Volker Türk: Mülki şəxslərin qorunması mütləq prioritet olmalıdır

28-09-2023, 12:14           
Volker Türk: Mülki şəxslərin qorunması mütləq prioritet olmalıdır
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Qarabağda humanitar vəziyyətlə bağlı narahatlıq ifadə edib, mülki şəxslərin təhlükəsizliyinin, erməni əhalinin haqlarının qorunmasının vacibliyini vurğulayıb.

“Mən dərinləşməkdə olan kövrək humanitar vəziyyəti narahatlıqla izləyirəm. Etnik erməni əhalinin hüquqlarının qorunması və bütün hərəkətlərin beynəlxalq hüquq normalarına əsaslanması vacibdir. Bütün mülki şəxslərin müdafiəsi mütləq prioritet olmalıdır. Təsirə məruz qalanların humanitar yardıma çıxışı olmalıdır”, İnsan Hüquqları üzrə Ali Komissarlığın sentyabrın 26-sı yaydığı bəyanatda vurğulanıb.

Volker Türk köçkünlərin və qaçqın vəziyyətində olanların hüquqlarının, o cümlədən onların təhlükəsiz və layəqəti şəkildə geri dönmə imkanlarının təmin edilməli olduğunun qeyd edib, habelə itkin düşmüş şəxslər barədə məlumatlara xüsusi diqqət yetirilməsinə çağırıb.

“İnsan hüquqlarının və ya beynəlxalq humanitar hüququn pozulmasına dair bütün məlumatlar hesabatlılığın təmin edilməsi və zərərçəkənlərin kompensasiyası üçün operativ, müstəqil və şəffaf şəkildə araşdırmalıdır”, Türk əlavə edib.

Bəyanatda qeyd edilir ki, dövlətlər etnik, dini və ya linqvistik azlıqların öz mədəniyyətlərindən faydalanmaq, öz dinlərinə etiqad etmək və öz dillərində danışmaq hüququndan məhrum etməməyə borcludurlar. Həmçinin hər bir dövlət həmçinin öz ərazisində azlıqların mövcudluğunu və milli və ya etnik, mədəni, dini və linqvistik kimliyini qorumalı və bu kimliyin təşviqi üçün şərait yaratmalıdır.

Rəsmi Bakı Volker Türkün fikirlərini “qeydə aldığını”, Azərbaycanın mülki əhalinin qorunmasına sadiq olduğunu, ərazi bütövlüyü və suverenliyinin bərpası istiqamətində atdığı addımların beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirildiyini deyib.

“Ümid edirik ki, Ali Komissarın qurbanların hüquqları baxımından günahkarların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamətində çağırışlarına məhəl qoymayan beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə qəbul ediləcək”, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə qeyd edib.

Sentyabrın 26-sı BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı da bəyanat yayaraq, son günlərdə Ermənistana gələn qaçqınların sayının artması ilə bağlı narahatlıq ifadə edib, mülki şəxslərin müdafiəsinə, beynəlxalq humanitar və qaçqın hüququna hörmət etməyə çağırıb.

Ermənistana gələnlərin əksəriyyətinin həssas qruplar, o cümlədən yaşlı insanlar, qadınlar və uşaqlar olduğunu qeyd edən Qaçqınlar üzrə Ali Komissarlıq, təcili tibbi yardıma, həmçinin psixososial dəstəyə və gecələr dondurucu tempratur şəraitində təcili sığınacaqlara ehtiyac olduğunu vurğulayıb.

“Onilliklərlə davam edən və yenidən alovlanan bu münaqişə minlərlə insanı köçkün vəziyyətinə salıb. Komandalarımız bölgədədir və təcili yardım göstərməyə çalışır. Biz əmin olmalıyıq ki, mülki vətəndaşlar qorunsun və humanitar yardım ehtiyacı olanlara çatsın”, BMT-in Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib.

BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı mülki şəxslərinə köçürülməsinə səbəb olacaq hərəkətlərdən çəkinməyə, onların təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinə dair çağırışını təkrarlayıb. “Heç kim öz evindən qaçmağa məcbur edilməməlidir”, bəyanatda qeyd edilir.

Ermənistan Baş Nazirinin sözçüsü sentyabrın 27-si keçirdiyi brifinqdə Qarabağdan artıq 42 mindən çox insanın Ermənistana gəldiyini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.