Gürcüstanın Konstitusiya Məhkəməsində ölkə prezidentinin impiçmenti ilə bağlı dinləmələr keçirilir

5-10-2023, 11:19           
Gürcüstanın Konstitusiya Məhkəməsində ölkə prezidentinin impiçmenti ilə bağlı dinləmələr keçirilir
İkinci gündür ki, Gürcüstanın Konstitusiya Məhkəməsində ölkə prezidenti Salome Zurabişvilinin impiçment işi üzrə dinləmələr keçirilir. 80 deputatın imzaladığı impiçment ərizəsini məhkəməyə hakim “Gürcü arzusu” partiyasının üzvləri və parlamentin sədri İrakli Kobaxidze təqdim edib.

“Gürcü arzusu” iddia edir ki, Gürcüstan Konstitusiyasının 52-ci maddəsinə əsasən prezident xaricə səfərlər edərkən hökumət və parlament rəhbərliyi ilə razılaşdırmadığı üçün Konstitusiya qanununu pozur. Prezident tərəfi bu ittihamı rədd edərək, “Gürcü arzusu”nun bülə bir ittihama görə heç bir hüquqi əsası olmadığını və bunun siyasi məqsəd daşıdığını deyib.

Prezidentin özü dinləmələrdə iştirak etmir. Məhkəmədə onu “Gürcü arzusu” partiyasının keçmiş deputatı Tamar Çuqoşvili və Gürcüstan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Maya Kopalişvili təmsil edir.

Oktyabrın 3-də keçirilən ilk görüşdən sonra Zurabişvili “absurd və mövcud olmayan ittihamlar fonunda” keçirilən “məhkəmə prosesi zamanı psixoloji və mənəvi təzyiqlərə, eləcə də təhqirlərə məruz qaldıqları” üçün onu təmsil edən nümayəndələrə təşəkkür edib və “onlar prezidentlik institutunu layiqincə müdafiə etdilər” yazıb.

Məhkəmənin nəticəsinə gəlincə, Zurabişvili əvvəllər jurnalistlərə “Nə olursa olsun, amma hər şey yaxşı olacaq” deyib.

Konstitusiya Məhkəməsinin prezidentin impiçmenti iddiası ilə bağlı qərarının açıqlanması oktyabrın 15-də gözlənilir. Konstitusiyanın pozulduğu təsdiq olunarsa, parlament 10 gün ərzində məhkəmənin rəyini nəzərdən keçirəcək, sonra isə 30 gün ərzində məsələni səsverməyə çıxaracaq.

Demək olar ki, müxalifətin bütün deputatları bunun əleyhinə səs verəcəklərinə söz verib. Eyni zamanda, impiçment üçün deputatların 100 səsi lazımdır və “Gürcü arzusu”nun bu mərhələdə əldə edə biləcəyi maksimum sayı 88-i keçmir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.