Ermənistandan iyun görüşünü pozacaq açıqlama:“Qarabağsız hər hansı sənədi imzalamayacağıq”
27-05-2016, 00:24
Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin bəzi detallarını açıqlayıb.
Strateq.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin bugünkü iclasında çıxış edən nazir Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin heç bir sənəd imzalamadığını açıqlayıb.
Nalbəndyan həmçinin vurğulayıb ki, bundan sonra Dağlıq Qarabağ tərəf olaraq danışıqlar prosesinə daxil edilməlidir: “Bəzi məqamları aça bilərəm. Sizi əmin edirəm ki, Vyanada müzakirə olunan bütün işçi sənədlərdə, ATƏT-ə saxlanmaq üçün verilmiş qapalı paketlərdə Dağlıq Qarabağın danışıqlarda iştirak etməsi barədə bənd var. Dağlıq Qarabağsız hər hansı sənədin işlənib hazırlanması və imzalanması mümkün deyil”.
Nazir bildirib ki, Vyanda ATƏT-in Minsk Qrupu görüşün yekun sənədi ilə bağlı birgə bəyanat verilməsini razılaşdırıb: “Bu bəyanat beştərəfli də ola bilərdi. Lakin Azərbaycan bu bəyanatı imzalamaqdan imtina etdi. Nəticədə sənəd üçtərəfli olaraq ortaya çıxdı”.
Qeyd edək ki, Nalbəndyanın bu bəyanatı rəsmi Yerevanın planlaşdırılan iyun görüşünü pozmaq cəhdindən başqa bir şey deyil. Rəsmi Bakı Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda münaqişə ilə bağlı bütün detalların yalnız ümumi müzakirələrdən sonra razılaşdırmağın vacibliyini bildirib. Azərbaycan ilk növbədə işğal olunmuş torpaqların azad olunmasını, sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi haqqında danışıqların aparılmasını təkid edir. Rəsmi Bakı bu zaman Azərbaycanın ərazi bütövlüyünün heç bir halda müzakirə mövzusu olmayacağını dəfələrlə bəyan edib.
İndi Yerevanın Qarabağı danışıqlarda tərəf kimi ortaya çəkmək cəhdi daha çox Vyanada əldə olunan iyun görüşünü pozmağa hesablanmış addım kimi qiymətləndirilməlidir.
Məlumat üçün onu da bildirək ki, bu gün ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə planlaşdırılan görüşlərin vaxtını və yerini də açıqlayıb: xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş mayın 31-də Brüsseldə, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüş isə iyunun 2-də Parisdə olacaq.