Azərbaycan deputatları erməni həmkarlarıyla dialoqa gedəcəkmi? – SORĞU

25-05-2016, 01:41           

Ermənistana səfərini başa vuran ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə parlament dəstəyini artırmağa çağırıb.

K.Vigenin İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan, parlamentin vitse-prezidenti Eduard Şarmazanov və digər şəxslərlə görüşüb.

“Vyanada Ermənistan və Azərbaycan prezidentlərinin vacib görüşünün ardınca bu cəhdlərin parlament səviyyəsində də davam etdirilməsi çox vacibdir. İnsidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in mövcudluğunun genişləndirilməsi ilə bağlı prezidentlər arasında əldə olunan razılaşmalar zorakılıq risklərini azaltmaq istiqamətində mühüm addımlardır”, – deyə o vurğulayıb.

Vigenin parlamentlər səviyyəsində dialoqun sülh üçün əlverişli mühit yaradacağına inandığını deyib: “Parlament səviyyəsində iş tərəflərin Minsk qrupu çərçivəsində hərtərəfli həll üzrə danışıqlar üçün ciddi səylər istiqamətində siyasi iradəsini gücləndirə bilər. Buradakı danışıqlarım və həftəsonu Bakıda aparacağım danışıqlar əsasında dialoq və parlament səviyyəsində əməkdaşlıq üçün bəzi konkret ideyalar təklif edəcəyəm. Bu məsələləri iyulun əvvəlində Tiflisdə keçiriləcək ATƏT PA-nın illik sesiyasında müzakirə edəcəyik” (APA).

Bəs görəsən, Azərbaycan parlamentinin üzvləri bu barədə nə düşünür? Uzun illərdir ATƏT-in Minsk Qrupunun vasitəçiliyi çərçivəsində danışıqlar gedir və hələ də bir nəticə hasil olmayıb. Azərbaycan və Ermənistan parlamentləri arasında hər hansı dialoq bu danışıqlara, sülh prosesinə necə dəstək ola bilər? Belə bir dialoqa ehtiyac varmı?

Qafqaznews.az olaraq, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin sədri Azay Quliyevlə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz nəticəsiz qaldı.

O zaman, Milli Məclisin digər üzvlərinin məsələyə münasibətini öyrənməyə qərar verdik.

“Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı Qafqaznews.az saytına bildirdi ki, belə bir dialoqa ehtiyac yoxdur.

“Mən qəti olaraq belə bir dialoqun əleyhinəyəm. Çünki bu təklif özlüyündə Azərbaycanın işğal altındakı torpaqlarında “status-kvo” vəziyyətinin davam etməsinə, Ermənistanın maraqlarına sərf edir. Nə vaxt Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarını çıxarar, o zaman da istər xalqlarımız arasında, istər parlamentlərimiz arasında, istərsə də dövlət qurumları arasında münasibətlər bərpa oluna bilər. Lakin hazırkı vəziyyətdə bunda məna görmürəm. ATƏT-in Minsk Qrupu 20 ildən çoxdur ölkələr arasında danışıqlara vasitəçilik edir və ortada heç nəyə nail olmayıb. Prezidentlər səviyyəsində, XİN başçıları səviyyəsində görüşlər olur. Əgər Ermənistan tərəfi sülhə azca da olsun maraq göstərirsə, torpaqları boşaltmağa maraq göstərsin. Mən hazırkı vəziyyətdə deputatlar arasında dialoqun əleyhinəyəm və bu dialoqa gedən Azərbaycan deputatları da mənim tənqidimin hədəfi olacaq”, – deyə Fəzail Ağamalı bildirib.
Müstəqil deputat, politoloq Rasim Musabəyov isə düşünür ki, dialoqun heç vaxt zərəri olmur.

“Dialoq olan yerdə inkişaf üçün də zəmin var. Dialoqun ziyanı yoxdur, amma cüzi də olsa faydası ola bilər. Lakin deputatlar nəyin dialoqunu aparacaqlar və hansı nəticə əldə olunacaq? Sırf nəticədən söhbət gedirsə, ciddi nəticələr gözləmirəm. Görüşlər, dialoqlar çox olub, amma nəticə yoxdur. Parlamentarilər arasında da dialoq ola bilər. Əsas odur ki, bu dialoq gərginliklə, mübahisələrlə bitməsin”, – deyə R.Musabəyov vurğulayıb.

Qaradəniz PA-nın üzvü, xanım deputat Jalə Əliyevanın fikrincə, ermənilər təxribat törətməsələr, dialoqun nəticəsi ola bilər.

“Bu günə qədər Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, biz torpaqlarımızı öz gücümüzə də azad etməyə hazırıq, lakin münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik. Aprel ayında Azərbaycan sübut etdi ki, hər cür təxribata cavab verməyə hazırdır. Azərbaycan dəfələrlə dialoq masasına oturmağa hazır olduğunu bəyan edib, lakin təəssüflər olsun ki, hər dəfə Ermənistan tərəfindən müxtəlif təxribatlar müşahidə olunub. Ermənistan tərəfi BMT-nin qətnamələrinə, beynəlxalq hüquq normalarına riayət eləmir”, – deyə xanım deputat qeyd edib.

O, Azərbaycan deputatlarının da ölkə rəhbərliyinin yanında olduğunu vurğulayıb.

“Mən də deputat olaraq bu fikirlə razılaşıram. Lakin parlamentlər səviyyəsində dialoqun ciddi nəticələr verəcəyinə, nəyisə dəyişəcəyinə inanmıram. İnamımız yoxdur, çünki hər dəfə Ermənistan tərəfindən təxribatlar görürük. Əgər inansaq, bu görüşlərə getmək olar və Azərbaycanın haqlı mövqeyini erməni deputatatlar bir daha eşidə bilərlər. Prezidentimizin də qeyd etdiyi kimi, biz artıq qan axıdılmasının əleyhinəyik və səbrimiz tükənənə qədər dialoqlarda, danışıqlarda iştirak etməyə hazırıq”, – deyə Jalə Əliyeva əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.