırılıb. Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.