Zelenski NATO sammitinə yollanır – Müharibənin taleyi İspaniyada həll olunacaq?

11-06-2022, 00:02           
Zelenski NATO sammitinə yollanır –
Ukrayna Prezidenti Volodimir Zelenski NATO dövlət və hökumət başçılarının iyunun 28-30-da İspaniya paytaxtında keçiriləcək görüşünə dəvət olunacaq.

İclasda NATO ölkələrinin 30 dövlət və hökumət başçısı ilə yanaşı, Avstraliya, Avstriya, İrlandiya, Kipr, Malta, Yeni Zelandiya, Finlandiya, İsveç, Cənubi Koreya və Yaponiyanın da iştirakı gözlənilir.

Ətraflı
Maraqlıdır, Zelenskinin bu sammitdə iştirakı nə vəd edir? Ümumiyyətlə, sammitdən yeni nələrsə gözləmək olar?

Suallar ətrafında Gündəm.az-a danışan politoloq Natiq Miri sammitdən sonra ümumi təhlillərin nəticəsilə müharibə mənzərəsi dəyişmiş olacaq:

“NATO sammitinə Zelenskinin dəvət olunması bir neçə məqsəd daşıyır. Bunun siyasi səbəbi NATO-nun tərəfdaşlarını çıxdaş etməmək istəyinin Rusiyaya göstərilməsidir. Ukrayna hələ də NATO-nun geosiyasi və təhlükəsizlik marağı çərçivəsindədir. Bu da NATO və Ukrayna üçün gələcəkdə sülh masasında Zelenskiyə bazarlıq predmeti olaraq əlavə arqument verir. Ona görə ki, Rusiyanın tələblərindən biri Ukraynanın NATO-ya üzv olmaq istəyinin ləvğ edilməsi ilə bağlıdır. Sammitdə əsas məsələ Rusiya-Ukrayna müharibəsi və perspektivlər olacaq. Təhlillər olduqdan, müharibənin nəticələri ilə bağlı ümumi rəy formalaşandan sonra bu fonda Ukrayna NATO çərçivəsində qorunacaq və hərbi yardımlar formalaşdırılacaq. Çünki yalnız bu cür təhlillər olduqdan sonra belə qəti qərarlar verilə bilər”.

Ekspert Rusiya və Çinə qarşı böyük koalisiyanın formalaşdığını qeyd edib:

“NATO sammitinə bu təşkilata üzv olmayan ölkələr də dəvət olunub. Bu ölkələr Ukrayna-Rusiya müharibəsi fonunda ABŞ-nın formalaşdırdığı anti-Rusiya birliyinin tərəfdarlarıdır. Bu ölkələr müharibədə Ukraynaya hərbi yardım edirlər. Bu fakt göstərir ki, NATO və onu dəstəkləyənlər prosesə cəlb olunur və böyük koalisiya formalaşır. Bu, “koalisiyaya qarşı duran gücün yaxın zamanlarda heç bir perspektivi yoxdur” anlamını verir. Eyni zamanda bu, həm də ABŞ və NATO-nun növbəti hədəfi olan Çinə qarşı verilən mesajdır. NATO sammitində güclü birlik mesajı veriləcək. İndi əsas məqsəd Ukraynanı müharibədən daha az itki ilə qalib çıxarmaqdır”.

Əzizə Zeynal












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.