Dunya Miyatoviç: Qarabağ ermənilərinin insan hüquqları və təhlükəsizliyi təmin edilməlidir

4-10-2023, 12:17           
Dunya Miyatoviç: Qarabağ ermənilərinin insan hüquqları və təhlükəsizliyi təmin edilməlidir
Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Ermənistana köçənlər də daxil Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin qorunması, onların humanitar ehtiyaclarının qarşılanması üçün çağırış edib.

Oktyabrın 2-si yaydığı bəyanatda Qarabağda sürətlə dəyişən vəziyyəti yaxından izlədiyini bildirən Dunya Miyatoviç, Azərbaycanın son əməliyyatlarından sonra 100 mindən çox Qarabağ sakininin Ermənistana sığındığını vurğulayıb.

“Bu son sınaq onların 2020-ci ildən bəri məruz qaldıqları silahlı döyüşlərin, son doqquz ayda Laçın dəhlizi boyunca hərəkətin kəsilməsi, kəskin humanitar çatışmazlıqların humanitar və insan hüquqları ilə bağlı nəticələrinin ardınca baş verir”, Miyatoviç qeyd edib.

Dunya Miyatoviç BMT-nin müvafiq qurumlarının və vətəndaş cəmiyyətinin dəstəyi ilə Ermənistan hakimiyyətinin bu ölkəyə üz tutan Qarabağa sakinlərinə kömək məqsədi ilə göstərdiyi səyləri alqışlayıb, hər kəsin ehtiyaclarının təmin edilməsinə əmin olmaq üçün Avropa Şurasına üzv dövlətləri həmrəylik nümayiş etdirməyə və təcili olaraq bütün lazımi dəstəyi verməyə çağırıb.

Komissar bəyanatında həmçinin Azərbaycan hakimiyyətinin Qarabağ bölgəsinin və orada yaşayan insanların reinteqrasiyasına yönəlmiş bir sıra siyasi, inzibati və iqtisadi tədbirlərə başlamasını qeyd edib.

“Bu baxımdan, mən Azərbaycan hökumətini Qarabağ bölgəsində qalan etnik ermənilərin təhlükəsizliyinə və insan hüquqlarına zəmanət verməyə, onları hədə-qorxudan və nifrətdən qorumağa çağırıram. Yaralılar və ya tibbi yardıma ehtiyacı olan insanlar, qocalar, qadınlar və uşaqlar kimi həssas qruplar xüsusilə qorunmalıdır. Hakimiyyət orqanları, həmçinin, tərk edənlərin hüquqlarına, o cümlədən təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaq hüququna tam riayət olunmasını təmin etməlidir”, Komissar vurğulayıb.

Bəyanatda BMT-nin bu yaxınlarda Qarabağ bölgəsində ezam olunmuş missiyası qeyd edilərək, humanitar yardım göstərənlərin və beynəlxalq insan hüquqları missiyalarının bölgəyə maneəsiz çıxışını təmin etməyin vacibliyinə toxunulur.

Miyatoviç mövcud insan hüquqları problemlərinin aradan qaldırılmasına dəstək məqsədi ilə Ermənistan və Azərbaycandakı müvafiq tərəflərlə görüşlərə davam edəcəyini və bu kontekstdə tezliklə Ermənistana səfər edəcəyini açıqlayıb.

Rəsmi Bakı sentyabrın 19-da Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi və qanunsuz silahlı birləşmələrin sıradan çıxarılması üçün “lokal antiterror tədbirləri”nə başladığını bildirib. Sentyabrın 20-də Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın tələblərini qəbul etdikdən sonra hərbi əməliyyatlar dayandırılıb. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ Respublikası” buraxılıb.

Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib. Ermənistanın rəsmi mənbələrinə əsasən, Qarabağdan Ermənistana gələn sakinlərin ümumi sayı 100 mindən artıqdır.

Azərbaycan hökuməti isə öz növbəsində “erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa” çağırıb, ölkədə qalmaq qərarı verənlərin hüquqlarına hörmət ediləcəyini vəd edib.

Ötən həftəsonu Qarabağa səfər edən BMT missiyası yerli əhalinin hüquqlarının müdafiəsini təmin etmək üçün bütün lazımi səyləri göstərməyə çağırıb. “BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikası Hökumətinə dəstək olaraq və digər tərəfdaşlarla birlikdə çalışaraq Qarabağda qalan yerli əhaliyə və geri qayıtmaq istəyənlərə dəstək verməyə hazırdır”, bəyanatda qeyd edilir.

Almaniya Xarici İşlər Nazirliyi BMT missiyasının Qarabağa səfərini müsbət addım kimi qiymətləndirib.

“Azərbaycanın ilk dəfə olaraq BMT müşahidəçilərini Dağlıq Qarabağa buraxması müsbət addımdır. Onların daimi iştirakına ehtiyac var. Yalnız şəffaflıq Azərbaycanın regionun bütün sakinlərinin və geri qayıdanların hüquqlarını qorumaq vədinə inam yarada bilər”, Almaniya XİN oktyabrın 3-də X (keçmiş Twitter) səhifəsində qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.