Tehran bu ərəb ölkəsini necə “vurmaq” istəyir – İLGİNC DETALLAR

10-11-2022, 17:35           
Tehran bu ərəb ölkəsini necə “vurmaq” istəyir – İLGİNC DETALLAR
İranın kəşfiyyat naziri İsmayıl Hatib ölkədəki etirazlara görə ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanını günahlandırıb. İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələrin ərazisində sabitliyin pozulacağına dair xəbərdarlıq da edib. Daxildəki problemləri xarici qüvvələrin üzərinə yıxmağa çalışan İslam Respublikası rəsmisinin bu açıqlaması birmənalı qarşılanmayıb. Bu fikirlər daha çox diqqəti başqa istiqamətə yönəltmək kimi xarakterizə edilib.

TEREF.AZ xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, İran hər zaman daxildəki problemləri xarici ölkələrin üzərinə yıxıb: “Bu, daxili problemlərdən qaçmaq deməkdir. Ola bilər ki, hansısa xarici ölkələr İranın daxilindəki problemlərdən istifadə edir. Ancaq ilk növbədə İran öz daxili problemlərini həll etməlidir. Əksinə buna görə xarici ölkələri günahlandırmaqla problemlər həll olunmur. Molla rejiminin təhdidlərinə gəlincə, İran ABŞ-a hansı problem yarada bilər ki? Yaxud Böyük Britaniya və İsrailə də hər hansı bir problem yaratması mümkün deyil. İran bircə Səudiyyə Ərəbistanına qarşı müəyyən addımlar ata bilər. Hərçənd bunu indi də edir. Belə ki, Yəməndə uzun illərdir vətəndaş müharibəsi gedir və oradakı husilərin əli ilə İran Səudiyyə ərazisinə raket zərbələri endirir. Hətta Ər-Riyadın hava limanına qədər raketlər atılıb. Üstəlik Səudiyyədə şiə vilayəti var. İran oradakı şiələri ayağa qaldıraraq təlimat verə bilər. Amma bundan uzağa gedəcəyini düşünmürəm”.

Politoloq əlavə edib ki, İrandakı etirazlarda ABŞ, Fransa və Səudiyyənin əlinin olması mümkündür: “Oradakı narazılıqlardan istifadə edərək insanları daha da qızışdıra bilərlər. Üstəlik İranda kürd qrupları da var və ABŞ, İsrail, Fransa və Almaniya onlarla Yaxın Şərqdə əməkdaşlıq edir. Eyni zamanda Səudiyyənin də İrandakı ərəb azlıqları ilə Tehrana qarşı işləməsi mümkündür. Bütün bunlar baş verə bilər. Amma bu, İranda daxili problemlərin mövcud olmadığı anlamına gəlmir. Ona görə də, daxildəki problemlər həll olunmalıdır ki, başqa xarici ölkələr bundan istifadə etməsinlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.