Putinin sözləri erməni müxalifətini hərəkətə gətirdi: Paşınyan dalana dirəndi

13-09-2023, 00:03           
Putinin sözləri erməni müxalifətini hərəkətə gətirdi:
Putinin bu gün Şərq İqtisadi Forumunda Ermənistan hakimiyyətinin Qarabağ məsələsində kompromisə getmədiyi, sonra isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı üçün vəziyyəti indiki mürəkkəb hala gətirdiyi barədə iddialarına İrəvandan cavablar gəlməyə başladı.

Qeyd edək ki, Putin bugünkü çıxışında əslində təkcə Paşinyanın səhvindən bəhs etmir, 10-15 il boyunca Ermənistanda hakimiyyətdə olanların hamısının bu mövqeyi sərgilədiyini bildirirdi. Paşinyan cəmi 5 ildir hakimiyyətdədir, deməli Putin bu sözlərlə əslində onun sələflərinin bostanına da daş atırdı.

Ovqat.com-un məlumatına görə, Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın sədri olduğu Ermənistan Respublika Partiyasının (ERP) mətbuat katibi Eduard Şarmazanov bu gün jurnalistlərlə görüşündə deyib:

“Bu gün Putin açıq şəkildə bildirdi ki, Paşinyan Alma-Ata bəyannaməsi ilə Qarabağın Azərbaycana verildiyini söyləyərkən yalan danışır. Əgər əvvəlki bütün liderlər çoxdan Qarabağı təslim ediblərsə, o zaman Putinin Kəlbəcər, Laçın və Qarabağın Ermənistanın yurisdiksiyasında qalması barədə bəyanatını necə izah etmək olar?”.

Sözçü vurğulayıb ki, 2016-cı ilin aprelində Rusiyanın xarici işlər naziri Lavrov Bakının Kazan sənədindən imtina etdiyini bildirib: “Bu da Ermənistanın kompromis variantını rədd etdiyi iddiasına ziddir”.

Şarmazanov xatırladıb ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi Qarabağa ara statusunun verilməsini, Kəlbəcər, Laçın və Qarabağın Ermənistanın nəzarətində qalmasını və 5 rayonun Azərbaycana verilməsini təklif edib. Onun iddialarına görə, Paşinyana qədər Ermənistanın bütün hökumətləri bu kompomis varianta hazır olublar, sadəcə Azərbaycan bununla razılaşmayıb:

“Serj Sarkisyan bizim qırmızı xətlərimizi dəfələrlə bəyan edib. 2016-cı ilin aprel müharibəsindən sonra Putinlə birgə mətbuat konfransında o, “Artsax xalqı”nın öz müqəddəratını təyinetmə hüququna hörmət edilməsinin vacibliyini və İrəvanın kompromis variantının tərəfdarı olduğunu bəyan etdi.

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələnə qədər Azərbaycan həmişə destruktiv rol oynayırdı. Heç kim deyə bilməz ki, Nikol Paşinyandan əvvəl Ermənistanın hansısa lideri danışıqları dalana dirəyib.

2009-cu ildən 2013-cü ilə qədər Rusiya, ABŞ və Fransa liderləri 5 dəfə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə prinsipini kağıza köçürüblər. Lakin ATƏT-in Minsk Qrupunun keçmiş rusiyalı həmsədri İqor Popov birbaşa olaraq Nikol Paşinyanı danışıqları dalana dirənməkdə ittiham edib.

2009-cu ildə Türkiyənin xarici işlər naziri Davudoğlu Sürix protokollarının mətninə Dağlıq Qarabağla bağlı bir təklif daxil etmək istəsə də, Ermənistan xarici işlər naziri buna imkan verməyib, həm Rusiyadan, həm də ABŞ-dan dəstək alıb. İndi iş o yerə çatıb ki, Ərdoğan Paşinyana deyir: “Səssiz Əliyevin şərtini yerinə yetirin, ondan sonra sərhədi açaram””, - deyə Şarmazanov yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.