“Çin iqtisadi təhlükəsizliyə ən böyük təhlükədir” – Niderland kəşfiyyatı
21-04-2023, 06:29

Niderland Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti (AIVD) qanunun aliliyinə qarşı artan daxili və xarici təhdidlər barədə xəbərdarlıq edərək, Çini “Niderlandın iqtisadi təhlükəsizliyinə ən böyük təhdid” adlandırıb.
“Anadolu Agentliyi” xəbər verir ki, hesabatla bağlı mətbuat konfransında danışan Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (AIVD) baş direktoru Erik Akerboom bildirib ki, Çin onların ölkələri üçün ən böyük iqtisadi təhlükədir.
O, həmçinin deyib ki, Çin Niderlandda yeni texnologiyaları hədəfləyir və daim bu texnologiyaları oğurlamağa çalışır.
AIVD 2022 hesabatında rəsmilər Ukraynadakı müharibə, casusluq fəaliyyəti və kiberhücumlar səbəbindən ölkəyə qarşı təhdidlərin artdığını bildiriblər.
Ətraflı
Bundan əvvəl Niderland hökuməti çip istehsal edən avadanlıqların və çip istehsalında istifadə olunan xammalın Çinə ixracına məhdudiyyətlər qoyduğunu bildirmişdi.
Hesabatda həmçinin bildirilir ki, radikal ideologiyalar, terror təhdidləri, kiberhücumlar, təxribat və mütəşəkkil cinayətkarlıq ölkədə qanunun aliliyinə xələl gətirir.
Bu arada Çin Xarici İşlər Nazirliyi Niderland kəşfiyyatının iddiasına reaksiya verərək, onları “bu cür qarşılıqlı faydalı əməkdaşlığı təhlükəsizlik məsələsi kimi təqdim etməsinə görə” məsuliyyətsiz adlandırıb. Mətbuat konfransı zamanı medianın sorğusuna cavab verən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin deyib ki, bu, ikitərəfli əməkdaşlıq atmosferini pisləşdirə bilər və Niderlandın maraqlarına xidmət etmir: “Ümid edirik ki, Hollandiya soyuq müharibə zehniyyətindən əl çəkəcək, Çin şirkətlərini, akademik qurumlarını və onların işçilərini ləkələmək üçün hipotetik bəhanələr yaratmağı dayandıracaq və Çinlə normal iqtisadi və akademik əməkdaşlığa dair açıq fikirli, rasional və obyektiv olacaq”.
Anadolu Agentliyi