ReAL partiyasından radikal müxalifətə TƏPKİ: - “Ciddi siyasi şəxslər belə bəyanatlar verməməlidir”

26-05-2022, 10:23           
ReAL partiyasından radikal müxalifətə TƏPKİ: -
“Ciddi siyasi təşkilat, ciddi siyasi şəxslər belə bəyanatlar verməməlidir. Belə bir ritorikadan istifadə edənlər deməli normal, ciddi siyasətçilər deyillər”. Teref.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli Azərbaycanda fəaliyyət göstərən radikal kəsimin 44 günlük müharibədə qələbədən sonra yerdə qalan digər ərazilərimizin geri qaytarılmasına şübhə ilə yanaşmalarına münasibət bildirərkən deyib:

“Həmin radikal kəsim 2020-ci ilə qədər deyirdi ki, Qarabağ tam itirilib, onun, habelə 7 rayon və Şuşanın geri qaytarılması mümkün deyil. Siyasətçi “heç vaxt” anlayışı ilə danışmamalıdır. Digər torpaqlarımızın da Azərbaycanın nəzarətinə qaytarılması sadəcə zamana bağlı məsələdir. Bu məsələ səbr tələb edir. İqtisadi, siyasi, demoqrafik üstünlük, Azərbaycanın enerji daşıyıcısı və loqistika olaraq önəmi yerdə qalan torpaqlarımızla bağlı problemi yaxın zamanlarda kökündən həll etmək üçün dövlətimiz qarşısında kifayət qədər komfortlu situasiya yaradıb.

44 günlük müharibədə problem böyük ölçüdə həll edildi, işğala son qoyuldu. İndi qalan ərazilərimizin qaytarılması üçün o qədər də çox zamana ehtiyac yoxdur. Qısa müddətdə həmin məsələ də həll olunacaq”.

Partiya funksioneri bildirir kİ, sülh müqaviləsinin bağlanması istiqamətində danışıqların intensivləşməsi, Avropa Birliyinin bu danışıqlarda əsas tərəflərdən biri olması pozitiv qarşılanan addımlardır:

“Artıq Azərbaycan müharibədən yox, daha çox sülhdən danışan tərəfdir. Bu da doğru addımdır. Ermənistanla sülh müqaviləsinin bağlanması Azərbaycanın strateji maraqlarına uyğundur.

Bu maraqlar çərçivəsində danışıqların intensivləşməsini ancaq alqışlamaq olar. İkitərəfli komissiyanın tezliklə işə başlaması, sərhədlərlə bağlı ümumi razılığa gəlinməsi və bütün bunların AB-nin moderatorluğu çərçivəsində aparılması Bakının maraqlarına cavab verir.
Müharibədən sonra keçən dövr və Azərbaycan dövlətinin qətiyyətli, prinsipial mövqeyi sübut edir ki, tezliklə yerdə qalan digər ərazilərimiz də geri qaytarılacaq. Bu birmənalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.