Tehran və Moskvanın hərbi əməkdaşlığı nə vəd edir? - Ekspert

23-08-2023, 10:04           
Tehran və Moskvanın hərbi əməkdaşlığı nə vəd edir? - Ekspert
"İranla Rusiya arasında hərbi əməkdaşlığın genişlənməsi Qərb dünyasının təzyiqlərini azaltmaq məqsədi daşıyır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli İranın Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin Moskvaya səfərini şərh edərkən deyib:

"İranla Rusiya arasında hərbi-siyasi sahələr üzrə əlaqələrin əsas kontentini Cənubi Qafqaz təşkil edir. Həmçinin, bu iki ölkə hazırda dünya birliyi, Qərb tərəfindən müəyyən təcridə məruz qalıblar”.

Ekspert deyib ki, Qərb üçün Rusiya ilə İran arzuolunmaz dövlətlərdir. "Azərbaycanın 44 günlük müharibə nəticəsində yaratdığı yeni geosiyasi reallıqlar İran və Rusiya üçün siyasi, iqtisadi və hərbi baxımdan öz imkanlarına yenidən baxması faktını ortaya qoydu. 44 günlük müharibə ilə Azərbaycan İranla 132 km.-lik dövlət sərhədini bərpa etdi. Bu və Zəngəzur dəhlizi məsələsi isə İranı qıcıqlandırıb”,- deyə İbrahim Rüstəmli vurğulayıb.

Həmsöhbətimiz hesab edir ki, Rusiyanın İranla müttəfiqliyi, hərbi əməkdaşlığı genişləndirməsi bir növ zamanın ortaya atdığı variant kimi dəyərləndirilə bilər:
”Ona görə də Qərbin təzyiqlərini neytrallaşdırmaq üçün Moskva ilə Tehran müttəfiq olmağa çalışır. Bu iki ölkə başa düşür ki, bir cəbhədə birləşməsələr, onları tək-tək sıradan çıxaracaqlar”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İranın Quru Qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin başçılıq etdiyi hərbi nümayəndə heyəti Moskvaya səfər edib. Səfər çərçivəsində hər iki ölkənin silahlı qüvvələrinin döyüş hazırlığının artırılmasını hədəfləyən layihələrin icrasına yönəlmiş hərbi əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.