Ermənistanın hərəkətləri iyun görüşünü poza bilər

25-05-2016, 00:49           

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra ermənilər atəşkəslə bağlı öhdəliklərinə əməl etmirlər.

Bunu Trend İnformasiya Agentliyinin Baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyevin sözlərinə görə, məlumdur ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra iyun ayında növbəti görüşün keçirilməsi nəzərdə tutulub: "Azərbaycan Vyana görüşünə diqtə edən tərəf kimi getmişdi. Bu görüş ermənilərə ona görə sərf edirdi ki, artıq Ermənistanda sabitlik pozulub, iqtisadi vəziyyət daha da ağırlaşıb və onlar bu görüşdən müəyyən bir vaxt udmağa çalışırdılar. Lakin bütün gedişat göstərir ki, ermənilər bu vaxtdan heç də atəşkəsə əməl etmək üçün istifadə etmirlər".

Politoloq qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ ərazisinə səfəri, orada qoşunların təmas xəttində və Azərbaycanın dinc sakinlərinin yaşadığı ərazilərə yaxın məsafələrdə hərbi təlimlərin keçirilməsi, Serj Sarkisyan tərəfindən baş qərargah rəisi müavininin və digər hərbçilərin işdən azad edilməsi göstərir ki, onlar atəşkəsi pozmağa meyillidirlər: "Bu isə çox acınacaqlı fəsadlara gətirib çıxara bilər. Ermənilər beynəlxalq ictimaiyyətə söz vermişdi ki, iyun ayı ərəfəsində atəşkəs pozulmayacaq, ancaq verdikləri sözü tutmurlar. Yenə də çalışırlar ki, status-kvo saxlanılsın və danışıqlar prosesi pozulsun. Əgər proseslər belə getsə, düşünmürəm ki, iyun ayında danışıqlar uğurla baş tutsun".

A.Nağıyev vurğulayıb ki, Türkiyədə keçirilən Dünya Humanitar Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi, Ermənistanın son vaxtlar verdiyi məsuliyyətsiz bəyanatları diqqətə çatdırdı və onları bir daha sülhə dəvət etdi: "Düşünürəm ki, ermənilər bundan da bir nəticə çıxarmasa, məhz beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almasa, bu, regionda ikinci müharibənin başlamasına zəmin yarada bilər".

Politoloq bildirib ki, Azərbaycanın müharibədən heç bir çəkinəcəyi yoxdur, Azərbaycan buna tam hazırdır: "Aprel döyüşləri bir daha bunu göstərdi. Azərbaycan Ermənistanla qarşı-qarşıya dayansa, öz torpaqlarını tez bir zamanda qaytara bilər. İstər siyasi, istər iqtisadi, istərsə də hərbi cəhətdən Ermənistan Azərbaycanla üz-üzə dayana bilməz. Çünki Ermənistanın müharibə aparmaq üçün heç bir potensialı yoxdur. Müharibənin hər günü çox böyük vəsaitə başa gəlir. Bu gün Ermənistanın elə bir gücü yoxdur ki, əsgərlərini ərzaqla, silahla və digər vasitələrlə təmin etsin. Müharibə Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.