ABŞ sülh sazişinin imzalanmasına inanır

10-06-2022, 11:48           
ABŞ sülh sazişinin imzalanmasına inanır
Vaşinqton güclü Azərbaycanla bütün istiqamətlərdə əlaqələrini gücləndirəcək

“ABŞ-ın Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədədir”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib. Diplomat qeyd edib ki, ölkələr arasında təmaslar yüksək səviyyədə davam edir. ABŞ səfiri vurğulayıb ki, bu təmasları davam etdiriləcək, gücləndiriləcək: “Həm davamlı sülhün əldə olunması, həm də yerdə qalan digər məsələlərin həlli üçün tərəflər əməkdaşlıq etməyə davam edəcək”.

Səfir 907-ci düzəlişdən də danışıb:

“Konqresin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi qüvvədədir. Lakin bu, bizim Azərbaycana çox vacib təhlükəsizlik dəstəyi verməyimizə mane olmayıb. Biz bu sahədə Azərbaycana 100 milyon dollardan çox maliyyə dəstəyi vermişik. Bu vəsait daha çox Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə yönəldilib”. Səfir vurğulayıb ki, 907-ci düzəlişlə bağlı yekun qərar ABŞ Konqresinə aiddir: “Ancaq mən optimistəm ki, Azərbaycan və Ermənistanın dayanıqlı sülhə nail olması imkanı - hansı ki, biz bu istiqamətdə irəliləyiş görürük - şərait yaradacaq ki, biz Cənubi Qafqaz ölkələri ilə münasibətlərimizi bütün miqyasda əhəmiyyətli dərəcədə nəzərdən keçirək”. O, Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşdüyünü xatırladıb. Diplomatın sözlərinə görə, Hikmət Hacıyev və Ceyk Sallivan digər məsələlərlə yanaşı, regionda sülh prosesini də müzakirə ediblər:

“Biz düşünürük ki, ABŞ normallaşma prosesində önəmli rol oynaya bilər. Biz hazırda Avropa İttifaqının tərəflərlə təmasda uğurlu olduğunu görürük və bunu çox dəstəkləyirik. Onlar tərəflər arasında birbaşa təmasların və görüşlərin baş tutmasında vasitəçilik edir. Liderlər, XİN rəhbərləri və digər səviyyələrdə təmaslar davam edir, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilir”.

ABŞ-Azərbaycan əlaqələri ilə bağlı “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulub. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin edilib:

“Münaqişənin başa çatması bölgədə yeni geosiyasi reallıq yaradıb. Davamlı sülh, iqtisadi dirçəliş və regional əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırıb. Ukraynada baş verənlər də bölgədə böyük güclərin siyasətinə əhəmiyyətli təsir göstərib. ABŞ və Avropa Birliyinin son mövqelərində bunun şahidi ola bilərik. İndiki situasiyada Vaşinqtona Cənubi Qafqaz siyasətində Azərbaycanla daha da yaxınlaşmaq sərfəlidir. Rusiyanın regionda təsirlərinin azaldılması üçün Amerika konfrantasiya yolundan imtina etməlidir, yəni Ermənistan hakimiyyətinə açıq dəstəklə yanaşı rəsmi Bakı üzərində Rusiya təsirlərinin güclənməsinə imkan verməməlidir. Rusiya məsələsi ötən bu müddət ərzində beynəlxalq normalara cavab verə biləcək səviyyədə deyil. ABŞ onu artıq başlıca təhlükə mənbəyi olaraq görür. Odur ki, Azərbaycanın Ukraynanın suverenliyi və beynəlxalq enerji təhlükəsizliyi sahəsində oynadığı rola əhəmiyyət verir. Avropa İttifaqı kimi qurumların, ABŞ kimi söz sahibi olan dövlətlərin son illərdə ölkəmizə etimadı daha da artıb və onlar əməkdaşlığa hazır olduqlarını bildirirlər. Bu əməkdaşlıqlar arasında mühüm amillərdən biri də hazırda dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda enerji təhlükəsizliyinə Azərbaycanın verə biləcəyi töhfədir”.

S.Əsədli xatırladıb ki, ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısına son məktubunda təkcə Azərbaycana məxsus qaz yataqlarının vacibliyindən deyil, həm də ölkəmizin bu sahədə böyük, regional tranzit oyunçuya çevrilməsindən danışılması diqqətçəkən məqamlardandır:

“ABŞ prezidentinin bu məktubu onu deməyə əsas verir ki, dünyanın super gücü olan Amerika Azərbaycanı regionun lider dövləti kimi qəbul edir.

Xüsusilə, Qafqaz və ümumən Trans-Xəzər regionunun inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə önəm verilir.

Burada bir məsələni də xüsusilə qeyd etməliyik ki, ABŞ fərqindədir ki, regionun inkişafı Azərbaycanın və onun liderinin qlobal miqyaslı səyləri və konstruktiv mövqeyi ilə sıx bağlıdır.

Bu baxımdan, ABŞ Azərbaycanla münasibətlərə yüksək dəyər verir və gələcək əməkdaşlığı da yeni müstəvidə davam etdirməkdə maraqlıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.