Ermənilər Abbasovdan niyə razı qalırdı?

4-05-2016, 10:44           

Moskva telekanallarında Azərbaycanla əlaqədar ictimai-siyasi xəbərləri, xüsusilə də Dağlıq Qarabağ problemi ilə bağlı verilişləri, illərdir mütəmadi olaraq izləyirəm.

Əvvəla, bir azərbaycanlı, vətəndaş kimi bu mənim maraq dairəmdir, sonra peşəkar jurnalist, siyasi icmalçı kimi işimdir. Rusiya, əsasən də Moskva KİV-lərinin qafqazlılara, xüsusən də azərbaycanlılara qarşı, yumşaq desək, qeyri-obyektiv münasibəti, "Qafqaz millətindən olan şəxslər" ifadəsi məni daim narahat edib və edir. Yaxşı yadımdadır, 90-cı illərin əvvəllərində, rus-çeçen müharibəsinin qızğın dövründə aparıcı rus telekanallarından biri qafqazlıları belə xarakterizə etmişdi: "Rusiyada çeçenlər reketliklə, dağıstanlılar quldurluqla, gürcülər oğurluqla, ermənilər dələduzluqla, azərbaycanlılar isə alverlə məşğuldurlar. Əslində, burda təəccüblü bir şey də yoxdur, "Qafqaz millətindən olan şəxslərin" sənəti budur. Ona görə də onların içindən bircə nəfər Nobel mükafatı laureatı çıxmayıb və çıxmayacaq…"

Hesab edirəm ki, Rusiya KİV-ləri, mədəniyyət və incəsənət xadimləri qafqazlılara qarşı bu neqativ münasibətin yaradılmasında və əhali arasında yayılmasında aparıcı rollardan birini oynayır. Məsələn, əksər ABŞ filmlərinə, hətta sırf gəlir məqsədilə çəkilənlərə baxsaq, demək olar ki, hamısında müsbət, pozitiv bir zənci obrazı görərik. Eyni tendensiyanı bədii ədəbiyyatda və mətbuatda da görmək olar. Bu, ABŞ-da II Dünya müharibəsindən sonra müşahidə edilir, rəsmi dövlət siyasətidir və ölkədə rasizm elementlərinin aradan qaldırılmasına xidmət edir.

90-cı illərdən sonra Rusiya kinosunda, telekanallarında və mətbuatında tam əksi müşahidə olunur, faktiki olaraq, "Qafqazo-fobiya" təbliğ olunur. Hər filmdə, hər verilişdə mütləq bir mənfi qafqazlı obrazı - "qafqazlı qatil və quldur" peyda olur. Həmin vaxtlarda mənfi obrazları yalnız müsəlman qafqazlılar, əsasən çeçenlər, dağıstanlılar və azərbaycanlılar təşkil edirdi, 2008-in məlum hadisələrindən sonra doğma, provaslav gürcülərə də aman verilmir. Şərabları içilmir, adamları da mənfi obrazlarda verilir. Ermənilər isə daim seçilir, bəzi istisnalar olmaqla, "qədim və mədəni millət" kimi göstərilir. Səbəblər məlumdur və hamıya aydındır, odur ki, mahiyyətinə varmıram.

Üstündən illər keçib, amma vəziyyət dəyişməyib, "Qafqaz millətindən olan şəxslər" ifadəsi yavaş-yavaş aradan çıxsa da, münasibət həmin münasibətdir, azərbaycanlılara qarşı isə daha pisdir. Fərq yalnız ondadır ki, əvvəllər Rusiya mətbuatında, telekanallarında bizə qarşı ikili standartlarla, pərdəarxası aparılan təxribat hazırda açıq, qərəzli və həyasız bir şəkil alıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi və həlli müstəvisində isə özünü daha qabarıq göstərir. Aprel ayının əvvəllərində Dağlıq Qarabağ regionunda erməni tərəfin başlatdığı və özlərinin məğlubiyyəti ilə də başa çatmış (ruslar deyir ki, təşəbbüs həmişə cəzalandırılır!) Dördgünlük müharibədən sonra bu təxribatlar əsil qarayaxma kampaniyasına çevrilib. Sözdə Minsk Qrupunun həmsədrlərindən, münaqişənin həllində aparıcı tərəflərdən biri olan Rusiya işdə erməni dəyirmanına su tökdüyünü qətiyyən gizlətmir, öz sözünü mətbuatın, telekanalların, politoloqların dili ilə deyir.

Aprel ayında Moskva telekanallarında yayımlanan və Azərbaycana qarşı əsil qarayaxma kampaniyası olan "Vremya pokajet", "Politika", "Struktura momenta", "Pravda qolosa" və s. kimi verilişlərə ürək ağrısı ilə baxdım. Yuxarıda dediyim kimi, Rusiya rəsmilərinin də, KİV-lərinin də azərbaycanlılara qarşı qərəzli münasibətini çoxdan izləyirəm və yaxşı bilirəm. Ürəyimi ağrıdan isə bu münasibətin bu qədər açıq və həyasızcasına verilməsi, eyni zamanda, Azərbaycan tərəfin verilişdə nümayəndəsi olmadan "mühakimə edilməsi" idi. Rusiya tərəfini verilişlərdə deputatlar, poltoqloqlar, kinorejissorlar, hətta yüksək səviyyəli dövlət rəsmiləri təmsil edirdi, erməni tərəfi də, dövlət təmsilçiliyi olmasa da, eyni dərəcədə tanınmış adamlar idi. Xüsusi vurğulamaq lazımdır ki, aparıcılar da erməni tərəfə havadarlıq edir, onların fikrini deyir və yönəldici suallar verirdilər. Axı, qəbul olunmuş qaydalar, normalar var, hətta qatili, qulduru belə özü, nümayəndəsi iştirak etmədən, sözünü eşitmədən mühakimə, ittiham etmirlər. Axı azərbaycanlıların Moskvada böyük diasporu, Rusiya Azərbaycanlıları Konqresi kimi təşkilatı var, ən azı Azərbaycan səfirliyindən kimisə dəvət etmək, sözünü eşitmək olardı. Azərbaycanı isə bu verilişlərdə, nə qədər qəribə olsa da, Türkiyənin "İhlas" Xəbər Agentliyinin Rusiya təmsilçisi, əslən azərbaycanlı olan Fuad Abbasov adlı bir jurnalist təmsil edirdi. Həmkarımı bu verilişlərə qədər görməmişdim və onun haqqında heç bir məlumat eşitməmişdim. Odur ki, onun verilişlərdə iştirakını, müzakirələrə qatılmasını sırf peşəkarlıq nöqteyi-nəzərindən izləyir, qiymətləndirirdim. İndi isə fikirlərimi və qənaətimi hörmətli oxucularla bölüşmək niyyətindəyəm.

Qeyd etmək lazımdır ki, jurnalistin əlinə qələm alıb analitik yazı yazması ilə televerilişə çıxıb debatlara qoşulması arasında yerlə göy qədər fərq var. Birinci halda sənin auditoriyanı qələmin, istedadın və vicdanın təşkil edir. Bir qalır mövzunu yaxşı bilmək və elementar məntiqə söykənmək. Sənin apponentin ancaq vicdanın ola bilər ki, onunla da dil tapmaq vaxt məsələsidir. İkinci halda isə sənin auditoriyan böyüyür, onlarla, hətta ekrandan publikaya keçib minlərlə, milyonlarla ola bilər. Deməli, burda mövzunu yaxşı bilmək və hətta dəmir məntiqə söykənmək kifayət eləmir, eyni zamanda, diplomat olmalısan, auditoriyanı ələ almalısan, fikirlərini aydın və dəqiq surətdə publikaya çatdırmalısan. Hesab edirəm ki, Rusiya, xüsusən də erməni lobbisinin güclü olduğu Moskva telekanallarında auditoriyanı ələ almaq mümkün deyil, çünki bu auditoiya əvvəlcədən seçilmiş adamlardır, Azərbaycana və Türkiyəyə qarşıdır. Odur ki, bu məsələdə həmkarımız Fuad Abbasovu qınamaqdan uzağam, amma auditoriyanı qıcıqlardırmamaq, polemika mədəniyyətinə, dialoq qabiliyyətinə malik olmaq lazımdır. Axı, hamı ilə mübahisə etmək, hamının sözünü kəsmək nəyə və kimə xidmət edir?! Ən azı, Rusiya parlamentinin yuxarı palatasının (Rusiyada parlament iki palatalıdır) sədr müavinin sözünü kəsməmək, onu axıra kimi dinləmək olardı. Bəs Fuad Abbasov nə etdi: Bəlkə, bütünlüklə bizə qarşı olan auditoriyaya böyük səbir, tədbir göstərdi, yalançı erməni genosidi, Dağlıq Qarabağ problemlərinin açılması və geniş auditoriyaya çatdırılması istiqamətində dərin elm və helm nümayiş etdirdi?! Əksinə, ağsaqqal və populyar siyasətçinin, yüksək səviyyəli dövlət rəsmisinin bir neçə dəfə sözünü kəsdi və ona fikrini tamamlamağa imkan vermədi. Bəs dövlət rəsmisi nə etdi? Tamamilə adekvat reaksiya verdi, həmkarımıza müraciətlə dedi ki, siz tərbiyəsiz və qanacaqsız adamsız. Sonra isə aparıcıya müraciət etdi ki, belə mədəniyyətsiz adamları bu səviyyəli verilişlərə dəvət etmək olmaz.

Təsəvvür edirsiz?! Çoxmillətli və çoxmililyonlu tamaşaçıların, az qala, Rusiyanın yarısının baxdığı mərkəzi telekanalda populyar bir verilişdə parlamentin sədr müavini əslən azərbaycanlı olan, Türkiyəni və Azərbaycanı təmsil etmək iddiasında bulunan soydaşımıza müraciətlə deyir ki, belə tərbiyəsiz və qanacaqsız adamları bu səviyyəli verilişlərə dəvət etmək olmaz. Parlament rəsmisinin yaxşı və ya pis adam olması, düz və ya yalan danışması tamam başqa məsələdir, əsas odur ki, milyonlarla tamaşaçı onu avtoritet hesab edir və sözünü dinləyir. Bizim soydaşımız da ona nəinki, bu sözləri deməyə imkan verir, hətta təhrik edir. Və bütün bunlar milyonlarla Rusiya vətəndaşının gözü qarşısında baş verir. Təsəvvür edirsiz, azərbaycanlılar, türklər haqqında həmin tamaşaçılar nə fikirləşir, onların ziyalıları, sadə adamları nə deyir?! Mübaliğəsiz demək olar ki, yalnız auditoriya deyil, Moskvada yaşayan və bizə qarşı olan rus, erməni ziyalılarının hamısı birləşsəydi, Azərbaycana və Türkiyəyə bu boyda pislik eləyə bilməzdi. Düşünürəm ki, yəqin elə ona görə də "Pravda qolosa" verilişində Azərbaycanın diaspor nümayəndəsi Samir Məmmədov türkiyəli ekspertin (oxu: Fuad Abbasovun) mövqeyinin Azərbaycanın mövqeyi olmadığını söylədi, "Türkiyəli ekspertin mövqeyi Azərbaycanın mövqeyi deyil, Azərbaycanın mövqeyini Azərbaycan tərəfi səsləndirəcək", - dedi. Doğrudur, Samir Məmmədov da auditoriyanı ələ almağa təşəbbüs göstərmədi, amma qıcıqlandırmaq da istəmədi, sadəcə olaraq, polemika mədəniyyəti nümayiş etdirdi, hamını səbirlə dinlədi, sonda aydın və lakonik şəkildə öz fikrini bildirdi. Düşünürəm ki, Azərbaycan həqiqətlərinin rus tamaşaçısına çatdılması nöqteyi-nəzərindən diaspor nümayəndəsinin bu çıxışı jurnalist həmkarımızın bütün çıxışlarından faydalı oldu.

Mətləbə dəxli var deyə, diqqəti Fuad Abbasovun Ölkə.az saytına verdiyi müsahibəyə (02.05.2016) yönəltmək, bir-iki məqamı qeyd etmək istəyirəm. Həmkarımız bilərəkdən, ya bilməyərəkdən təhrifə yol verir, deyir ki, Moskvada bir qayda olaraq, azərbaycanlı jurnalistləri verilişlərə dəvət etmirlər, ona isə Türkiyə təmsilçisi olaraq önəm verirlər, dəvət edirlər. Bir daha diqqətə çatdırmaq istəyirəm ki, Moskvada, o cümlədən bütün Rusiyada ictimai rəyə təsir edən telekanallara, reytinqli verilişlərə yalnız "ştatlı" qonaqlar və politoloqlar dəvət olunur. Verilişə dəvət olunan dövlət rəsmiləri də onlara nəzarət edir, lazım gəldikcə istiqamət verir. Əgər bu verilişlərdə ermənilərin sözü deyilirsə, mövqeyi müdafiə edilirsə, deməli bu, rəsmi mövqedir. Bu verilişlərin birində Azərbaycanın ərazisində "Krasnıy Kurdistan" axtaran laməkan bir kürdün peyda olması və hətta üzü üzlər görmüş "ştatlı" qonaqları heyrətə salması fikrimizi bir daha təsdiq edir. Yəni bu kanalların verilişlərinə Azərbaycanın və Türkiyənin xeyrinə söz deyəcək qonaqlar və politoloqlar dəvət olunmur. Əgər təsadüfən Fuad Abbasov kimi, tutaq ki, müstəqil jurnalistlər dəvət olunursa, onlardan da öz məqsədləri üçün istifadə edirlər və cəmiyyətə göstərib dövlət rəsmilərinin dili ilə deyirlər: "Baxın, belə adamları bu verilişlərə dəvət etmək olmaz".

Həmkarımız həmin müsahibəsində bəyan edir ki, onun Türkiyənin "İhlas" Xəbər Agentliyindəki işindən çıxarılması məhz Moskva telekanallarındakı verilişlərə çıxması, Azərbaycanın və Türkiyənin mövqeyini müdafiə etməsi ilə bağlıdır. Sözün qısası, guya Rusiya tərəfi onu sifariş verib və o, işini itirib. Yalnız siyasətlə maraqlananlara deyil, adi vətəndaşlara da aydındır ki, Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətində bu bəyanat nonsensdir. Əvvəla, yuxarıda qeyd etdik ki, Fuad Abbasov əgər Moskva kanallarında verilişlərə dəvət alırsa, deməli, ondan razıdırlar, o, qəbul olunan şəxsdir. Verilişdən sonra "ştatlı" qonaqların, hətta ermənilərin ona yaxınlaşması, əlini sıxması da bu razılığın əlamətidir. Təbii ki, mən də hesab edirəm F.Abbasovun "İhlas" Xəbər Agentliyindəki işindən çıxarılması Moskva telekanallarındakı verilişlərə çıxması ilə əlaqədardır. Amma ərz etdiyim səbəblərdən bu, Moskvanın sifarişi deyil. Sadəcə olaraq, həmkarımızın həmin verilişlərdə yaratdığı imic, sərgilədiyi səviyyə "İhlas" Xəbər Agentliyini qane etməyib və hamımızın təəssüfünə rəğmən, o, işini itirib.

Sonda həmkarımızın Moskvada Azərbaycanı jurnalist kimi təmsil etmək arzuları və iddiaları haqqında. Təbii ki, uğurlar arzulayırıq. Amma yuxarıda dediyimizi bir də təkrarlayırıq: Milyonların baxdığı, ictimai rəyin formalaşdığı telekanala çıxmaq, debatlara qatılmaq çətin məsələdir. Burda mövzunu yaxşı bilmək və hətta dəmir məntiqə söykənmək kifayət eləmir, eyni zamanda, diplomat olmalısan, auditoriyanı ələ almalısan, fikirlərini aydın və dəqiq surətdə publikaya çatdırmalısan. Mən hələ Moskvanı bilmirəm, elə Bakının özündə kifayət qədər bu keyfiyyətlərə cavab verən, Azərbaycanı Rusiyada təmsil edə biləcək, postsovet məkanında tanınmış yüksək səviyyəli rusdilli jurnalistlərimiz var…Axar.az
teref.az olaraq bu yazıda razılaşdığımız və razılaşmadığımız məqamlar çoxdur. Ona görədə hörmətli Fuad bəydən ona qarşı irəli sürülmüş ittihamlara cavab gözləyirik!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.