Gürcüstanda amerikalıların konsertində rusiyalıya görə etiraz olub VİDEO

17-08-2023, 11:44           
Gürcüstanda amerikalıların konsertində rusiyalıya görə etiraz olub VİDEO
Gürcüstanda ABŞ-ın The Killers musuqi qrupunun konsertində olan çox sayda tamaşaçı etiraz əlaməti olaraq tədbiri tərk edib.

Buna səbəb amerikalı musiqiçilərin Rusiyadan olan bir pərəstişkarı onlarla birlikdə mahnı ifa etmək üçün səhnəyə dəvət etməsi olub.

Xəbərdə deyilir ki, zalda qalanlar vokalçı Brendon Flauersə “orta barmaqlarını” göstərərək etiraz ediblər.

AzadlıqRadiosunun konsertdə olan müxbiri xəbər verir ki, öz növbəsində Flauers də tamaşaçılarla mübahisəyə girişib.

Xəbərdə deyilir ki, The Killers qrupunun Kobuleti şəhərində keçirilən konsertində musiqiçilər ənənəvi olaraq tamaşaçılardan birini onlarla birlikdə mahnı ifa etmək üçün zaldan səhnəyə dəvət ediblər.

Bu dəfə səhnəyə dəvət olunan tamaşaçının əlində saxladığı plakatda “If destiny is kind, I’ll be your drummer tonight” (Əgər bəxtim üzümə gülsə, bu gecə mən sizin təbilçiçiniz olaram) yazılmışdı.
Tamaşaçı ilə mübahisə
Qrupun solisti ondan bir neçə dəfə Gürcüstandan, yoxsa başqa bir ölkədən olduğunu soruşub, amma o kütlənin hay-küyünə görə cavabı eşidə bilməyib.

Bu vaxt tamaşaçılar səhnəyə bir rusiyalının çıxacağını başa düşüblər.

Bəzi tamaşaçılar “rusiyalı yox” deyə qışqırırdılar. Buna baxmayaraq Flauers “əgər bu oğlan rusiyalıdırsa, onun səhnəyə çıxması mənim üçün normaldır” deyib.

Qrup sözü gedən pərəstişkarla mahnı ifasına başlayanda narazı tamaşaçıların bir hissəsi zalı tərk edib, bir başqaları isə Rusiya barəsində təhqiramiz şüarlar səsləndirib.

Mahnının ifasından sonra solist orta barmağını göstərən tamaşaçılardan biri ilə söz güləşməsinə keçib:

"Sən qurtardın, yoxsa yox? Bura çıxmaq istəyirsən? Qalx bura. Sən başqa bir adamda öz qardaşını görə bilmirsən? Deməli biz hamımız sərhədlər və ölkələrə bölünmüşük? Sən bölünməni istəyirsən? Deməli mən də sənin qardaşın deyiləm? Mən sənin Amerikadan olan qardaşın deyiləm?”
Mübahisədən sonra Flauers fanatlarına deyib ki, o insanları birləşdirə bilməsi üçün öz qrupuna minnətdardır:

“Siz mənim qardaşlarım və bacılarımsınız”.

Amma bundan sonra da zalda qalanlar Flauersə təhqiramiz jest göstərməkdə davam ediblər. AzadlıqRadiosunun müxbiri bildirir ki, tamaşaçıların bir hissəsi musiqiçiləri dəstəkləyirdi.

Flauers zala Gürcüstan xalqı ilə həmrəy olduğunu deyib.
Qrup üzrxahlıq edib
Konsertdən sonra The Killers qrupu sosial şəbəkələrdə konsert zamanı anlaşılmazlıq olduğunu və onların səhnəyə çıxarılan şəxsdən narazılıq olduğunu başa düşmədiklərini yazıb.

Konsertin keçirildiyi Black Sea Arena konsert zalı da tamaşaçılardan üzrxahlıq edib.

Amma bundan sonra “Tbilisi radiosu” The Killers qrupunun mahnılarını efirindən yığışdırıb.

Bəzi gürcüstanlı musiqiçilər də The Killers qrupunun hərəkətlərindən narazılıq bildiriblər.

The Killers qrupu Las Veqas şəhərindəndir. Kollektiv 2002-ci ildə yaradılıb. Qrupun buraxdığı 7 studiya albomundan ilk beşi 25 milyon tirajla bütün dünyada satılıb.

“Mr. Brightside” (Cənab Braytsayd) və “Somebody told me” (Birisi mənə dedi ki...) qrupun ən tanınan mahnılarıdır.

Gürcüstan Rusiyanı onun Abxaziya və Cənubi Osetiya bölgələrini işğal etməkdə ittiham edir.

Bundan başqa Gürcüstanda bir çoxları Rusiya ilə müharibədə Ukraynanı dəstəkləyir.

Bununla belə rəsmi Tbilisi Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Moskva ilə yaxşı münasibətlərə can atır.
azadliq.org













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.