Nemət Pənahlı, Rəhim Qazıyev və Əlizadə qardaşlarının “Elçibəy nifrəti”...

17-05-2016, 16:40           
Nemət Pənahlı, Rəhim Qazıyev və Əlizadə qardaşlarının “Elçibəy nifrəti”...
Bu nifrətin kökündə nələr dayanır? KXCP sədri səbəblərdən danışdı
Azərbaycan siyasətində tanınmış simalar var ki, son 25 ildə fəaliyyətlərinin böyük bir hissəsini milli-azadlıq hərəkatının simvolu olan Əbülfəz Elçibəyi tənqid, hətta zaman-zaman təhqir etməyə yönəldiblər. Konkret adlar da çəkmək olar. Məsələn, hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı, Elçibəy hökumətinin müdafiə naziri olmuş Rəhim Qazıyev, ASDP sədri Araz və Zərdüşt Əlizadə qardaşları...

Adlarını çəkdiyimiz şəxslərin Elçibəydən nə istədiklərini anlamaq çətindir. Vaxtaşırı bu məsələ əsas müzakirə obyektlərindən birinə çevrilib. Hazırda da gündəmdədir. Səbəb də N.Pənahlının günlər öncə Elçibəyi növbəti dəfə xəyanətdə suçlaması və 1993-cü ildə onu təhqir etməyinə haqq qazandırması olub. Bu şəxslərin hər birinin “Elçibəy nifrəti”ni müəyyən qədər anlamaq olur. Belə ki, Əlizadə qardaşları Elçibəy komandasının iki dəfə istefaya məcbur etdiyi Ayaz Mütəllimovun tərəfdarları olublar. Qazıyevi isə məhz Elçibəy vəzifədən çıxarıb. Pənahlıya gəlincə, onun bu günədək davam edən radikal mövqeyi barədə fikirlər müxtəlifdir. Amma əksəriyyət onun Elçibəyə münasibətini AXC hakimiyyəti dövründə heç bir postda təmsil olunmaması ilə izah edir.

KXCP sədri Mirmahmud Mirəlioğlu bu 4 şəxsin Elçibəyə qarşı radikal mövqeyinə belə şərh verdi: “Rəhim bəyi, Əlizadə qardaşlarını və Nemət bəyi mövqelərinə görə digərlərindən ayırmaq lazımdır. Hər birinin Elçibəyə qarşı münasibətləri fərqlidir. O cümlədən Elçibəy komandasında olan insanlar var ki, onların da münasibətləri müxtəlif olub. Şəxsi, hətta nəsildən qaynaqlanan münasibətlər var. Məsələn, Əlizadə qardaşlarının Elçibəyə mövqeləri şəxsi deyil, atalarından gəlmə münasibətdir. Nemət bəydə də başqa səbəblər var. Bəyin sağlığında baş verən səbəblərdir. Rəhim bəydə məsələlər bir az qarışıqdır. Çünki Elçibəy hakimiyyətində təmsil olunub, Rəyasət Heyətinin üzvü olub. Azadlıq hərəkatından əvvəlki zamandan başlayaraq, Elçibəy hakimiyyətdən gedənə qədər çox proseslər var. Bu şəxslərlə üzbəüz məsələni həll etmək olardı. Bu nifrətin kökündə bir şey durur: Elçibəy böyüklüyü. Hətta dünyasını dəyişdikdən sonra da onunla barışmayan insanlar var. Dünyasını dəyişmiş şəxs bu gün bütövlükdə Azərbaycan siyasətinə hakimdir. Onu necə qəbul edəsən? Hakimiyyət, Bütöv Azərbaycan, Qarabağ, rus qoşunlarının çıxarılması və digər məsələlər, Elçibəyin ortaya qoyduğu konkret mövqe var. Nəticədə onunla rəqib olmaq istəyənlərin sayı çoxaldı. Bu gün hamımız, adını çəkdiyiniz və çəkmədikləriniz daxil olmaqla, hamı Elçibəyə uduzduğuna, özü də həyatda olmayan bir şəxsə məğlub olduğuna görə bunu müxtəlif cür qəbul edir. Mən mübarizə aparıram, meydan lideriyəm, azadlıq aşiqiyəm, millətimi sevirəm, mən, mən, yenə də mən... Amma faydası yoxdur. Çünki hamımız o kişiyə uduzuruq. Məsələnin kökü buradan qaynaqlanır”.

Azadlıq simvoluna həqarət yağdıranlara da Mirmahmud bəy cavab verdi: “Bu şəxslər haqqında, gördüyünüz kimi, hörmətlə danışdım. Onlara müraciətimi də onları görəndə etdiyim kimi etdim. Bu, məsələlərə yanaşma tərzim və tərbiyəmdən qaynaqlanır. Onlarla heç bir problemim yoxdur. Dünyasını dəyişmiş bir şəxs barədə danışmaq məsələsi əsasdır. Ortada iman məsələsi də var. Mən bilən Rəhim bəy ibadətlə məşğuldur. Deyəsən, Nemət bəy də ibadət edir. Burada bir az suallarım var. Çünki Nemət bəyin dilindən ibadətlə məşğul olduğunu eşitməmişəm. İbadət edən, imanı olan, Allahı ilə öz arasında rabitə yaradan şəxs Allahın yaratdığı insana, hətta həşərata belə diqqətli yanaşmalıdır. Amma bütün varlığı ilə Azərbaycana xidmət edən bir şəxs barədə bu cür danışmaq başqa şeydir. Bu xidmətlər çərçivəsində səhvlər də ola bilər və normaldır. Nemət bəy barədə danışmışam və əlavə şərh vermək istəmirəm. Bundan sonra kim Elçibəy haqqında nəsə desə, adekvat cavabını alacaq. Bu fağır bəndə onları cavabsız qoymayacaq. Özü də ağır cavablar olacaq. Ondan sonra kimsə susmayacaqsa, özü bilsin”.

Partiya sədri özlərini Elçibəy tərəfdarları kimi göstərib, liderlərinə deyilənlərə susanlar barədə də danışdı: “Təəssüfedici haldır. Elçibəy komandasında şəxslər olub ki, onun sağlığında ayağının altını qazmaqla, əleyhinə danışmaqla məşğul olublar. Özləri bilərlər. Açıq şəkildə cəsarətləri çatıb zamanında deyə bilmədiklərini deyənlər var. Amma gizli şəkildə Bəyin əleyhinə fəaliyyət göstəriblər. Bu gün Elçibəy və onun təşkilatının adından istifadə etməklə kimisə aldatmaq mümkün deyil. Ağlı kəsən hər kəs bilir ki, doğru nədir, yanlış nə. Hər kəs öz axtardığını tapacaq, bəlasını mütləq çəkəcək. Zamanında Bəyin əleyhinə çıxanların bu gün hər şeyləri var, amma əslinə qalsa, heç nələri yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.