Azərbaycana düşmən kəsilən konqresmenlər: - "Məşhurlar" siyahısındakı məlum adlar

3-10-2023, 17:40           
Azərbaycana düşmən kəsilən konqresmenlər: - "Məşhurlar" siyahısındakı məlum adlar
ABŞ Konqresinin 75 üzvü Prezident Co Baydenə müraciət edib.

Onlar Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, ABŞ-ın Bakıya hərbi yardımını dayandırmağa, Qarabağdan könüllü gedən ermənilərə humanitar yardım göstərməyə, Laçın yoluna beynəlxalq müşahidəçilər yerləşdirməyə çağırıblar.

ABŞ Prezidenti Co Baydenə məktubun təşəbbüskarları ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi və konqresmen Anna Eşu olub.

Sənədi imzalayan konqresmenlər “Azadlığa Dəstək Aktı”na ABŞ hökumətinin Azərbaycana hərbi yardım göstərməsini qadağan edən 907 saylı düzəlişin həyata keçirilməsini təklif ediblər.

Bundan əlavə, məktub müəllifləri Qarabağdan olan “məcburi köçkünlər”ə humanitar yardımın göstərilməsini və beynəlxalq ictimaiyyəti bu işə qarışmağa çağırmağı təklif ediblər.

Konqresmenlər separatçı rejimin nümayəndələrinə amnistiya verilməsi üçün Azərbaycanla birbaşa təmasların olmasını lazımlı hesab ediblər.

Beləliklə, ABŞ-dakı erməni lobbisinin təsiri altında olan konqresmenlər yenə yanlış yol tutaraq Ağ Evi Azərbaycana qarşı fəaliyyətə sövq etmək istəyirlər.

Bu konqresmenlərin fəaliyyətinə nəzərə saldıqda ABŞ-ın sanki dünyada ikinci erməni dövlətinə çevrilməsi təəssüratı yaranır. II Qaregindən artıq erməni olmağa çalışan bir çox Konqres üzvləri üçün Azərbaycana qarşı düşmənçilik əsas prinsipə çevrilib.

ABŞ elitasına güclü təsir vasitəsinə malik olan bu lobbi qrupu erməni diasporundan və Ermənistandan ianə adı altında aldıqları rüşvət hesabına mandat qazanmaq üçün Azərbaycana qarşı hər cür qarayaxma kampaniyası aparır. Bu cür hücumlar istər Azərbaycanla Ermənistan arasında müharibə dövründə, istərsə də atəşkəs zamanı davam edir.

Nensi Pelosi, Anna Eşu, Brend Şerman, Harri Piters, Bill Kessidi, Kris Van Hollen, Aleks Padilya, Şeldon Uaythaus, Bob Menendes kimi konqresmenlər Azərbaycanı əsassız ittiham etmək, ermənilərə xoş gəlmək üçün bütün beynəlxalq hüquq normalarını pozmağa hazırdır. Onlar Nümayəndələr Palatasında və Senatda özlərini ABŞ-ın deyil, Ermənistanın deputatı kimi aparır.

Hətta bu adamlar ermənilərin maraqları naminə ABŞ Prezidentinin səlahiyyətlərini məhdudlaşdırmağa belə hazırdır. Harri Pitersin və Bob Menendesin sentyabrın 22-də Azərbaycan əleyhinə Senata təqdim etdiyi qanun layihəsi ABŞ Prezidentinə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlşin icrasını dayandırmaq və ya ləğv etmək hüququnun qadağan edilməsini nəzərdə tutur.

Yəni erməni puluna olan hərislik, korporativ maraqlar onlar üçün ABŞ-ın dövlət mənafeyindən üstündür. Hətta Qarabağdan Ermənistana keçən erməni əhali özləri könüllü şəkildə köçdüklərini bildirməsinə baxmayaraq, konqresmenlər bu prosesdə zorakılıq izləri axtarmağa çalışır.

Qarabağdan gedənlər “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçdikdən iki-üç gün sonra Ermənistan ərazisində verdikləri müsahibələrdə belə, heç bir təzyiqə məruz qalmadıqlarını, özlərinin könüllü bu qərara gəldiklərini, Azərbaycan əsgərinin onlaqra çörək, qida, su verdiklərini dediyi halda konqresmenlər yenə də “məcburi köçkün”dən danışır. ABŞ-dakı erməni lobbisi nə erməniyə inanır, nə də BMT-nin əraziyə göndərilmiş xüsusi missiyasının hesabatına.

Qeyd edək ki, BMT-nin missiyası əraziyə baxışdan sonra dinc əhaliyə qarşı hər hansı zorakılığa yol verilmədiyini, mülki obyektlərə toxunulmadığını, hərbi zərbələrin yalnız hərbi obyektlərə endirildiyini bildirib.

Ancaq 2024-cü ildə ABŞ-da prezident və parlament seçkiləri keçiriləcək. Bu isə Konqresdəki erməni lobbisi üçün pul və mandat deməkdir. Azərbaycana qarşı münasibətin arxasında da nifrət və qərəzdən daha çox möhtəkirlik dayanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.