NATO-nun baş katibi postu ilə bağlı razılaşma – Stoltonberq qalır, ya gedir?

1-07-2023, 00:06           
NATO-nun baş katibi postu ilə bağlı razılaşma –
NATO-nun baş katibi Yens Stoltenberq bu vəzifədə daha bir il qalacaq.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Politico” dərgisi özəl mənbələrə istinadla məlumat yayıb.

ABŞ rəsmisi bildirib ki, Stoltenberqin baş katiblik müddətinin uzadılması artıq müəyyən edilmiş məsələdir. Qərbi Avropanın yüksək rütbəli diplomatı məlumatı təsdiqləyib və bildirib ki, qərar gələn həftə rəsmiləşdiriləcək.

Şərqi Avropadan olan yüksək rütbəli bir diplomat və NATO rəsmisi də təsdiqləyiblər ki, Stoltenberqin səlahiyyət müddətini uzatmaq üçün Alyans daxilində konsensus var.

Qəzetin yazdığına görə, NATO-ya üzv olan ölkələr iyulun 11-12-də Vilnüsdə keçiriləcək Alyansın əsas sammitindən əvvəl baş katib postunu kimin tutacağına dair qərar qəbul etmək istəyiblər. Qeyd olunur ki, müttəfiqlər bu qərarı qəbul etmək üçün bir neçə ay sərf ediblər - mümkün varislər kimi Danimarkanın baş naziri Mette Frederiksen və Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin üzərində durulub.

“Politico” yazır ki, bu qərara Rusiyanın Ukraynaya müdaxiləsi təsir edib. NATO üçün siyasi baxımdan çətin bir zamanda ehtiyatlı ritorikası ilə tanınan təcrübəli siyasətçini bir sıra ölkələr dəstəkləməyə üstünlük verib.

Yens Stoltenberq Norveçin dövlət və siyasət xadimi, Norveçin keçmiş Baş naziridir. O, 2014-cü ildən NATO-nun rəhbəridir. Stoltenberqin baş katib postuna namizədliyini Almaniyanın o zamankı kansleri Angela Merkel təklif etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.