NƏ BAŞ VERİR: Milli Məclisdə erməni deputat?! - Xankəndidən parlamentə yeni nümayəndə gəlir?

27-05-2022, 15:47           
NƏ BAŞ VERİR: Milli Məclisdə erməni deputat?! -
“Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün Azərbaycan tərəfi bütün addımlarını atır və sülh sazişinin imzalanması üçün lazım olan bütün işlər görülür”. Teref.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, növbəti illərdə Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyasına keçməsi, bundan sonra Xankəndi və ətraf ərazilərdən Milli Məclisə erməni əsilli deputatın seçilib-seçilməyəcəyi məsələsinə aydınlıq gətirib:

“Artıq Brüsseldə 3 görüş keçirilib və onun yekunları Azərbaycanın növbəti diplomatik qələbəsi sayılmalıdır. Bu görüşdə Azərbaycanın təklif etdiyi bütün məsələlər müzakirə olunub və onun ilkin nəticələri görünür. Hər iki ölkənin Baş nazir müavinləri Azərbaycan-Ermənistan dövlət sərhədində delimitasiya üzrə ilk görüşünü keçiriblər.

Təəssüf ki, hələ də Ermənistanda revanşist qüvvələr var. Əlbəttə, onlar yalnız Ermənistanın özünə ziyan vururlar.

Qarabağda, Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bütün bu ərazilər Azərbaycanın suveren əraziləridir. Orada yaşayan insanların da Azərbaycanın digər bölgələrində yaşayan digər xalqların nümayəndələri kimi Konstitusiya hüquqları qorunacaq.

Həmin bölgədə seçkilərin keçirilməsi məsələsi də həll olunacaq. Xankəndi və ətraf ərazilərdə kimin namizədliyi dəstəklənərsə, həmin insan da bölgəni parlamentdə təmsil edəcək. Həm də milliyyətindən asılı olmayaraq, o, Azərbaycan vətəndaşı olaraq deputat qismində fəaliyyət göstərəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.