Ukrayna sahillərində bloklanan 20 milyon ton taxıl - QƏRB DONANMASI HƏRƏKƏTƏ KEÇİR

26-05-2022, 11:59           
Ukrayna sahillərində bloklanan 20 milyon ton taxıl -
“Ukrayna limanları əslində Rusiya donanması tərəfindən bloklanıb və faktiki olaraq Qərb ölkələri limanları blokdan çıxarmaq və limanlarda qalan 20 milyon tondan çox taxılın təhlükəsizlik daşınmasına şərait yaratmağa çalışır. Əslində beynəlxalq qanunvericiliyə görə, bu mümkündür”.

Teref.az xəbər verir ki, bu sözləri teleqraf.com-a hərbi analitik Azad İsazadə deyib.

O xatırladıb ki, Ukrayna taxılı əsasən Odessa limanlarına yığılıb.

Onun sözlərinə görə, Odessadan Rumıniya və ya Türkiyəyə qədər dəniz sərhədi Ukrayna ərazisi sayılır: “Başqa sözlə, buradan hərəkət edən gəmilər Rusiya məhəlli sularına daxil olmur. Sadəcə olaraq Rusiyanın Qara dəniz hərbi donanması Ukraynanın su akvatoriyasını işğal edib və heç kimi əraziyə buraxmır.

Qərb ölkələrinin humanitar konvoy kimi minaları təmizləyib və Odessa limanındakı olan gəmilərə dəhliz açmağa gücü çata bilər. Bunu atışma və qarşıdurma olmadan da həyata keçirmək mümkündür. Sadəcə olaraq bunun üçün Rusiyaya təzyiq edə bilərlər. Rusların buna razılaşıb-razılaşmayacağı məlum deyil. Amma hazırda belə bir planın üzərində işləyirlər. Söhbət Bolqarıstan, Rumuniya və Türkiyə donanmasından gedir. Yəni müharibədə iştirak etməyən donanmalar qarşıdurma olmadan mülki gəmilərə yol aça bilərlər”.

Mütəxəssis əlavə edib ki, Rusiya buna qarşı çıxsa və prinsip əsasında addımlara başlasa proses Qərb-Rusiya qarşıdurmasına gedə bilər: “Bu halda proseslərin hansı istiqamətdə gedəcəyini də proqnozlaşdırmaq çətin olardı. Amma hesab edirəm ki, Rusiya bir qədər naz edib geri çəkiləcək. Donbasda böyük qələbə çalmasa, məcbur olacaq ki, danışıqlar başlasın və bu halda nələrdəsə geri çəkilməyə razı olacaq. Bunlardan biri Ukrayna sahillərində olan taxılın dünyaya çıxışına maneə yaratmamaq ola bilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.