Fəridin anası ona hökm oxunmasından danışdı: - "Məni çox ağrıdır"

18-08-2023, 17:14           
Fəridin anası ona hökm oxunmasından danışdı: -
İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli haqqında son məhkəməsi olmadan hökm çıxarılıb.

Teref.az bildirir ki, bu baradə “Sherg.az”a Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib. O heç bir sübut olmadan verilən cəzanı qəbul etmədiklərini vurğulayıb:

“Fəridlə dünən danışdıq. Hakim son məhkəmə olmadan, Fəridə son söz vermədən, öz kabinetində 2 il həbs hökmü çıxarıb və Fərid artıq qərarı məktub şəklində alıb. Fərid də, mən də qərarla barışmırıq. heç bir sübut olmadan bu cəzanin verilməsini qəbul edə bilmərik: “Hökmün verilməsi üçün hakimin istinad etdiyi " sübutlar" da odur ki, Fərid İranda tutduğu evin kirayə pulunu avro ilə ödəyib və bununla da İran ərazisində qeydiyyata düşmək istəməyib. Halbuki ev yiyəsi özü təklif edib ki, avro ilə də ödəniş edə bilərsən. Fəridin kirayə tutduğu evə İrandan çıxmağa 4-5 gün qalmış gizli kamera quraşdırılıb və qızla ingiliscə olan danışıqlar qeydə alınıb. Məhkəmədə həmin səs yazıları və bu səsin farscaya tərcüməsi səsləndirilib, Fəridin deməsinə görə səs yazısında əslində heç bir sübut yoxdur, amma tərcümə çox ciddi təhrif olunub. Məsələn Fərid internet zəifliyindən mənimlə əlaqə saxlaya bilməməsindən qıza gileylənib, bunu məhkəmədə fars dilində Fəridin İranda kiminləsə görüşünün hansısa səbəbdən baş tutmaması kimi elan ediblər. Ona görə Fəridlə İranda başqa tərcüməçi tutub materiali yenidən tərcümə etdirməyə qərar verdik”.

D. Əsgərova deyib ki, vəkil hakimlə görüşəndə hakim qeyd edib ki, məhkəmə zamanı Fərid özünü dikbaş, yəni günahkar deyil, tələbkar kimi aparması onun xoşuna gəlməyib:

“ Sən bir məsum gəncin həyatını cəhənnəmə döndər və ondan özünə qarşı normal rəftar gözlə. Nə qədər anormal bir yanaşmadır.

Bu ədalətsiz hökm məni çox ağrıdır: illərini ver təhsil al, dillər öyrən, peşəni təkmilləşdir, çoxdan arzuladığın bir iş təklifi al, işə başlayana qədər gedib sevdiyinlə görüşməyi planla, axırda səni belə şərləsinlər. Fərid sonda mənə dedi ki, SEPAH-ın zindanında yaşadıqlarına baxmayaraq çıxandan sonra bütün bunları unutmağa çalışacaq, bu kiçik səhvdən böyük dərs alacaq və həyatında yenidən hər şeyi yoluna qoyacaq”.

Qeyd edək ki, Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərlinin martın 3-də İranda casusluq maddəsi ilə həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.