Müharibənin “xaç atası” İrəvana göndərilir - NƏ BAŞ VERİR?
3-06-2022, 16:50

ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin səlahiyyət müddəti başa çatır.
O, iki aydan sonra Ermənistanı tərk edəcək. Artıq Prezident Co Bayden Ermənistana yeni səfirin namizədliyini də irəli sürüb. Bu təyinat Ermənistanın siyasi dairələrində rezonans doğurub və ciddi müzakirələrə yol açıb. Çünki ABŞ-ın Ukraynadakı səfirinin səlahiyyətlərini icra edən Alan Persel Ermənistana səfir təyin edilib. ABŞ-ın Ukrayna ilə bağlı strategiyasının həyata keçirilməsində Alan Persel diplomat kimi fəal rol oynayır.
O, Rusiyaya qarşı müharibədə ABŞ-ın Ukraynadakı əsas missioneri kimi tanınır. Ona görə də Alan Persel "Ukrayna müharibəsinin xaç atası" adını qazanıb.
O, Rusiyaya qarşı mənfi münasibəti ilə seçilir. Prezident Baydenin xanım Bricit Brinki Ukraynaya səfir etməsindən sonra onun müavini Alan Perseli Ermənistana göndərməsi bir sıra suallar doğurub. Lin Treysidən fərqli olaraq, cənab Perselin İrəvana xüsusi missiya ilə gələcəyi ehtimal edilir.
Belə ki, Rusiyaya qarşı müharibəni pərdə arxasından idarə edən diplomatın Kremlin əsas çox dairəsində olduğu ölkələrdən biri sayılan Ermənistana təyin edilməsi yaxln perspektivdə Şərqi Avropa və Qara dəniz regionunda baş verən geosiyasi qarşıdurmanın Cənubi Qafqaza da keçəcəyini proqnozlaşdırmağa əsas verir. Yəni Bayden administrasiyası Cənubi Qafqazda Rusiyaya qarşı mübarizədə Alan Persel kimi diplomatın Ukraynadakı təcrübəsindən istifadə edə bilər. Söhbət heç də Rusiyaya qarşı Ukraynada olduğu kimi müharibə aparılmasından getmir. Görünür, ABŞ-ın Rusiyanı Qara dəniz və Cənubi Qafqaz regionundan sıxışdırılması üçün daha geniş planları var. Bu baxımdan, yaxın aylarda ABŞ-ın diplomatik fəallığını artırması fonunda Cənubi Qafqazda Qərb və Rusiya arasında geosiyasi rəqabətin gərginləşməsi baş verə bilər.
Alan Perselin səfir təyin olunması qeyd edilən prosesin Ermənistandan başlayacağını göstərir. Son günlər Rusiyaya yaxın olan müxalifətin "Qərbin adamı" sayılan Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə davamlı etiraz aksiyaları keçirməsi artıq Ermənistan uğrunda geosiyasi mübarizənin başlandığını göstərir. Bu isə Ermənistanda siyasi gərginliyin artan xətt üzrə gedəcəyinə dair ehtimallar yaradır. Qeyd edək ki, Ermənistanın şimal qonşusu olan Gürcüstan ABŞ-ın strateji müttəfiqi kimi təsir dairəsinə daxildir. Azərbaycan isə daha çox balanslaşdırılmış xarici siyasətə üstünlük verir və ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə malikdir.
Bölgədə Rusiyanın forpostu rolunu oynayan yeganə dövlət Ermənistandır. 2018-ci ildə Qərbyönümlü qüvvələrin inqilab yolu ilə hakimiyyətə gəlməsinə baxmayaraq, bu ölkə Rusiyanın hərbi və iqtisadi asılılığından çıxa bilməyib. Bölgədə Rusiyanın ən böyük hərbi bazaları, məhz Ermənistandadır.
Eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddiası sülhməramlı adı altında Rusiya hərbi kontingentinin Qarabağda fəaliyyətinə şərait yaradır. Yəni Ermənistan Cənubi Qafqazda hərbi balansın Rusiyanın xeyrinə təmin olunmasında mediator rolunu oynayır. Ona görə də Rusiyanın bu bölgədə zərərsizləşdirilməsi prosesinin Ermənistandan başlayacağını demək olar.
Politoloq Xaqani Cəfərli hesab edir ki, Alan Perselin Ermənistana səfir təyin edilməsi ABŞ-ın yeni xarici siyasət strategiyası ilə bağlıdır. Ona görə də ekspert “Cümhuriyət”ə bildirib ki, ABŞ-ın bölgədə aktivləşməsi fonunda ciddi dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılır:
"ABŞ-ın son siyasətində təhlükəsizlik xəttinin gücləndirilməsinə üstünlük verilir. Bu, həm Ukraynaya, həm Ermənistana və Azərbaycana, yaxud digər ölkələrə münasibətdə müşahidə olunur. Rəsmi Vaşinqtonun postsovet ölkələrinə təhlükəsilik məsələləri üzrə mütəxəssisləri diplomatik vəzifələrə təyin etməsi bununla bağlıdır. Yəni ABŞ təhlükəsizlik tədbirlərinin gücləndirir. Bu isə Rusiyanın yenidən öz imperiya sərhədlərini bərpa etmək qarşısını almağa hesablanıb. Çünki Amerikanın bu bölgədə təhlükəsizlik məsələlərini hazırda iqtisadi və insan haqları kimi sahələrdən önə keçirib. Ümumiyyətlə, ötən ilin aprel ayında ABŞ-ın xarici siyasətində dəyişiklik baş verib. Amerika dünyada təhlükəsizlik sistemini yenidən formalaşdırmağa çalışır. Ona görə də NATO-nun iyun ayında Madriddə keçiriləcək sammitində yeni strategiyası qəbul olunacaq.
Həm səfirlərin təyinatı, həm Madrid sammiti, eyni zamanda Raymştayn formatının yaradılması ABŞ-ın təhlükəsizliyi prioritet məsələ kimi önə çəkdiyini göstərir. Bu Rusiyanın xarici siyasətinə adekvat münasibətlə bağlıdır. Eləcə də Çinin xarici siyasətində sərtləşmə müşahidə olunur. Çox güman ki, yaxın illərdə təhlükəsilik məsələləri öndə olacaq və Rusiyanın genişlənən imperiya siyasətinin qarşısını almaq üçün təcrübəli mütəxəssislərdən istifadə olunacaq".
Xaqani Cəfərli bildirib ki, Ermənistanın xarici siyasətindəki problemlər təhlükəsizlik sahəsini əhatə edir. Bu isə bölgədə qeyri-sabitliyin yaranmasına və Rusiyanın təsirinin artmasına səbəb olur. ABŞ isə mövcud konyukturun aradan qalxmasında maraqlıdır:
"Azərbaycan, Gürcüstan, Türkiyə və İran arasında Ermənistanın təhlükəsizlik siyasəti ilə bağlı ciddi problemləri var. Çünki ətrafındakı dörd ölkədən kiçikdir və müttəfiq olduğu Rusiya birbaşa sərhəddi yoxdur. Doğrudur, bu problemin səbəbkarı Ermənistanın özüdür. Ermənistanın Azərbaycanla və Türkiyə ilə sülh müqaviləsinin, diplomatik münasibətlərinin olmaması bölgədə gərginlik yaradır. Ona görə də təhlükəsizlik məsələsi Ermənistan üçün birinci yeri tutur. ABŞ da çox güman ki, Ermənistana yeni təhlükəsizlik zəmanətləri verməklə onu Rusiyanın təsir dairəsindən çıxartmağa çalışacaq. Ermənistan Rusiyadan imtina etmək üçün daha güclü bir dövlətin zəmanətini almalıdır ki, Moskvanın təsir dairəsindən çıxa bilsin. Yəqin ki, ABŞ da bu siyasətin üzərində işləyəcək. Rusiyanın hərbi bazalarının Ermənistandan çıxarılması Azərbaycanın da maraqlarına uyğundur. Bu da gərginliyin azalmasına səbəb ola bilər. Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi Azərbaycanın da Rusiyadan gələn təzyiqlərdən sığortalanmasına kömək etmiş olar. Ancaq bütövlükdə Ermənstanın təhlükəsizliyi Azərbaycanın və Türkiyə ilə münasibətlərin normallaşmasından, diplomatik əlaqələrin və əməkdaşlığın yaradılmasından asılıdır".