Biz Azərbaycanlılarda ermənilər kimi ....

26-09-2023, 08:54           
Biz Azərbaycanlılarda ermənilər kimi ....
Gultakin Hacibəyli yazır:
Beynəlxalq media həyəcan içindədir: "Ərdoğan Naxçıvana gəlib Zəngəzur dəhlizini açacaq".
Fransa xarici işlər nazirliyi iki həftədir "Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzə dözmərik" deyir.
Ondan öncə ABŞ rəsmisi "Azərbaycanın Qarabağdakı hərbi əməliyyatına dözmərik" deyirdi.
Bəs Azərbaycanın 20 faizinin işğalına 30 il necə dözürdünüz?!
"Ermənistana 3 min qaçqın gəlib, daha 120 min gələ bilər, bu dəhşətli fəlakətdir, Ermənistan bu yükü çəkə bilməz" deyə fəryad edirlər.
Bəs Azərbaycan bir milyon mülki vətəndaşın- qaçqın və məcburi köçkünün yükünü çəkəndə bu dəhşətli fəlakət deyildi?
30 il ağzımızı açan kimi bizi Minsk qrupuna göndərib azdırırdılar. O zaman buna "öz müqəddəratını təyinetmə hüququ" deyərdilər.
İndi öz ərazindəki tankla, topla silahlanmış terrorçuların tərksilah edilməsi "etnik təmizləmə", "soyqırımı" adlanır... )
Çox çəkmişik. Çox. Mən hələ nə qaçqın həyatı yaşamışam, nə məcburi köçkün. Qohumlarım yaşayıb. Ancaq bütün gəncliyim, bütün tələbəliyim depressiyada keçib.
Xocalıya görə gözümüzün yaşı qurumamış, Ağdamın dərdi bizi məhv edib. Sonra Füzuli, Cəbrayıl... Şəhid yaşıdlarımıza görə ağlamaqdan qəhr olmuşuq. 30 illik işğalın əzici mənəvi yükünü daşımaq isə hər şeydən ağır idi...
İndi özümdən asılı deyil, sanki ürəyimin yağları əriyir, 30 ilin ağırlığı sızlaya-sızlaya axıb sümüklərimdən çıxır sanki.
Ümid edirəm ki, bundan sonra biz azərbaycanlıların, biz türklərin də ermənilər kimi insan olduğumuzu, bizim həyatımızın da dəyəri olduğunu anlayarlar.
Məcburdurlar.
Çingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.