Detallar üzə çıxır: Sülhməramlılar erməni uşaqlardan da istifadə edir - NƏ ETMƏLİ?

2-06-2022, 19:08           
Detallar üzə çıxır:
Rusiya sülhməramlıları iyunun 1-də Xankəndidə tədbir keçiriblər.

Belə ki, Qarabağda müvəqqəti yerləşdirilən hərbi kontingent öz nəzarət zonasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şou təşkil edib.

Bu isə cəmiyyətimiz tərəfindən növbəti dəfə rus sülhməramlılarına qarşı olan qəzəbin artmasına səbəb olub. Çünki artıq onların atdığı belə addımların sayı-hesabı itib.

Qarabağdakı rus sülhməramlıları Azərbaycan tərəfindən icazə almadan öz istəkləri ilə hər şey edə biləcəklərini zənn edirlər. Son hadisə zamanı da gördük ki, rus hərbçiləri bayramdan fürsət kimi istifadə edərək öz çirkin təxribat əməllərini həyata keçirdilər. Teref.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, zaman-zaman rus sülhməramlılarının fəaliyyəti barəsində bir çox fikirlər söylənilib:

“Hazırda Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya hərbi kontingenti sülh yaratma prosesi ilə məşğuldur. Həm ölkə rəhbəri, həm də digər siyasətçilər sülhməramlıların fəaliyyəti ilə bağlı müsbət və tənqidi fikirlər söyləyiblər. Ümumi olaraq sülhməramlıların oradakı fəaliyyəti ilə bağlı məsələlərdə müsbət məqamlar deyilib və bu, həqiqətən də mövcuddur. Lakin biz arabir onların səlahiyyətlərini aşdığının da şahidi olmuşuq. Bir neçə məqamlarda rəsmi Bakı bunu Rusiya rəhbərliyinə çatdırıb. Konkret olaraq, müvafiq nazirlik və qurumlar sülhməramlı kontingentin rəhbərliyinə də bununla bağlı etirazlarını bildiriblər. Görmüşük ki, iradlar bildirilərkən sonra onlar öz fəaliyyətlərində qısa vaxt ərzində düzəlişlər ediblər”.

Millət vəkili sülhməramlıların nümayəndəsinin müsahibəsində Xankəndini “Stepanakert” adlandırmasını da xüsusi olaraq vurğulayıb:

“Bu, tamamilə yanlışdır. Bizim əzəli dədə-baba torpağımız olan həmin şəhərin adı Xankəndidir. Bunu həmin müsahibə verən zabitin diqqətinə çatdırmalıyıq. O da təbii ki, fikirlərini düzəltməli və yer adlarını düzgün tələffüz etməlidir. Çünki həmin şəhər Azərbaycan şəhəridir və ərazilərində Azərbaycanın suveren hüquqları qorunur.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin bəyanatında rus sülhməramlılarının müvəqqəti olaraq 5 il ərzində Qarabağda yerləşdirilməsi nəzərdə tutulub. Bu müddət ərzində təbii ki, onlar vacib məqamlarda doğru da fəaliyyət göstəriblər və çıxan problemlərin də qarşısını operativ şəkildə alıblar. Lakin biz onların çox vaxt səlahiyyətlərindən artıq işlər gördüklərini də qeyd etmişik.

Düşünürəm ki, sülhməramlılar həmin tədbirin keçirilməsini Azərbaycan tərəfi ilə razılaşdırmalı və ərazilərimizdə hansısa tədbirin keçirilməsi ilə bağlı Monitorinq Mərkəzində birgə məsləhətləşmələr aparılmalı idi. Sadəcə rəsmi Bakının müsbət mövqeyindən sonra hansısa tədbirlər keçirilə bilər. Fikrimcə, Rusiya sülhməramlıları fikirlərin tələffüz edilməsində və hərəkətlərin icra olunmasında daha diqqətli olmalıdırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.